Muəllif:

Taksimin «duran adamı»

İstanbul
Taksim meydanının ortasında gənc bir adam durub, səssiz-səmirsiz. Ona yaxınlaşan polislə aralarında belə bir dialoq keçir:
— Nə edirsən burda?
— Durmuşam.
— Niyə?
— Gözləyirəm.
— Kimi gözləyirsən?
— Ethem Sarısülüyü…
Ethem Sarısülük Gezi parkı dirənişində polis gülləsi ilə ölən nümayiş iştirakçısının adıdır. Keçən həftə doğulduğu Çorumda torpağa verilmişdi…
Polis Gezi parkı üzərindəki nəzarəti ələ keçirdikdən sonra nümayişçilər yeni bir etiraz və dirəniş aksiyası ilə hadisələrə yeni həyəcan qatırlar. Meydanın ortasında «donmuş» və hərəkətsiz bir adam gözünü bir nöqtəyə zilləyib duraraq yeni nəslin yeni etiraz metodu ilə nə qədər kreativ olduğunu göstərir. Erdem Gündüz adlı dünənə qədər çox az tanınan bir xoreoqraf Türkiyənin ən populyar adamına çevrilir. O, «Duran adamdır».
«Duran adam» artıq bir fenomendir. Taksim hadisələri keyfiyyət və kəmiyyətcə yeni bir mübarizə formasına keçir. «Ayna»nın son nömrəsində bəhs etdiyim «Kütləvi itaətsizlik nəzəriyyəsi» özünün qansız, şiddətsiz forması və passiv dirənişi ilə onsuz da populyar olan metodlarının şöhrətini daha da artırır. Dəqiq xatırlamıram, Cin Şarpın itaətsizlik metodlarının içində «Duran adam» var idimi, amma nə olsa da, verilən mesaj çox dəqiqdir — «Fərdi azadlıqlarıma toxunma»…
Gülməli, bəlkə də ağlamalı situasiya yaranıb, nümayişə çıxırsan, gözaltına alırlar, yürüyürsən, yenə eyni şey. Meydanda oturursan, tuturlar, danışırsan, «içəri atırlar», nə etsən, suçlusan ki, suçlu. Nəticədə, deyirsən ki, heç nə eləmirəm, sadəcə dururam. Amma yenə də qolunu burub həbsə atırlar. «Duran adam» təhlükə ərz eləyir. Çünki baş nazir Ərdoğan İstanbuldakı mitinqə 1 milyon insan topladı, CNN İnternational 10 saniyəlik süjet verdi. 1 adam durdu, günlərdir bütün dünyada 1-ci xəbər oldu.
Qloballaşan dünyada aksiyalar da fərqlidir. Və sürətlə dəyişən bu dünyada ən ağır şey təcrid olmaqdır, təklənməkdir. Türkiyə Qərb dünyasından təcrid olmaq üzrədir. İslam dünyası və Yaxın Şərqdəki dünənə qədərki «tilsimini» də itirməyə başlayıb. Bu isə ölkəni istər-istəməz içinə qapanmağa sürükləyir. Belə olan halda sabitliyin pozulması, iqtisadiyyatın neqativ trend alması qaçınılmaz olur. Nəticə etibarı ilə «Türkiyənin tilsimi» pozulacaq.
Təəssüf ki, Ərdoğan hələ də bu hadisələrin arxasında bir «xarici barmaq» axtarır. O, beynəlxalq media quruluşlarının AKP iqtidarına qarşı bir «dövlət çevrilişi təşəbbüsü» içində olduğunu iddia edir, hətta konkret ad da çəkir — Reuters agenliyi, BBC və CNN İnternational. Zənnimcə, bu, heç də doğru bir yanaşma deyil. Çünki Qərb mediası hər bir xəbərin «xəbər dəyərini» çox yaxşı bilir. Əgər mövzu insan haqlarıdırsa, meydana 1 milyon deyil, 10 milyon da toplasanız, maraq doğurmur. Bir nəfər adamın «duran aksiyası» dünyada daha böyük rezonansa səbəb olur. Demokratiyanın necə bir nemət olduğunu bilən Qərb dünyası keçmiş avtokrat rejimlərini unutmadığından bir milyonluq mitinqlər keçiriləndə belə öz yaxın tarixini xatırlayır.
Ölkədə bir qorxu, bir paranoya yaratmaqla keçən seçimlərə qədər elektorata təsir etməyə müəyyən mənada nail olunurdu. «Menderesi asdılar, Özalı zəhərlədilər, indi də növbə mənə çatıb» demək də artıq inandırıcılığını itirir. Əvvəllər belə paranoik ortam seçicini atəşləyir və meydanları doldururdu. İndən belə bu metodlar çalışacaqmı? Bu suala müsbət cavab vermək mümkün deyil artıq.
Sosial barışı təmin etmək gün keçdikcə çətinləşir. İqtidar daxili sabitliyi təmin etmək üçün ciddi addımlar atmalıdır. Cəmiyyəti gərginləşdirmək və stresə soxmaq yerinə birləşdirici, uzlaşdırıcı tədbirlər görülməzsə, ölkə ikiyə bölünəcək. Hərçənd ki, İtaliyanın xarici işlər naziri Emma Bonino bu bölünmənin artıq baş verdiyini söyləyərək «Ortaya ikiyə bölünmüş bir Türkiyə çıxıb və Erdoğanın bunları birləşdirəcək ümidi yox olmuşdur» deyir.
«Duran adam» çox şey istəmir ki, deyir mənim azadlıqlarımı daraltma, əksinə, genişlət, daha çox imkanlar və fürsətlər ver, bunları versən, ətalətimi pozub canlanacam. Duran adamı hərəkət etdirmək çətin deyil, vay o günə ki duran adam yox, ölkə olsun…
[email protected]m

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 182