Muəllif:

Taksimin dayanılmaz kütləviliyi

İstanbul Onun nə Facebook, nə də Twitter hesabı var. Qurucusu olduğu Eynşteyn institutunun saytına da heç girmir. Baxmayaraq ki, yazdığı kitablar, məqalələr virtual aləmdə ən çox oxunanlar siyahısındadır. Amerikada onu o qədər də tanımırlar. Çünki araşdırdığı problemlər onun ölkəsi üçün yad məsələlərdir. Amma Serbiya, Ukrayna, Misir, Tunis və b. ölkələrdə bilinən insandır. Taksim hadisələrindən sonra artıq onu Türkiyədə də tanımağa başlayıblar… Cin Şarp (Gene Sharp) 60 ilə yaxındır «kütləvi itaətsizlik nəzəriyyəsi» və «passiv dirəniş metodları» haqda elmi araşdırmalar aparmaqla məşğuldur. 85 yaşlı bu amerikalı professorun «Diktatorluqdan Demokratiyaya» adlı məhşur kitabı 30-dan çox dilə tərcümə olunub. Serbiyada Slobodan Miloşeviçə, Ukraynada Viktor Yanukoviçə qarşı olan hərəkatlar Şarpdan ilham aldıqlarını gizləmirlər. 2009-cu ildə İranda baş vermiş qarışıqlıqlar zamanı yaxalanan nümayişçilərin üstündən Şarpın tezislərinin fotokopiyaları çıxmışdı. «Kütləvi itaətsizlik nəzəriyyəsi» daha sonra Təhrir meydanında uğurla tətbiq edilmişdi. Professor Şarp özünü H.D. Toro (Henry David Thoreau) və M.Qandinin (Mahatma Gandhi) davamçısı, onların kütləvi itaətsizlik nəzəriyyəsini inkişaf elətdirən sadə bir «kabinet alimi» olaraq görür. Metodları və hədəfləri baxımından terrorizmdən, anarxiyadan tamamən fərqli olan bu metodlar haqda ilk yazan 1849-cu ildə H.D.Toro olub, M.Qandi, M.L.King və başqaları tərəfindən isə tətbiq edilib. Kütləvi itaətsizlik anlayışının müasir yozumunu belə vermək olar:»Kütləvi itaətsizlik Hüquqi dövlətdə yüksək ideya və dəyərlər uğrunda başqalarına zərər vermədən həyata keçirilən qeyri-qanuni etiraz aksiyalarıdır». 2009-cu il Nobel Sülh mükafatına namizəd göstərilmiş C.Şarp şiddətsiz və qansız aksiyaların analizini apararaq hazırladığı metodlarla avtokrat rejimlərin necə sarsıla biləcəyini irəli sürür. Şarpa görə, avtoritar liderlər onlara itaət edildiyi üçün iqtidarda qalırlar, çünki onların gücləri öz gücləri deyil, onlara güc verən boyun əyən kütlələrdir. Xalqın kütləvi itaətsizliyə getməsi ilə Güclünün gücü bir andaca zəifləyir və heç olur. Güc qaynağının kəsildiyini görən Güclü hadisələrə nəzarəti itirir və daha çox səhv etməyə başlayır. Mayın son günündə Taksimdəki Gezi parkında başlayıb bütün Türkiyəyə sıçrayan hadisələr Baş nazirin israrı üzündən daha təhlükəli hal aldı. Dinc nümayişçilərin arasına pusquda durarcasına fürsət gözləyən müxtəlif marjinal qruplar girdi — PKK-lıdan tutmuş DHKP-C kimi radikal qruplara, sosialist-islami cərəyanlardan şəriətçilərə qədər. İlk günlərdən etibarən R.T.Ərdoğanın «xarici güclər», «faiz lobbisi» olaraq adlandırdığı mərkəzlərin hələ də konkret adları və ünvanları açıqlanmayıb. Tam da elə bu günlərdə bəzi qəzet və saytlarda Corc Sorosun «Açıq Toplum (Cəmiyyət) İnstitutunun» hadisələrdə rolu barədə müxtəlif fikirlər səslənməyə başladı. «Düşmən ölkələrdə özgürlük atəşini canlı tutmaq üçün qeyri-hökumət təşkilatlarını dəstəkləmək önəmlidir. Hökümətin təsir gücünə dirəniş göstərərək kütlələr iqtidara qarşı hücuma keçməlidir» — bu sözlər Sorosun «The Bubble of Americav Supremacy» kitabındandır. Müəllif kommunizmin çöküşündən illər keçməsinə baxmayaraq «çevriliş proqramlarına» son verməyib və onun son 10-15 il ərzində bir çox ölkədə uğurla tətbiq etdiyi metodlar professor Şarpın doktrini əsasında hazırlanan metodlardır. Taksim hadisələrində ən çox hədsiz şiddət və vandalizm tənqid edilir. Sorosun 2000-ci ildə hazırladığı Belqradda başlayan hərəkat da belə bir xarici görünüşə sahib idi. Bu gün bəzi yerli qəzetçilər Belqradla Taksim arasındakı oxşarlıqlara diqqət çəksələr də, zənnimcə, fərqli xüsuslar ortaq nöqtələrdən daha çoxdur. Amma görünən odur ki, nə Soros, nə də başqaları ilk raundu qazana bildi. Qazanan heç şübhəsiz ki, xalq oldu. O xalq ki, son sözünü artıq meydanlarda yox, seçki məntəqəsində deyəcək… Taksimdən minlərlə km uzaqda — Bostondakı Eynşteyn institutundakı kabinetində Cin Şarp yaxında çıxacaq son kitabı üzərindəki düzəlişləri edir. «Çevrilişlərin babası»nın bu kitabı Albert Eynşteyn haqqında olacaq. Nə qəribədir ki, nisbilik nəzəriyyəsinin banisi Şarpın 1960-da yazdığı ilk kitabına (Qandi haqda) giriş sözünü yazıb. Eynşteyn ömrünün son illərində totalitarizmlə maraqlanırmış. [email protected]

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 296