Tədqiqat nüvə reaktorunun tikintisi ilə bağlı layihə dondurulub
MEA Radiasiya Problemləri İnstitutunun Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birgə həyata keçirilən «Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisinin əsaslandırılması» layihəsinin icrası dondurulub. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.
O qeyd edib ki, icrasına 2009-cu ildə başlanılan layihə 2011-ci ildə yekunlaşmalı olsa da, onun icra müddəti daha iki il — 2013-cü ilə kimi uzadılıb: «Layihə başa çatmasa da, dondurulub. Çünki bu layihə üzrə Azərbaycan dövləti tərəfindən siyasi qərar verilməlidir. Dövlətin isə bu məsələ ilə bağlı son qərarı verilməyib».
A.Qəribov deyib ki, tədqiqat nüvə reaktorunun tikintisi üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunur. Tikinti ən aşağısı, 250-300 milyon manata başa gələcək. Bu vəsaiti isə Azərbaycan dövləti ödəyəcək: «Belə halda, buna da cavabdeh Azərbaycan dövləti olmalıdır. Buna görə də biz gözləyirik ki, hər şey ölçülüb-biçilsin».
A.Qəribovun sözlərinə görə, layihə dondurulsa da, AEBA-nın dəstəyi ilə nüvə sahəsi üzrə kadr hazırlığı davam etdirilir: «Layihə ilə bağlı konkret olaraq bizim tərəfimizdən də, agentlik tərəfindən də tələb olunan işlər görülüb. Ancaq siyasi qərarın verilməsi bizə aid deyil. Nə zaman siyasi qərar verilsə, onda da layihə davam etdiriləcək».
İnstitut direktoru bildirib ki, artıq Azərbaycanda reaktorda işləyə biləcək kadrlar var.
Qeyd edək ki, reaktorun Bakıətrafı ərazidə tikilməsi nəzərdə tutulur. Amma bu, dövlətin qərarından asılı olacaq. Reaktorun tikilməsi üçün ayrılmış yer dünya təcrübəsinə uyğun seçilib. Həmin yer heç bir yaşayış ərazisi ilə təmasda deyil. Bu yer geoloji nöqteyi-nəzərdən tədqiq olunub və reaktorun tikilməsi üçün yararlı hesab edilib.