Muəllif:

Taksim, futbol və «danışıqlı döyüş»

İstanbul
Türkiyədəki siyasi çalxantılardan sonra sıra futbola gəldi. UEFA-nın «Fenerbahçe» və «Beşiktaş»ı Avropa kuboklarından uzaqlaşdırma qərarı ölkənin gündəliyini sarsıtdı. «Beşiktaş»ı 1, «Fener» isə 2+1 il Avropa müsabiqələrindən məhrum etməklə türk futbolu boğaza qədər bataqlığa sürükləndi…
Türkcədə «şike» kəliməsi maddi və mənəvi mənfəət üçün bir idman qarşılaşmasının nəticəsini anlaşaraq dəyişməkdir. Başqa sözlə, «danışıqlı döyüş» və ya «danışıqlı oyun». Keçən ilin iyun ayından başlayaraq tam şike iddiaları ilə keçdi. Əgər «Üç böyüklər» adlandırılan İstanbul klublarının əzəli rəqabəti olmasaydı, futbol tamam gözdən düşəcəkdi. Buna baxmayaraq 2012-13 sezonunda «futboldan soyudum» deyənlərin sayı sürətlə artdı. Futbol Türkiyədə bu qədər çirkli işlərə bulaşıb, bu qədər gözdən düşməmişdi heç. Artıq sahədə deyil, sahənin kənarında oynanırdı futbol. Və buna İtaliyadakı kimi bir «zəlzələ» ilə son veriləcəkdi.
UEFA-nın həyəcanla gözlənilən qərarının Taksim hadisələrinin sonrasına təsadüf etməsi müxtəlif ağlasığmaz iddialara səbəb oldu. Gezi Parkı dirənişində «Fener», «Beşiktaş» və «Qalatasaray» tərəfdarlar qrupları etiraz dalğasının ön sırasında idilər. Və bu da belə bir iddiaya yol açdı ki, guya iqtidar bir tərəfdən klubları cəzalandırır, digər tərəfdən də klub rəhbərliklərini dəyişdirib, onları hökumətə, hətta nurçulara yaxın adamların nəzarətinə vermək istəyir.
Bu qədər iddiaların səbəbini Türkiyədə klub rəhbəri olmağın verdiyi imkan və imtiyazlarda axtarmaq lazımdır. Klub başqanları çox zəngindirlər, böyük sərvət sahibidirlər. Bu sərvəti isə futboldan yox, onun verdiyi nüfuz və güc, şan və şöhrətdən qazanırlar. Başqanlıq onlara həm iqtisadi müstəqillik, həm də siyasi rıçaqlar verir, klub başqanının siyasət koridorlarında açmadığı qapı yoxdur.
Heç şübhəsiz ki, Türkiyənin ən məşhur və adı gündəmi ən çox «işğal edən» başqanı Aziz Yıldırımdır. 15 ildir ki, «Fenerbahçe»yə rəhbərlik edir. Bu müddət ərzində 10 dəfə başqanlıq yarışını udub, özündən çox sevdiyi «Fener»ə qələbələr, kubok və medallar qazandırıb. Ən əsası isə klubu uzun və çətin şirkətləşmə prosesindən keçirdərək professional bir qurum halına gətirib. Aziz Bəyi şəxsən tanıyıram, onun futbol sevdasına, «Fener»ə olan bağlılığına yaxından bələdəm. Uğurlu bir karyeraya sahib olması, iş adamı kimi nüfuzu belə onun əbədi başqan olması üçün əsas vermir. Növbə başqalarına gəldi…
Ali Koç «Koç Holdinq»in qurucusu əfsanəvi Vehbi Koçun nəvəsi, ölkənin ən böyük iş adamlarından Rahmi Koçun oğludur. «Post Yıldırım» dövrü üçün dünənə qədər ən güclü namizədlərdən biri idi. Amma Koç Qrupunun sahibi olduğu «Divan» oteli Gezi Parkı hadisələrində dirənişçilərə yardım etdi deyə ittihamlarla üzləşmiş, baş nazir Ərdoğanın qəzəbinə səbəb olmuşdu. Bu durumda A. Koç namizədliyindən vaz keçə bilər. Başqa bir namizəd sonuncu Forbes sıralamasında Türkiyənin ən zəngin adamı ünvanını almış Ferit Şahengdir. O da «fanatik Fenerli» imajı ilə ən real namizədlərdən biridir. Lakin o da Taksim hadisələrindən nəsibini aldı. A.Koçtan fərqli olaraq F. Şaheng iqtidarın yox, nümayişçilərin qəzəbinə tuş gəlib. Dirənişçilər onun sahibi olduğu media quruluşları, restoran və kafelərini boykot edirlər. Bu vəziyyətdə Nihat Özdəmir ən güclü namizəd olaraq önə çıxır. 15 ildir A.Yıldırımın 1-ci müavini olan N.Özdəmirin iqtidara yaxın olması da onun şansını xeyli artırır.
«Qalatasaray» tərəfdarıyam, özü də fanatik. Amma bu məqaləni yazarkən «Cimbom»lu kimliyimi kənara qoymuşdum. Düşünürdüm ki, «Cimbom»-«Fener» rəqabəti olmasa, futbolun dadı-duzu qalmaz. Odur ki, «Fener»ə vurulmuş hər bir zərbəni ümumilikdə türk futboluna vurulmuş bir zərbə kimi qəbul edirəm. Və «Fenerbahçe»nin yeni başqanının kim olacağından asılı olmayaraq türk futbolunun qarşısındakı ən ümdə məsələnin təmizlənmək, yeni, bəyaz bir səhifə açmaq olduğuna inanıram. Taksim olaylarından sonra hamı bu ölkənin artıq başqa bir ölkə olduğundan danışır. Yeni Türkiyənin Yeni İnsanı hər şeyin yenilənməsini, hətta futbolun belə arınmasını, saflaşmasını istəyir. Bu yenilik rüzgarının həyatın hər sahəsinə siraət etməsi artıq şərt oldu.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 244