Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin arxada qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 52 nəfər təşkil edib. Ötən müddətdə 64 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə həyatını itirənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 44-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa, C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 10 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 5 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib. Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (64 nəfər), onların 12-i qeyri- nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 32-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 41 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.