Muəllif:

Təbriz prokuroru: Aclıq edənlər hələ ölməyib?!

Təbriz şəhərinin mərkəzi həbsxanasında iyulun 13-dən aclıq aksiyasına başlamış tanınmış azərbaycanlı fəallar naməlum yerə köçürülüb. Güney qaynaqlarına istinadən, iyulun 19-da axşam saatlarında Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü Şəhram Radmehrin mədəsində bərk ağrılar olub. İyunun 20-də səhər saatlarında mədəsində qanaxma baş verən azərbaycanlı fəal həbsxananın daxili xəstəxanasına aparılıb. Ancaq Ş. Radmehr saat 14:30-da xəstəxanadan qayıdan zaman digər 4 məhbəs yoldaşının — Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Mahmud Fəzli və Behbud Quluzadənin başqa yerə aparıldığını və hətta onların əşyalarının həbsxananın anbarından belə götürüldüyünü görüb. Azərbaycanlı fəalların hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasında olmadığı bildirilir. Onların harada olduqları ilə bağlı məlumat yoxdur. Azərbaycanlı fəallar Təbriz İnqilab Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyasına əl atıblar.

Qeyd edək ki, Ş. Radmehrin anası Əzizə Mövlayi iyulun 18-də jurnalistlərə açıqlamasında bildirib ki, oğlunun və aclığa qatılan digər fəalların səhhəti ilə maraqlanmaq üçün hər gün Təbriz zindanına gedir: “Hazırda onların səhhəti pisdir. Məsələ ilə bağlı Təbriz prokuroru Xəlilullahinin yanına getmişdik. Bizi görən kimi aclıq edənlərin hələ ölüb-ölmədiyini soruşdu. Məndən və digər aksiyaçıların analarından övladlarımızın yanına gedib onları aclığı dayandırmağa məcbur etməyimizi istədi. Övladlarımızla görüşəndə aclığı dayandırmaları üçün çox israr etdik. Onlar isə zülmə baş əyməyəcəklərini, onlara qarşı çıxarılan ədalətsiz həbs qərarı ləğv edilənə qədər aclığı davam etdirəcəklərini bildirdilər. Onları bir neçə dəfə zindanın klinikasına aparıblar. Sistem qoşmaq istəyiblər, amma aksiyaçılar buna imkan verməyib”.

Onun sözlərinə görə, Təbriz prokuroru fəalların ailə üzvlərini təhdid edərək deyib ki, fəallar aclığı dayandırmasalar, ölkənin ən ucqar yerlərindən birinə sürgün edilə bilərlər. Məlumata görə, 5 fəal da aclıq aksiyası nəticəsində xeyli arıqlayıb. Onlar 8 gün ərzində 5-6 kiloqram çəki itiriblər və ən çox da böyrək ağrısından əziyyət çəkən B. Qulizadə arıqlayıb. Azərbaycanlı fəalların sağlıq durumu yaxşı deyil və təzyiqləri də aşağıdır.

Xatırladaq ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172