Tehranda Türk-Fars şüar mübadiləsi. Yaşasın Azərbaycan! Traktor qəhrəman!
Tehranda martın 8-də ölkə çempionatı çərçivəsində Təbrizin “Traktor” futbol komandası ilə Tehranın “İstiqlal” komandası qarşılaşıb. Bu oyun bir tərəfdən fars və erməni, qarşı tərəfdə isə şərəfli Türk gəncliyinin xarakterik şüar mübadiləsi ilə müşayiət olunub. “Azadi” stadiondakı bu oyunu 75 min fanat izləyib. Onlardan təqribən 35 mini “Traktor”u, qalanları isə qarşı komandanı dəstəkləyib. Oyundan əvvəl polis “Traktor” fanatlarının üst-başını yoxlayaraq stadionda plakat açmalarına icazə verməyib. Bəlli olduğu kimi, bundan öncə Təbriz stadionunda ingiliscə «Güney Azərbaycan İran deyil!» şüarı fars şovinistlərini yerindən oynatmışdı. Təsadüfi deyil ki, srağagün “İstiqlal” fanatları üzərində farsca “Azərbaycan İranın ayrılmaz parçasıdır” yazılmış plakat açıblar…
Bunu görən bir neçə azərbaycanlı gənc plakatı cırim-para ediblər. Tərəflər arasında kiçik insident də yaşanıb. Qarşılaşmanın ilk dəqiqələrində “İstiqlal” fanatları “Azərbaycan İrandır!”, “Traktor”un qaynar fanatları isə özlərinin sevimli “Yaşasın Azərbaycan, “Traktor” qəhrəman!” şüarlarını səsləndiriblər. Sonrakı dəqiqələrdə “İstiqlal” fanatları çirkin mövqelərini üzə çıxararaq öz «əmioğlu qohumlarının» — Ermənistanın bayrağını qaldırıblar. Bu isə Türk fanatları hiddətləndirib. Bu xainliyə cavab olaraq “Traktor” fanatları “Qarabağ bizimdir, bizim olacaq!”, “Körfəz ərəblərindir”, “Biz hara, farslar hara?” şüarlarını səsləndiriblər. Diqqətdən qaçmayıb ki, polislər Ermənistanın bayrağı qaldıranları intizama dəvət etməyib…
Hələ fevralın 26-da Təbrizdə “Traktor” ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” klubu arasındakı görüşdə “Traktor” fanatları ingiliscə “Güney Azərbaycan İran deyil” və “1992 Khojali Genocide” yazılmış plakatlar qaldırıblar. Bu plakatlar fars şovinist çevrələrində mənfi rezonans doğurub, polis orqanları 100-dən çox soydaşımızı həbs etmişlər. Lakin 35 milyon Türkün həssasiyyəti ilə oynamaq zordur, bu qədər insanın hamısını həbs edə bilməzlər təbii…