Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb
Əhalisinin az qala yarısını türklər təşkil edən Tehranda havanın çirkli olması səbəbilə hər il 4 mindən çox insan vəfat edir. Bunu İran Parlamentinin Ətraf mühit məsələləri komitəsinin üzvü Mehrdad Lahuti deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
M.Lahuti bildirib ki, Tehranda havanın həddən artıq çirkli olması paytaxt sakinləri üçün ciddi problemlər yaradır və onlar arasında ölüm hallarının sayının artmasına səbəb olub.
Onun sözlərinə görə, Tehranda havanın çirklənməsinə gətirib çıxaran başlıca amil nəqliyyat vasitələridir: «Hazırda əhalinin 40 faizi ictimai nəqliyyatdan istifadə edir. Əhalinin 60 faizi isə öz şəxsi avtomobili ilə gediş-gəliş edir».
Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə dəfələrlə tətil olub. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.