Taner Yıldız: «Nabucco West» TAP-dan daha iddialıdır
Xəzər regionundan qazın Avropaya nəqli layihəsi olan «Nabucco West» TAP-dan (Trans Adriatik qaz kəməri) daha iddialıdır. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
«Avropaya qaz tədarükü üzrə yekun marşrutunun seçilməsi zamanı nəqldən əldə edilən iqtisadi mənfəət nəzərə alınacaq. Bu mənada «Nabucco West» daha iddialıdır» , — deyə nazir bildirib.
Bununla belə, Yıldız qeyd edib ki, yekun marşurutun seçilməsi «Şagdəniz» konsorsuimu tərəfindən veriləcək. Trans Anadolu (TANAP) layihəsinə gəlincə, nazir deyib ki, cari il ərzində bu layihə çərçivəsində konkret addımlar (özəlliklə hüquqi əsasın yaradılması və topraq işlərinin başlanması) atılacaq.
«Hazırda TANAP qaz kəmərinin keçəcəyi dəqiq marşrutun təyin edilməsi üzərində işləyirik», — deyə Yıldız vurğulayıb.
Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi təkcə Türkiyə və Azərbaycana deyil, həm də bütün regiona mənfəət gətirəcək.
Qeyd edək ki, Taner Yıldız Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.
Bakıda «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq» mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclasında çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, Türkiyə enerji resurslarından və enerji layihələrindən regionda stabillik və inkişaf üçün istifadə edir (Trend). Onun sözlərinə görə, son 10 ildə ölıkənin enerji sektorunu demək olar iki dəfə yenidən strukturlaşdırıb.
Yıldızın sözlərinə görə, ölkə göstərilən dövrdə ÜDM 3 dəfə artırıb ki, bu da Türkiyənin iqtisadi və enerji sektorlarının uğurlu inkişafının göstəricisidir.
Beləliklə, Türkiyə bu gün ölkənin dünyanın bir çox ölkələri ilə müxtəlif enerji və iqtisadi layihələr həyata keçirməsinə nail olub.
«Rusiya ilə «Cənub axını» layihəsinin reallaşadırılması ilə yanaşı, Türkiyə bu gün qardaş Azərbaycanla Trans Anadolu qaz kəməri (TANAP) layihəsini uğurla həyata keçirir», — Yıldız deyib.
Nazir qeyd edib ki, digər tərəfdən Türkiyə İranla sonuncunun siyasi problemlərinə baxmayaraq enerji sahəsində əməkdaşlığı davam etdirir, qonşu İraqla energetika sahəsində tərəfdaşlığı inkişaf etdirir.
Nazir, Bakı-Tbilisi-Kars və Bakı-Tbilisi-Ərzurum kimi regionun nəqliyyat və enerji təhlükəsizliyi üzrə vacib layihələrin də adını çəkib.
Yıldızın sözlərinə görə, Türkiyə Asiyanın istehsal güclərini Avropanın istehlak bazarları ilə birləşdirməklə regionda vacib enerji nəqliyyat körpüsü rolunu oynayır.