Teatr canlı sənətdir
«… Yaradıcı şəxs hətta ən əlverişli ictimai-siyasi quruluşda, yəni demokratiya şəraitində əlində olandan artığını istəyəcək. Başqa sözlə, mühit və «məskunlaşma» şəraiti necə olursa-olsun, yaradıcı şəxs həmişə narazı qalacaq. Əgər insanda, doğrudan da, yaradıcı ruh varsa, o, cəmiyyətdə sözün geniş mənasında hökm sürən əxlaqı qəbul edə bilməz, etməməlidir də… Əlbəttə, sərt təzyiq altında bu qarşıdurma yaradıcı insana baha başa gəlir… Yaradıcı şəxsiyyətin yaşadığı cəmiyyətə qarşıdurması elə yaradıcılığın özü deməkdir».
Səməd Seyidov («Yaradıcılığın fenomologiyası» kitabından).
Hər teatrın mütləq bir dəli tamaşaçısı olur. Taməsda olduğum bütün teatrlarda o tamaşaçı ilə rastlaşmışam. O, hər gün zalda heyrət dolu gözləri ilə tamaşanı seyr edir, uşaq kimi gülür, ağlayır, hamıdan bərk əl çalır. Bütün tamaşaları da əzbər bilir. Heç bir teatrda o tamaşaçının tamaşaya gəlməsinə qadağa qoymurlar. O dəli adlandırdığım (bəlkə də dəli bizik) tamaşalara ağlının deyil, ürəyinin gözü ilə baxır. Akademik Teatrda da belə bir tamaşaçı var. Hər axşam teatrdadır. Tamaşadan sonra arxa qapını kəsdirəcək, sevincini bölüşəcək. O, tamaşada ən xırda xətaları belə nəzərindən qaçırmaz. Aktyorların qarşısını kəsib, hamısını bitdə-bitdə deyəcək, gülə-gülə özündən razı halda uzaqlaşacaq… Təbii, onun anlamında xəta gördüyü ilk tamaşadan fərqli olan hər hansı bir söz və yaxud hərəkətdir.
Teatr canlı sənətdir. Aktyor hər tamaşada nöqtə-vergülünə qədər sözü, hərəkətini təkrarlaya bilməz. O, icraçı deyil, yaradıcıdır. Yaşadığımız hər günün öz ovqatı olur. Zaman özü yaradıcı insanın səhnədəki fəaliyyətinə düzəliş verir.
Həyatda, yaradıcılıqda səhvsiz keçinmək mümkün deyil. Babam deyərdi ki, bala, çalışın günah eləməyin.
Səhv nədir, günah nə? Rejissor ustadım V.N.Pluçek deyərdi:»Pis, yaxşı aktyor oyunu olmadığı kimi, pis, yaxşı rejissor işi də yoxdur. Pisdirsə, qoy gedib soğan satsın. Belələrini teatrdan qovmaq lazımdır! Düz və düz olmayan aktyor oyunu, düz və düz olmayan tamaşanın rejissor həlli ola bilər».
Atıcı nişangaha güllə atır. Səhv edər, onluğa yox, yeddiliyə, ikiliyə dəyə bilər. Amma tüfəngi tərsinə tutub, qundağı ilə nişan ala bilməz. Güllə yer kürəsini fırlanıb nişangaha çatmayacaq.
Rejissorluq dörd ayaq üstə durur.
1-ci peşəkarlıq — ədəbi təhlil, aktyor, rəssam, bəstəkar, teatrın texniki işçiləri ilə iş prinsipini qurmaq bacarığı. Məşqlərin, tamaşa hazırlığının bütün bölümlərini təşkil etmək bacarığı.
2-ci mədəni baqaj — incəsənətin digər növləri haqda bacardıqca çox məlumatlanmaq (klassik, müasir ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq və s.). Bu iki dayağı öyrənmək mümkündür. Birincisini — peşəkarlığı ustad sənətkar yanında mütləq təlim keçməklə öyrənmək olur. İkincini — kitab və başqa informasiya mənbələri ilə məlumatlandırmaqla zənginləşdirmək mümkündür.
3-cü obrazlı düşüncə tərzi.
4-cü ümumiləşdirmək bacarığı.
Bax bu iki dayaq isə Tanrıdan verilir. O ya olur, ya da olmur.
Bu dəfə düşündüklərimi yazıya köçürərkən, iyun ayının 13-ü idi. 13 rəqəmi, deyilənə görə, düşərli deyil. Bəlkə də elədir, amma mənə görə yox. Əksinə, 13 rəqəmi ilə mənim həyatımda xoş günlərin sazişi bağlanıb… Fevral ayının 13-də (1993-cü il), 13 N-li əmrlə «Yük» filmi üzərində 13 N-li otaqda işə başladım. 1995-ci il oktyabr ayının 13-də işi bitirdim. Buna oxşar təsadüfləri çox sadalaya bilərəm. Bu başdan deyim ki, bu dəfə 13 rəqəmi məni məyus etdi. Akademik Milli Dram Teatrının böyük səhnəsində Rey Kuninin «13 nömrəli» əsəri əsasında «Şorgöz deputat» adlandırılan tamaşası oynanıldı. Daha doğrusu, A.P.Çexov adına MBT-da hazırlanan tamaşa «13 nömrəli» adlanırdı. Mənim yaddaşımda da bu əsər bu adla qalmışdı. Moskvada bu tamaşanı 2001-ci ildə Vladimir Maşkov hazırlayıb (bu İnterneti yaradanın Allah atasına rəhmət eləsin, istədiyin informasiyanı düyməciyi basmaqla tapırsan).
Akademik Teatrda əsəri tərcümə edən Nicat Kazımov, quruluşçu rejissor Nicat Kazımov, baş rolun ifaçısı Nicat Kazımovdur. Mən tamaşanın təhlilinə varmaq fikrində deyiləm. Azərbaycan teatrlarında bu və buna oxşar tamaşa adlandırılan hoqqabazlıq haqda söhbətimizin zamanı gələcək. Akademik Teatrın bizlərə təqdim etdiyi tamaşa barəsində qısaca fikirlərimi bölüşmək istəyindəyəm. Bəli, bu tamaşanın tamaşaçısı gələcək, amma gəlin fikirləşək, seksual əzabkeşlərin tüğyan elədiyi səhnələrdən xoşhallanan tamaşaçısımı görmək istəyirik məbəd, sənət ocağı adlandırdığımız məkanda.
Cəhənnəm, bununla da razılaşaq… Mənim nəyi istədiyim, ya da istəmədiyim, bu teatra bəlkə də maraqlı deyil.
V.N.Pluçekdən bir dəfə soruşdum:
— Valentin Nikolayeviç, niyə aktyorlara tamaşa hazırlamaq icazəsi verirsiz?
Cavabında eşitdim:
— Andrey Mironov, Anatoli Papanovu nəzərdə tutursansa, deyim ki, əvvəla onlar çox yüksək səviyyəli, böyük istedad sahibi olan aktyorlardır. Amma düz deyirsən, bu haqq vermir ki, onlar tamaşa hazırlasın. Müəyyən zaman kəsiyində boş qalan belə istedadlı aktyorların içində enerji toplanır. Bu enerjinin lazımsız istiqamətdə xərclənməsinə imkan vermək olmaz. O halda ki, onlar rejissorluq eşqinə düşürlər, qoy hazırlasınlar. Ola bilsin ki, yeni bir rejissor başlanğıcı olsun. O zaman kömək et, qoy yetişsin. Rejissor peşəsini hansısa ustad rejissor yanında öyrənsin. Yox, əgər özündən müştəbeh, burnunu Buratino kimi yuxarı tutub, ilk addımındaca, Everest zirvəsini fəth etdiyini düşünürsə, onu qov getsin. Onsuz da əvvəl-axır özü yanacaq»…
Qayıdaq «Şorgöz deputat» tamaşasına. Bir neçə epizoddan sonra necə bəsit bir işə baxdığımı anladım. Rey Kuninin bu əsəri vəziyyətlər komediyasıdır. Dramaturq tərəfindən hadisələr burulğan kimi qurulub. N.Kazımov bir epizodun fəaliyyət düzümünü bütün epizodlarda eynilə təkrarlayır. Aktyorların oynadığı obrazların hərəkət ritmi eynidir. Davranış tərzi fərqli deyil. Hətta danışıq tərzi, səsləri belə oxşayır. Professional rejissuraya ilk addımını atan aktyorların ən böyük xətasıdır bu. Bir sözlə, bir aktyorun teatrı adlandırmaq olar. Yeganə, detektiv obrazını oynayan aktyor fərqlənirdi. Düşündüm ki, nə əcəb. Yaddaşımı təzələmək xatirinə İnternetdə V.Maşkovun hazırladığı tamaşaya bir daha baxdım (sizə də məsləhət görərdim baxasız). Detektiv obrazı necə vardısa, eləcə də bizim səhnəyə köçürülüb. Təkcə o yox, bədii tərtibat, məkanda oyun tərzi və s. və i.
Tamaşada əgər bu günlə səsləşən ədəbi material yoxdursa, rejissor və aktyor işindən danışmağa dəyməz. Yox əgər dramaturgiya var, rejissor həlli naqisdirsə, aktyor oyunundan danışmaq mümkün deyil. Aktyorlar məni bağışlasın, onların işi, əziyyəti haqqında fikir yürütmək istəyində deyiləm. Bir sözlə, əsəri tərcümə edib, tamaşanı hazırlayıb, rolları oynayıb Salyanski.
Bu yaxınlarda Bəhram Osmanovun yüksək professionallıqla hazırladığı «Müharibə» (Gənc Tamaşaçılar Teatrında), İradə Gözəlovanın heyrət doğuran «Evlənmə» tamaşası (Gəncə Teatrında) məndə qibtə, bir yaradıcı paxıllıq, qızğın bir heyranlıq hissi oyatdı. Sevindim ki, Azərbaycan teatrının 140 illik yubileyinə getdiyimiz zamanda bu tamaşalarla fəxr edə bilərik.
Rejissor məktəbi keçərək peşəkarlığa yiyələnmiş, mədəni tutumu olan, obrazlı düşüncə tərzi ilə, ümumiləşdirmək bacarığı sahəsində tamaşalarında bədii bütövlük yaradan rejissorlar hələ ki var. Dəyərini, qiymətini bilək!..
10-15 il öncə Sumqayıtda bir dilənçi, ağıldan naqis qadın var idi ki, teatrın daimi tamaşaçısı idi. Hər dəfə tamaşaya gələndə diləndiyi puldan gül alıb ön sırada oturaraq, yaşlı, parıldayan gözləri ilə tamaşanı seyr edirdi. Tamaşa qurtaran kimi, səhnəyə çıxar, gül dəstəsini bəyəndiyi aktyora verər, salona tərəf dönüb, əli sinəsində təzim edərdi. Daha sonra öz-özünə əl çalıb, gülə-gülə səhnədən düşərdi. Bir gün bu dilənçi qadın birinci sırada parçadan tikilmiş çantasını sinəsinə sıxaraq, gülsüz oturmuşdu. Tamaşa bitdi. O yenə səhnəyə çıxdı. Çantasından iki xiyar çıxartdı, başında sarı gülü olan parnik xiyarı idi. Gül tapa bilmədiyindən sarı güllü xiyar gətirmişdi. Gül hesab elədiyi xiyarı öz sevimli aktyoruna verib, yenə salona təzim etdi. Zaldakılar gülməkdən uğunmuşdu. Dilənçi isə həmişəkindən fərqli olaraq gülmürdü, ağlayırdı…