Tale Bağırovun məhkəməsində insident yaradanlar narkoman və zek çıxdılar
Sabunçu Məhkəməsində Tale Bağırovun işi üzrə prosesdə məhkəməyə gələn vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insidentə Bakı Şəhər Baş Polis İdarəsi aydınlıq gətirib. Deyilir ki, bu vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd ediblər. Onlar hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd ediblər. Bu şəxslər hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib və 4 nəfərə xəsarət yetiriblər.
Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və 4 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər barəsində Sabunçu Polis İdarəsində aparılan araşdırmalarda bəlli olub ki, onların bir qismi ümumiyyətlə Bakı sakini deyil və ayrı-ayrı bölgələrdən məhz bu məhkəmə prosesində iştirak etmək üçün paytaxta gəliblər.
Narkoloji müayinə zamanı onlardan 3 nəfərin narkotik vasitədən istifadə etməsi məlum olub. 3 nəfər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərdir. Konkret olaraq, Abbasov Şəhriyar Xalid oğlu 2011-ci ildə CM-nin 126.1-ci maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) 2 il 9 ay, Hüseynov Abbas Məmmədbağır oğlu 2007-ci ildə CM-nin 332.1-ci maddəsi ilə (Hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma) 1 il, Əsgərov Sənan Kamil oğlu isə 2002-ci ildə CM-nin 177.2.3-cü maddəsi ilə (Oğurluq) 3 il müddətinə məhkum olunublar.