Muəllif:

Tariyel Qasımov: “Elə bilirlər ki, mən elə cavan qalmalıyam”

73 yaşında da sənətinə tələbat olduğunu görən xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımovun hələ səhnədə oynamaq istədiyi şah əsəri var. Cavan qalmağın sirrini, aktyor sənətinə yiyələnməyin qızıl yollarını sadalayan xalq artisti fikirlərini bizimlə bölüşdü. Onunla söhbətə əhval-ruhiyyəsini xəbər almaqla başladıq:

— Özümü çox yaxşı hiss edirəm. İşləmək, yaşamaq, yaratmaq arzusundayam. Özüm də sağlamam, hər şey yerindədir. Yəqin, bu sualı yaş məsələsi ilə əlaqədar verdiniz. Düzdür, bu qanun verilmişdi, amma bunun bizim sənətə heç aidiyyəti yoxdur.

— Hazırda teatrda müqavilə ilə işləyirsiniz?

— Bəli. Əvvəllər də müqavilə ilə işləyirdik, amma maaş da alırdıq. Amma indi nə qədər işlədin, o qədər pul alırsan. Mən özüm də Qazax Dövlət Dram Teatrında və Dərbənd Azərbaycan Dövlət Teatrında direktor işləmiş və görmüşəm ki, bu, direktorlara sərf etmir. Heç bir direktora sərf etməz ki, aktyora artıq pul versin. Halbuki ştatda maaş alan aktyorlar var, mənim yerimə onu da oynada bilərlər. Elə aktyorlar da var ki, onları həmişə səhnədə görmək istəyirlər. Məsələn, bizim teatra gəlib soruşurlar ki, Tariyel Qasımov oynayacaq, yoxsa yox? Allah-təala elə edib ki, mən sevilən aktyor olmuşam.

Xoşbəxtəm ki, gəncliyimdən bu teatrda baş rolları mən oynamışam. Ən böyük xoşbəxtliyim isə o idi ki, sovet dövründə yeganə aktyor idim xarici ölkələrdə filmlərə çəkilirdim. Arada, düzdür, Sovet İttifaqı dağılandan sonra rəhbərliyə naşı, səriştəsiz adamlar gələndə bizim incəsənət aləmində olan adamlar pərən-pərən oldular. Maaş az idi, dilənçi kökünə düşmüşdük. Buna görə bizim çox böyük sənətkarlarımız xarici ölkələrə çıxıb getdilər. Amma sonra onların hamısını geri qaytardılar. Bizə göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində olmayıb. Biz çox minnətdarıq ki, bu gün bizə qayğı və diqqət göstərilir. Evlər, təqaüdlər və mükafatlar verilir. Bundan yaxşı nə ola bilər ki? Bircə qalır ki, yaşayıb-yaradasan.

— Siz bu sənətdə çox əziyyət çəkmisiniz, indiki cavanlar necə, əziyyətə, əzaba qatlaşmağı bacarırlarmı?

— Bu gün onlar üçün yol açıqdır. Onlardan yalnız zəhmət və istedad tələb olunur. Əgər bu varsa, onlar gələcəkdə böyük sənətkar ola bilərlər. Mən bir ağsaqqal kimi çox təəssüflənirəm ki, indiki gənclərin hamısı yox, əksəriyyəti «mən aktyoram» deyə bu sənətə gəlir. İstərdim ki, cavanlar özlərini sənətə sevdirməsinlər, sənəti özlərinə sevdirsinlər. Biz elə olmuşuq, gecə-gündüz oxumuşuq, müəllimlərimizdən xahiş etmişik ki, gecə saat 12-yə kimi məşq edək, stol arxası məşqlərimiz çox olsun ki, biz obrazın xarakterini tam açaq. Mətni yaxşı bilək ki, sabah səhnəyə çıxanda əlimizdə dəftər olmasın. Amma çox təəssüflər ki, bəzi rejissorlar bunu etmirlər. İki dəfə stol arxasında məşq etdirir, sonra isə əlində dəftər, bilmirsən dəftərə baxasan, yoxsa obrazı yaradasan. Bu, bizim rejissorlarımızda çatışmayan cəhətdir.

— Əvvəllər televiziya tamaşaları ilə evlərə qonaq gəlirdiniz. İndi bu tamaşaların yerini seriallar tutub. Siz də «Muradına çatan günəş» serialında çəkilirsiniz. Necə oldu ki, razılıq verdiniz?

— Mən o illər üçün çox darıxıram. Əvvəllər bizim yeganə bir dövlət televiziyamız var idi, ayda 4 dəfə mən televiziya tamaşalarında baş rollarda çıxış edirdim. İndi yaşlı nəsil məni görəndə deyirlər ki, Tariyel müəllim, niyə bir balaca qocalmısınız? (gülür). Elə bilirlər ki, mən elə cavan qalmalıyam. Yəqin, siz bilirsiniz ki, mən bu son neçə ildir ki, heç bir serialda çəkilmirdim. Təkliflər gəlib, amma qəbul etməmişəm. Hiss etmişəm ki, nəsə mətn, ssenari və yaxud rejissor zəifdir. Bu filmə məni ilk dəfə bizim gözəl şoumen, aparıcımız Murad Dadaşov dəvət etdi. Mənim orada yeganə bir sözüm o oldu ki, ssenarini verin, oxuyum. Ssenari çox xoşuma gəldi. Serial istefada olan polkovnikin ailəsinin faciəsindən bəhs edir. Rejissoru Asif Abramov türk filmlərində təcrübə keçmiş istedadlı bir insandır. Hiss olunur ki, Asif Abramov öz işində peşəkardır. Ümumilikdə kollektivdən, aktyor seçimindən çox razı qaldım. Mən inanıram ki, bu serialı tamaşaçılar çox gözəl qəbul edəcəklər.

— Həyatda qorxub-çəkindiyiniz insan tipi hansıdır?

— O, gizli olur, üzünə gülür, amma arxadan sənə badalaq vurur. Çox əfsuslar olsun ki, sən onu yalnız hadisə olandan sonra bilirsən ki, bu necə insandır. Mənim 70 illik yubileyimdə Vasif Məhərrəmli oxuyurdu və mahnı bitdikdən sonra qoluma girib məni səhnəyə dəvət etdi. Tamaşaçılara dedi ki, əziz tamaşaçılar, gəlin etiraf edək ki, Tariyel müəllim 70 yaşının olmasına baxmayaraq, çox cavan qalıb, mən ona 50 yaş verirəm. Tariyel müəllim, bunun sirrini de, biz də bilək. Mən ona belə cavab verdim ki, heç vaxt paxıl olmamışam, heç kimə pislik etməmiş, başqasının sevincinə sevinmiş, kədərinə kədərlənmişəm. Elə adamlar var ki, 50 yaşında 80 yaşlı insan kimi görünürlər. Onlar öz içlərini yeyə-yeyə qocalacaqlar. Sonra dedi ki, bəs niyə aktyor ordusu içində ən yaraşıqlısı sizsiniz? Dedim ki, bunun sirrini anamdan soruşun. Anam da zalda oturmuşdu, durub hamıya əl də etdi. Zarafatca dedim ki, anam məni belə dünyaya gətirib, yəqin, ona görədir (gülür).

— İstərdinizmi sizin üçün xüsusi tamaşa qoyulsun?

— Əlbəttə, çox istərdim. Bildiyiniz kimi, teatrımızda bu yaxınlarda rejissor dəyişikliyi oldu. Çox yaxşı ki, oldu. Bəhram Osmanov məni çağırıb dedi ki, inşallah, bu il elə tamaşalar götürülməlidir ki, sizin kimi sənətkarlar o tamaşalarda oynasınlar. 2 il sonra mənim 75 yaşım tamam olur. Yəqin ki, yubileyim üçün bir yaxşı tamaşa götürüləcək. Həmişə arzum olub ki, “Atayevlər ailəsi” tamaşasında yoldaş Atayevi oynayım. Düzdür, bu tamaşa bizim teatrın profilinə yaddır, çünki bizdə tamaşalar daha çox gənclərin zövqünə uyğun olur. Yəqin ki, benefis kimi bu tamaşanı oynayacağam.

— Elə bir rolunuz olubmu ki, sırf özünüzü oynayasınız?

— Oxşarlıq olub, haradasa hiss etmişəm ki, bu mənim həyatımın bir parçasıdır, amma tam olmayıb. Belə götürəndə aktyor bütün rollara öz xarakterini qoyur. Bu yaxınlarda bir rejissor istəyirdi ki, o necə istəyir, mən də elə oynayım. Ona dedim ki, sən istəyirsən ki, istədiyin kimi oynayım, amma mən sənin hisslərini heç cür verə bilmərəm. Mən bunu Tariyel Qasımov kimi, öz hisslərim necə qəbul edir, elə oynayacağam. Nə isə, bir az mübahisə etdik, sonda mən deyənə gəldik. Çünki həqiqətən də o obrazı mən yaradıram. Amma sırf mənim həyatımdan nə tamaşa, nə də kino olmayıb.

(Kitabı göstərərək) Bu “Ömrün sənət yollarında” adlı kitabı mən yazmışam. Burada mənim sənətim, həyatım haqqında maraqlı faktlar toplanıb. Bu kitab kinossenari kimi yazılıb. Çox istərdim ki, bunu hansısa rejissor götürüb film çəksin. Mənə adətən jurnalistlər sual verirlər ki, şöhrətli olmaq istərdiniz, yoxsa xoşbəxt? Xoşbəxt bir gün ola bilərsiniz, sabah elə bir hadisə ola bilər ki, bədbəxt olarsınız. Mən həmişə istəmişəm ki, şöhrətli aktyor olum. Çünki öləndən sonra həmişə xatırlanırsan.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 323