Muəllif:

TAP Azərbaycana Avropada bazar tapdı

Yaxın gələcəkdə Azərbaycanın mavi qazı Avropa bazarına NABUCCO-WEST deyil, TAP (Trans Adriatic Pipeline) layihəsi vasitəsilə çıxarılacaq. Trans Anadolu Boru Kəmərinin (TANAP) davamı sayılan seçim Yunanıstan, Albaniya və İtaliyanın ərazisindən keçəcək.
Hər şey nəzərdə tutulan kimi olsa, bu kəmərlə 2019-cu ildən etibarən “Şahdəniz-2” layihəsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Tədricən isə, bu həcmin 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Ümumi uzunluğu 870 km olacaq TAP kəmərinin inşası üçün 2,2 milyard dollar vəsait tələb olunur. Bu ilin sonuna qədər maliyyələşmə ilə bağlı səhmdarlar – İsveçrənin “Axpo” (42,5%), Norveçin “Statoil” (42,5%) və Almaniyanın “E.ON Ruhrgas” (15%) şirkətləri qərar qəbul etməlidir. İşlər qaydasında getsə, 2016-cı ildə yeni kəmərin çəkilməsinə başlanacaq və 3 il ərzində TAP istismara veriləcək.
Azərbaycanda hasil olunan təbii qazın Avropaya çatdırılması “Şahdəniz” layihəsi ilə məhdudlaşmayacaq. Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanın “Abşeron”, “Ümid”, “Şəfəq”, “Asiman” yataqları ilə birlikdə təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetr təşkil edir və bu da Azərbaycana gələcəkdə Avropanın digər enerji layihələrində də iştirak etməyə, əlavə qaz dəhlizlərinin yaradılmasına imkan verəcək.

TAP-ı seçməyimiz Rusiyanı bizdən narazı salmadı

Hazırda Avropaya ən böyük qazı Rusiya ixrac edir. TAP layihəsinin reallaşması nəticəsində Azərbaycan da bu bazara mavi yanacaq çıxaran ölkəyə çevriləcək. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Asiyada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək.
TAP layihəsinin seçilməsi Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə səbəb olmayacaq. Çünki TAP Rusiyanın qıcıqlandıracaq layihə deyil. TAP daha çox İtaliya bazarına hədəflənib. Düzdür, Rusiya da İtaliya bazarına çıxmağı planlaşdıran bir ölkə idi. Azərbaycanın bu bazara çıxışı Rusiyanın istəyini arxa plana saldı. Amma gələcəkdə bu layihə Rusiyanı məcbur edəcək ki, növbəti mərhələdə Cənub Axını layihəsini təxirə salsın, bu istiqamətdə müzakirəni dayandırsın. Yaranmış vəziyyət imkan verəcək ki, Rusiya Mərkəzi Şərqi Avropa ölkələrinə, bu bazara çıxsın. Bu imkanın olması Rusiyanı TAP-a qarşı qıcıqlandırıcı mövqe sərgiləməkdən çəkindirir. Bir sözlə, rəsmi Moskva TAP-ın reallaşmasını arzulamasa da, onun reallaşmasına qarşı əmək də sərf etmirdi.
Azərbaycan TAP-ı deyil, NABUCCO-WEST-i seçsəydi, şimal qonşumuz bundan olduqca narazı qalacaqdı. Rəsmi Moskva birmənalı şəkildə bu layihəyə qarşı idi. Hətta bu layihənin reallaşmaması üçün bütün imkanlarını səfərbər edirdi. Çünki NABUCCO-WEST Rusiyanın Mərkəzi Şərqi Avropadakı maraqlarına müəyyən qədər zərbə vurmuş olurdu. Ona görə də hər vasitə ilə buna mane olurdu. Rusiyadan fərqli olaraq, Azərbaycan üçün NABUCCO-WEST və ya TAP-ın ciddi fərqi yox idi. Azərbaycan birmənalı olaraq Avropa bazarına çıxış əldə etmək istəyirdi. Bu baxımdan rəsmi Bakı iqtisadi baxımdan daha rentabelli TAP üzərində dayandı. Nəticədə həm Rusiya narazı salınmadı, həm də Azərbaycan Avropa bazarına çıxış imkanı qazandı.

Azərbaycanın bir bazardan asılılığı olmayacaq

NABUCCO-WEST və TAP-ın fərqinə gəldikdə, hər iki layihə Azərbaycan qazının Avropaya çıxarılmasını özündə ehtiva edir. Sadəcə, NABUCCO-WEST daha çox Mərkəzi Şərqi Avropanın mavi yanacağa olan tələbatının ödənməsinə hesablanmışdı. Türkiyə vasitəsilə mavi yanacaq Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa və son olaraq Avstriyaya ötürüləcəkdi. Lakin TAP layihəsi Türkiyə, Yunanıstan, Albaniya və İtaliya vasitəsilə Azərbaycan qazını Avropaya çıxaracaq. Eyni zamanda daxili şəbəkə vasitəsilə hələlik Bolqarıstana, sonradan Macarıstana ötürülməsi də TAP layihəsinin əsas elementlərindən biridir. Bu qərarın verilməsində Azərbaycan tərəfinin mövqeyi mühüm idi. Çünki “Şahdəniz” konsorsiumunda Azərbaycan Dövlət Neft Şirkəti aparıcı qurumlardan biridir.
NABUCCO-WEST-lə müqayisədə TAP boru kəməri 450 kilometr qısadır. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir. Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, TAP layihəsi vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb. Bu da Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, birmənalı şəkildə bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də Bosniya və Hersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır. Halbuki, əvvəllər bir bazardan asılılıq ölkəmizə mavi yanacağın qiyməti ilə bağlı öz şərtlərini diqtə etməsinə imkan vermirdi. İndi isə Azərbaycan qazını istədiyi qiymətə bazara çıxara biləcək. TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bu, Avropa bazarına ilk daxilolma sayılacaq.
Avropa Birliyi TAP layihəsinin seçilməsində maraqlı tərəf idi. Çünki bu, Avropanın enerji siyasətinə, enerji təhlükəsizliyinə xidmət edəcəkdir. Paralel olaraq, TAP layihəsinin reallaşmasından Türkiyə və Gürcüstan kimi ölkələr də gəlir əldə edəcəklər. Bununla yanaşı, TAP vasitəsilə ixrac olunan qazın müəyyən hissəsi həmin ölkələrin daxili istehlakı üçün istifadə olunacaq. Həmçinin, TAP boru xəttinin çəkilməsi onun keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni iş yerinin açılması gözlənilir. Şirkətlər səviyyəsində isə TAP layihəsi imkan verəcək ki, SOCAR Avropa Birliyi ölkələrinin bazarlarına çıxsın, investisiya yatıra bilsin. Bütün bunları nəzərə alaraq demək olar ki, TAP Azərbaycan üçün strateji layihədir. Bu layihə üzərində dayanmaqla, rəsmi Bakı siyasi-diplomatik addım atdı. Həm bölgədə aparıcı qüvvələrlə, o cümlədən Rusiya və Avropa Birliyi ilə münasibətlərini əvvəlki səviyyədə saxladı, hətta yaxşılaşdırdı, həm də iqtisadi gəlir əldə etmə imkanını genişləndirdi.

2020-ci ildən sonra Avropaya yeni marşrutlar məsələsi aktuallaşacaq

İqtisadçı Natiq Cəfərliyə görə, əslində, Avropa üçün TAP-la «Nabucco West»in elə bir fərqi yoxdur. Natiq Cəfərli bu məsələdə Azərbaycanla müqayisədə Avropanın daha şanslı olduğunu düşünür. “Avropaya qaz nəqlini nəzərdə tutan kəmərlə bağlı çətinlik onun Türkiyədən keçən hissəsinin maliyyələşdirilməsi ilə bağlı olub. Xərclərin 80 faizini Azərbaycan öz üzərinə götürüb. Bu da Avropaya çox sərfəlidir. Başqa məlumatlar var ki, ARDNŞ bu layihəni həyata keçirmək üçün Avropa banklarından kredit götürəcək. Belə çıxır ki, Avropa həm də ARDNŞ-ə borc verməklə pul da qazanacaq».
Avropa Birliyi ölkələrinin qaza illik tələbatı 500 milyard kubmetr civarındadır. Bunun təxminən 70 faizi kənardan idxal olunur. Hesablamalara görə, 10 ilə Avropanın qaza tələbatı daha 100 milyard kubmet arta bilər.
Natiq Cəfərlinin fikrincə, Azərbaycan ən yaxşı halda 2020-ci ildən sonra Avropanın qaza tələbatının 2-3 faizini ödəmək iqtidarında olacaq. TAP-la, ilkin olaraq, 10 milyard kubmetr «Şahdəniz» qazı Avropa bazarına çıxarıla bilər. Sonra bu həcmin 2 dəfə artırılması mümkündür.
2020-ci ildən sonra Xəzərin Azərbaycan sektorunda ən azı 4-5 qaz-kondensat yatağının işlənib istismara verilməsinin gündəmdə olduğunu bildirən İlham Şaban Neft Araşdırmaları Mərkəzinin direktoru təkcə TAP-ın bunun öhdəsindən gəlməyəcəyini vurğulayır. Onun fikrincə, Azərbaycanda çalışan şirkətlər 2020-ci ildən sonra Avropaya yeni marşrutlar məsələsinə bir də qayıtmalı olacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191