Muəllif:

Təhsil haqqı ilə orta aylıq gəlir arasında anormal əlaqə var

Hazırda 34 dövlət və 15 özəl ali məktəb fəaliyyət göstərir. Ümumilkdə isə Azərbaycanda ödənişli yerlər 60 faizə yaxındır. Bu universitetlərdəki təhsil haqlarına gəlincə, TQDK-dan verilən məlumatda görə, I qrup ixtisasları üzrə dövlət ali məktəblərində illik təhsil haqqı 600 manatdan 1500 manatadək dəyişir. II qrup ixtisasları üzrə qiymətlər həm dövlət, həm də özəl universitetlərdə xeyli yüksəkdir. Müxtəlif ixtisaslar üzrə qiymətlər 600-700 manatdan başlayaraq 4000 manatadək yüksəlir. III qrup ixtisaslarını əhatə edən ödənişli fakültələr dövlət universitetlərində daha çoxdur. Burada ən bahalı fakültələr hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər və regionşünaslıqdır. Bu fakültələrin illik haqqı dövlət universitetlərində 1500-2500 manatdırsa, özəl universitetlərdə qiymətlər 2800 manatdan başlayıb 3500 manatadək yüksəlir. IV qrup ixtisasları çoxluq təşkil etmir. Burada qiymətlərdə də bahalıq deyil. Tibb Universitetinin müalicə işi, pediatriya, stomatologiya fakültələri 1000 manatdır.
Ali məktəblərdə təhsil haqları hər il artır. Bu kampaniyada özəl universitetləri hardasa anlamaq olar. Ancaq bu kampaniyaya dövlət tərəfindən yetərincə maliyyələşdirilən ali məktəblərin qoşulması və hətta, bəzi ixtisaslar üzrə təhsil haqlarının özəl universitetlərdəki rəqəmlərdən yüksək olması təəssüf hissi doğurur. Həmin universitetlər ki, son 20 il ərzində dünya universitetlərinin reytinq siyahısında normal yerə daxil olmağı bacarmayıb. Tədrisin bütün illərində tələbələrə verilən təlim-tərbiyə sovet sterotiplərindən azad olunmayıb. Uzun, yorucu mühazirə və seminarlar tədrisin əsas qayəsin təşkil edir. Bu kimi faktları digər dövlət universitetləri üçün də sadalamaq olar. Bir sözlə onlarda tətbiq olunan ödəniş haqları nə vətəndaşların gəlirlərinə , nə də təhsilin keyfiyyətinə uyğundur. Təhsil Nazirliyinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, bütün ali məktəblərdə təhsil haqqı Tarif Şurasının qərarı ilə tənzimlənir. Heç bir müəssisənin, onun rəhbərinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə, qiymətləri özbaşına qaldırmağa ixtiyarı yoxdur. Nazirlik rəsmilərinin sözlərinə görə, ali məktəblərdə təhsil haqlarının qaldırılması, yaxud da ona hansısa dəyişiklik edilməsi Tarif Şurası tərəfindən həyata keçirilə bilər. Hər halda Tarif Şurasında Təhsil Nazirliyinin də nümayəndəsi var. Yalnız Tarif Şurasının qərarı ilə təhsil haqqı artırıla və ya azaldıla bilər. Kim özü öz qərarı ilə bu addımı atırsa, səhv qərardır.
Nazirlikdən təhsil haqqını qanunsuz qaldıran universitet rəhbərliyinin qərarının ləğv ediləcəyi bəyan edilsə də, artıq həmin ödənişli fakültələrə daxil olan tələbələrin diqqətinə çatdırılır ki, illik ödənişi yeni artım formasında aparmalıdırlar…
Bu məsələyə münasibət bildirən, təhsil sahəsi üzrə ekspert Etibar Əliyev bildirir ki, belə bir şəraitdə təhsil haqlarının qaldırılması yolverilməzdir: «Universitet rəhbərlərinin gətirdiyi arqument belədir ki, guya Tarif Şurası qərar verib. Amma bu əsassız arqumentdir. Belə götürək ki, özəl tədris müəssisələri qiyməti qaldırıb, onların dövlətdən bir o qədər asılacağı yoxdur. Bəlkə də dövlət büdcəsindən maliyyələşmədiklərini əsas gətirib, xərclərinin qarşılanmadığına görə tarifləri artırıblar. Bəs, 100 faiz büdcədən maliyyələşən dövlət ali məktəblərində təhsil haqları niyə get-gedə yüksəlir? Görünür, onların rektorları da istədikləri özbaşınalığı edirlər. Hesab edirəm ki, dövlətin bu sahəyə tam nəzarətsizliyi hökm sürür. Hətta deyərdim ki, Təhsil Nazirliyinin heç bir nəzarəti yoxdur».
Son illər təhsil haqlarının dəfələrlə artdığını vurğulayan ekspert bildirir ki, dövlət ali təhsil məktəblərinin sərbəst tarif siyasətinin qarşısına çıxan yoxdur. E.Əliyevin fikrincə, Azərbaycanda elə bir özəl məktəb yoxdur ki, orada təhsilin səviyyəsi xidmət tariflərinə uyğun olsun: «Özəl məktəblərin çoxunda dövlət ali məktəblərinin magistrantları gedib dərs deyir. Digər tərəfdən əgər o ali məktəblərin diplomları sərhəddən kənarda tanınmırsa, orada hansı xidmət səviyyəsindən danışmaq olar?».
«Təhsil haqları üçün maksimum limit müəyyən edilsin!»
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəbəri Vüqar Bayramov deyir ki, Azərbaycanda təhsil haqları olduqca yüksəkdir və bunun nəticəsində bir çox abituriyentlər ali təhsil ala bilmir:
«Qiymətlər baha olsa da, hər bir valideyn istəyir ki, övladına ali təhsil versin. Bundan istifadə edən ali məktəb rəhbərləri də təhsil haqqını ilbəil artırır. Buna rəğmən təhsilin səviyyəsi hər il daha da düşür. Nəticədə bir o qalıb elan olunsun ki, ali təhsil tamamilə pulludur». Bu gün dövlət universitetlərinə daxil olan tələbələr üçün yüksək olan tək ödəniş haqları deyil, elə imtahanlar üçün verdikləri qeyri-rəsmi vəsaitlər də kifayət qədər ciddi rəqəmlərdir.
İqtisadçı dövlət ali məktəblərində təhsilin keyfiyyətində ciddi irəliləyiş olmadığını narahatlıqla vurğuladı: «Təhsilin keyfiyyəti yox, amma təhsil haqları durmadan artır. Bütün hallarda təhsil haqları təhsilin keyfiyyətinə uyğunlaşdırılmalıdır. Baxın, xarici ölkələrdə tələbənin universitetin texniki imkanlarından yararlanmağı da təhsil haqqına daxildir. Ancaq Azərbaycanda bu mümkün deyil. ABŞ-da hətta tələbənin pulsuz kserokopiya, pulsuz çap, elektron kitabxanadan istifadə imkanları var. Azərbaycandan bu kimi imkanlar yaradılmır». Onun fikrincə, universitetlər ƏDV-dən azad olunanda güman edilirdi ki, ali məktəblərdə ödəniş haqları aşağı salınsın: «Amma təəssüf ki, bu baş vermədi». Fikirlərinə, başqa ölkələrin müqayisəli təhlili ilə aydınlıq gətirən ekspert deyir ki, Azərbaycan universitetlərindəki ödəniş haqları Avropanın sosial-iqtisadiyyata malik ölkələri ilə müqayisədə yüksəkdir: «Avropanın inkişaf etmiş ölkələrindən olan Almaniyadakı təhsil haqlarından təxminən 4 dəfə çoxdur. Təsəvvür edin, Türkiyədə dövlət universitetlərindən ödəniş haqları deyilən bir şey yoxdur. Çünki onlar dövlət tərəfindən maliyyələşdirildiyi üçün əlavə təhsi haqqı imkanları yaradılmayıb. O cümlədən digər ölkələrlə müqayisə etdikdə məsələn, Rusiya, Ukraynadakından daha yüksəkdir». V.Bayramov hesab edir ki, təhsil haqlarının yüksək olmasının səbəbi o universitetlərdə təhsil almağa tələbatın olmasıdır: «Azərbaycanda çox ailələr hətta borc kredit hesabına olsa da, uşaqlarının ödənişli təhsil almasına çalışırlar. Bir halda, ƏDV-dən azadolunma, təhsil haqlarının azaldılmasına gətirib çıxarmırsa, onda nə üçün hökumət onlara 18 faiz xeyr verilməlidir. Dövlət ali məktəbləri ƏDV-yə cəlb etməklə dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi yaratmaq olar».
İqtisadçının qənaətinə görə, dövlət universitetlərdə təhsil haqları nəinki verilən təhsilin keyfiyyətinə uyğun gəlmir, eyni zamanda, ölkədə orta aylıq əmək haqqı ilə uzlaşmır: «Əgər ölkədə orta aylıq əmək haqqı 410 manatdırsa, o zaman artıq bir universitetin 9 aylıq təhsil üçün 3 min manat tələb etməsi doğru deyil. Bu kifayət qədər yüksək rəqəmdir. Belə olan halda 300-400 manat əmək haqqı alan şəxs bütöv aylıq gəlirini bir övladının təhsil haqqının ödənilməsinə sərf etməlidir. Ona görə gördüyünüz kimi təhsil haqları ilə orta aylıq gəlirlər arasında anormal fərq var. Təəssüf ki, dövlətin stimullaşdırma tədbirləri də təhsil haqlarının azaldılmasına səbəb olmayıb».
Ekspertin qənaətincə, təhsil haqlarının ilbəil artmasını nəzərə alsaq daha məqsədəuyğundur ki, təhsil haqları üçün maksimum limit müəyyən edilsin. «Qiymət tavanı müəyyən edilsin. Bu zaman ali məktəb rəhbərlərin həmin qiymət tavanından yüksək qiymət müəyyəndirməsinə və ilbəil artırmasına imkan verilməz. Ali məktəblər tələbələrə daha az təhsil haqqı təklif etmək məcburiyyətində qalar», — deyə o vurğuladı.
Bayramov hesab edir ki, eyni zamanda, ali təhsildə Rus təhsil modelindən Fransız təhsil modelinə keçməyə ehtiyac var. Məsələn, dövlət universitetləri arasında nə üçün hüquq, jurnalistika, maliyyə və s. ixtisaslar sadəcə bir ixtisaslaşmış universitetdə olmalıdır. Eyni ixtisasların müxtəlif universitetlərdə olması universitetlər arası rəqabətə və nəticə etibarı ilə, eyni zamanda, təhsil haqqlarının aşağı düşməsinə gətirib çıxara bilər.
Dövlət universitetlərə kifayət qədər diqqət göstərmir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev isə bu kimi problemlərin kökünü düzgün formalaşmayan büdcədə və dövlət tərəfindən bu universitetlərə diqqətin kifayət qədər olmamasında görür. Onun sözlərinə görə, təhsil haqları bir başa universitetin büdcəsinə daxil olmadığından müəssisələr onun istifadəsində də sərbəst deyillər: «Dövlət universitetlərinin büdcəsi düzgün formalaşmır və bununla bağlı qanunda dəyişikliyə ehtiyac var. Məsələn, əgər hansısa bir dövlət universiteti kitabxana tikmək istəyirsə, o bundan ötrü xeyli instansiyalara müraciət etməlidir. Halbuki, bu universitetin qazandığı öz vəsaitləridir. Buna görə də özəllər vaxtlarını və pullarını daha sərfəli istifadə edə bilirlər. Həm də əgər dövlət tərəfindən hər hansı bir layihənin həyata keçirilməsi üçün universitetə vəsait artırılıbsa, o pul ilin sonunacan mütləq xərclənməlidir. Qalıq olarsa bu vəsaitlər gələn ilə saxlanılmır. Qaydalara görə, yanvarın 1-dək bütün universitetlərin büdcəsi «0? manat olmalıdır. Bu da bəzən vəsaitlərin lüzumsuz xərclənməsinə şərait yaradır, çünki, tələm-tələsik bu pullar nəyəsə xərclənməlidir».
Yeri gəlmişkən, dövlət büdcəsindən ali təhsilə ayrılan vəsait 2010-cu ildə 127,7 milyon, 2011-ci ildə 150,2 mln, 2012-ci ildə isə 140 milyon olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 601