Taekvondoçular Çelyabinskdə 3 medal qazanıblar
Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə Rusiya açıq çempionatı başa çatıb. Dünya Taekvondo Federasiyasının (DTF) G-1 kateqoriyalı 3-cü beynəlxalq turnirində millimiz 2 gümüş və 1 bürünc medal qazanıb. Baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə turnirə qatılan idmançılardan Samir Cavadlı (58 kq) Nikita İvaşın, Ten Li En, İlya Poskotinovu (hər üçü Rusiya) məğlub edərək, finala yüksəlib. Lakin o, bu uğurunu həlledici görüşdə davam etdirə bilməyib. Finalda yerli Zanat İskakova (RUS) yenilərək yarışı gümüş medalla başa vurub.
Ceyhun Həsənli (87 kq) də finala kimi inamla irəliləyib. Təmsilçimiz Serqey Avaçevlə İvan Bukonovu (hər ikisi Rusiya) yensə də, həlledici qarşılaşmada özbək Cəsur Baykuziyevə yenilib.
Komandamızın digər üzvü — Samir Aydınov (54 kq) isə Sultan Sanzar (Qazaxıstan) və Aleksandr Lastovkaya (Rusiya) qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Lakin finala vəsiqə uğrunda döyüşdə Qazaxıstan idmançısı Salamat Baybatrova yenilən taekvondoçumuz bürünc medalla kifayətlənib.