Tbilisili gənc azərbaycanlı musiqiçilər Almaniyada uğur qazanıblar
Frankfurtda 1-4 noyabrda “Qızıl Açar” müsabiqəsinə qatılan bir qrup gənc musiqi və rəqs ifaçılarımız noyabrın 5-də Gürcüstana qayıdıblar. Müsabiqəyə Gürcüstandan 30 musiqiçi və gənc rəqqasələri qatılıb, o cümlədən Tbilisidə musiqi ilə məşğul olan gənc soydaşlarımız da ARDNŞ-in maliyyə dəstəyi ilə “Qızıl Açar” müsabiqəsində iştirak ediblər.
Tədbirdə Alman-Gürcü Musiqi Assosiasiyasının direktoru Nino Kambeqaşvili, müsabiqə münsiflər heyətinin üzvləri çıxış edərək, tədbirin şərtləri haqqında məlumat veriblər. Sonra Frankfurt Opera Teatrının musiqi salonunda Pianoçuların Beynəlxalq Frankfurt “Qızıl Açar” müsabiqəsi keçirilib.
M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva APA-ya açıqlamasında müsabiqədə iki nəfər gənc azərbaycanlı pianoçunun diploma layiq görüldüyünü bildirib: “Alman-gürcü Musiqi Assosiasiyasının direktoru Nino Kambeqaşvili noyabrın 1- 4-də Frankfurtda keçirilən “Qızıl Açar” müsabiqəsinə Gürcüstandan bir çox musiqiçilərlə bərabər gənc azərbaycanlı musiqiçiləri də dəvət edib. Bu tədbirdə biz uğurla çıxış etdik. Müsabiqədə Tiflisdə gəaliyyət göstərən “Ceyran” folklor-rəqs ansamblının və musiqi studiyamızın gənc üzvləri öz istedadlarını peşəkarlıqla nümayiş etdirə bildilər. Biz tədbirdə Gürcüstan və Azərbaycan bayraqlarını qaldırdıq. Tədbirə rəhbərlik edən münsiflər heyəti iki nəfər gənc azərbaycanlı musiqiçisini müsabiqənin qalibi elan etdilər. M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində fəaliyyət göstərən müsiqi studiyasının üzvlərindən pianoçu Hacı Hacıyev və Rasim Pirməmmədov “Qızıl Açar” müsabiqəsinin diplomu ilə təltif olundular. Musiqiçilərimiz məşhur bəstəkarlardan İ. Bax, Serqey Raxmaninov və Tofiq Quliyevin musiqilərini, Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin və Vaqif Mustafazadənin pianoda milli musiqimiz ilə cazın interpretasiyasını nümayiş etdiriblər. Gənc pianoçu Rasim Pirməmmədov tədbirdə özünün bəstələdiyi “Fantaziya” və “Romans” əsərlərini ifa edib”.
Leyla Əliyeva qeyd edib ki, Frankfurtda təşkil olunan “Qızıl Açar” müsabiqəsinin yekun konsertində yalnız azərbaycanlı musuqiçilər iştirak edib və 15 dəqiqə tamaşaçıların alqışını qazanıblar. Tədbirdə “Ceyran” folklor-rəqs ansamblının üzvü, gənc rəqqasə Naira Paşayeva “Sarı gəlin” və “Turacı” rəqslərini, digər musiqiçilərimiz isə tarda muğam və klassik Alman musuqilərini ifa ediblər. Gənc musiqiçilərimiz dəfələrlə alqış sədaları altında yenidən səhnəyə qayıdıblar. Biz bir daha Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirə bildik”, deyə L. Əliyeva bildirib.
Xatırladaq ki, sentyabrın 25-də Alman-gürcü Musiqi Assosiasiyasının direktoru Nino Kambeqaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olarkən burada fəaliyyət göstərən musiqi studiyasına baş çəkib və musiqi alətləri və notlar hədiyyə edib. N. Kambeqaşvili muzeydə təşkil olunan tədbirdə çıxışı zamanı bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdə yaşayan gənc azərbaycanlı rəqqasə və musiqiçiləri müsabiqə yolu ilə seçib Almaniyanın Frankfurt şəhərində təşkil ediləcək Pianoçuların Beynəlxalq Frankfurt “Qızıl Açar” müsabiqəsinə dəvət edəcəyini bildirib. Nino Kambeqaşvili Tiflisdə yaşayan Azərbaycan əsilli uşaqları musiqi təhsili almaq üçün Almaniyaya göndərəcəyini də vəd edib.