Muəllif:

Təbriz divarlarında azadlıq şüarları

Güney Azərbaycan türk gəncliyi sırasından həbsə atılmış fəallar barədə yeni xəbərlər var. Məsələn, tələbə Əfsanə Toqirin Apelyasiya Məhkəməsinə şikayəti nəticə verməyib. Şərqi Azərbaycan Əyalət Apelyasiya Məhkəməsinin 6-cı şöbəsi məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb.
Təbriz Universitetinin tələbəsi, universitetin «Azərbaycanşünaslıq Ocağı»nın mərkəzi şurasının üzvü xanım Əfsanə Toqir ötən il mayın 21-də Təbriz Universitetinin qarşısında ETTELAAT məmurları tərəfindən tutulub. Məhkəmə tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilmişdir.
Toqir 23 gün saxlanıldıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı. Bir müddət sonra isə Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsi tərəfindən «sistemin əleyhinə təbliğat ittihamı» ilə 1 il şərti həbs cəzasına məhkum olunub.
Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin məşhur hakimi Həmlbər Əfsanə Toqirlə birlikdə daha bir neçə başqa fəal, o cümlədən, Məhəmməd İsgəndərzadə, Vəhid Həbib-Çeşmə və Vəhid Rastqunu «Susma» adlı dərginin çapı və yayılmasında əməkdaşlıq edib milli təhlükəsizliyə təhdid yaratmaq və İslam Respublikası əleyhinə təbliğat aparmaqda» təqsirləndirmişdi.
Xatırladaq ki, 2012-ci il fevralın 26-da İranın Azərbaycan şəhərləri və Tehranda yayılmağa başlayan «Susma» dərgisinin birinci nömrəsi Xocalı Faciəsi və Qarabağ mövzusuna həsr edilmişdi. Muxtəlif nömrələrini İranda azərbaycanlıların iqtisadi çətinlikləri, qadın haqları və Urmiya gölünün quruması kimi ictimai məsələlərə həsr edən dərginin əməkdaşları 9-cu nömrəni yaydıqdan sonra «Susma»nın nəşrinə son verdilər.
İctimai fəallar Məsud Hüseynzadə və Haşım Mirzadə də məhkəmədə «Susma» dərgisi ilə əməkdaşlıq ittihamı ilə qarşılaşıblar. Son aylar Məhəmməd İsgəndərzadə, Vəhid Həbib-Çeşmə, Vəhid Rastqu və Məsud Hüseynzadə 6 ay həbsdən sonra Təbriz zindanından azad ediliblər.
Azərbaycan milli kimliyi uğrunda mübariz İbrahim Nuri bir neçə gün əvvəl tutulsa da, xəbər yenicə yayılıb. ETTELAAT-ın Əhər şöbəsinin əməkdaşları İbrahim Nurini yanvarın 18-də bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, gənc fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın hazırda harada saxlandığı, konkret nədə təqsirləndirildiyi bilinmir. İbrahim Nuri milli zəmində apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub, mülk girovu qarşılığında azadlığa buraxılıb.
Xoy Azad Universitetinin tələbəsi, indiyədək bir neçə dəfə həbsə məruz qalan Salman İraqinin də Xoy şəhər məhkəməsində növbəti prosesi keçirilib. Onu bir neçə ay öncə tutmuşdular və sənəd-sübutlar yetərsiz olduğu üçün şərti azadlığa buraxılmışdı. Onu pantürkist qruplara üzvlükdə və sistem əleyhinə təbliğatda ittiham edirlər. Pantürkist qrup dedikdə türkcə şeir-hekayə yazanların bir ədəbi məclisinə üzvlükdən söhbət gedir.
Başqa bir xəbərə görə, Güney Azərbaycanın Miyana şəhərində azərbaycanlı vəkil qadın İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Monije Bəhluli öz iş yerində tutulub. Azərbaycanlı vəkil ailəsinə telefon açaraq Miyana həbsxanasında saxlanıldığını, azadlığa buraxılması üçün 5 milyon tümən girov lazım olduğunu bildirib. Məlumata görə, vəkilin ailəsi girov müqabilində onun azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Lakin prokuror bununla razılaşmayıb.
İranın cənub-şərqindəki Belucistanın inzibati mərkəzi olan Zahidanın şəhər həbsxanasında saxlanılan tanınmış azərbaycanlı fəal İrəc Məhəmmədinin aclıq aksiyasına başladığı xəbəri yayılmışdır. APA-nın məlumatına görə, Məhəmmədi yanvarın 19-da bir neçə həbsxana məmuru tərəfindən vəhşicəsinə döyülərək təhqir edilib. İrəc Məhəmmədi zindanda məruz qaldığı işgəncələrə etiraz olaraq aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəalın bədənində işgəncə izlərinin qaldığı bildirilir.
İrəc Məhəmmədi hakimiyyətə qarşı çıxmaqda, pantürkizmi yaymaqda və İranın ərazi bütövlüyünü parçalamağa cəhd etməkdə təqsirləndirilir. Bu nəcib soydaşımız mollakratiya tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.
Milli-mədəni haqlar uğrunda mübarizənin yeni formaları özünü göstərməkdədir. Divarlara türkcə şüarlar yazmaq… Məsələn, bu günlərdə Marağada Şərqi Azərbaycan rəhbərliyinin Ermənistanla ticari-iqtisadi əlaqələrinə etiraz nümayişinin gedişində höccət-ül-islam Əzimi-Qədim də həbs olunanlar sırasında idi. Təbriz divarlarında bu din adamının azad edilməsini tələb edən şüarlar peyda olub: «Höccət-ül-islam Əzimi-Qədim azad olsun!»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 230