Suxum naharları
Yerevan
Günəş nəvaziş saçır. Dəniz ipilıqdır. Dalğalar sahili yalayır. Amma çimərliyə çıxmaq qəti qadağandır. Sahil atəş altındadır. Snayperlər sahili ona görə nişangahda saxlamırlar ki, günəş nəvaziş saçır, dəniz ipilıqdır, dalğalarsa sahili yalayır. Ona görə ki, müharibə gedir.
Qəribə müharibədir. Sahil atəş altındadır, amma Suxumda Ağ Evdə nahar verirlər. Böyük nahar. Gürcüstan prezidenti Eduard Amvrosiyeviç Şevardnadze özü orada iştirak edəcək. Nahar isə gürcü silahının abxazlar, gürcü jurnalistlərin dili ilə desək, separatistlər üzərində qələbəsi şərəfinədir.
Masa arxasında gürcü müdafiə qüvvələrinin rəhbəri Tengiz Ketovani daxil, bir neçə nazir, dünyanın, yəqin, ən gənc generalı İrakli Karkaraşvili daxil, bir neçə general, sonradan Ermənistanın xarici işlər nazirinin müavini olmuş Şavarş Köçəryan daxil, bir neçə erməni deputat və bəndəniz daxil, bir neçə jurnalist yığışıb. Erməni deputatlar Suxuma gəliblər görsünlər ki, gürcü silahının qələbəsindən Abxaziyanın erməni əhalisi çoxmu əziyyət çəkir. Prezident Şevardnadze qaziləri alqışlayır. Deputatlar öz narahatlıqlarını və münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəslədiklərini bildirirlər. Jurnalistlər bütün bunları vəsf etməyə — yəni qələmləri ilə — hazırdırlar. Bir sözlə, hərə öz işiylə məşğuldur.
Deyirlər, bu uzun və enli masanın arxasında İosif Stalin yeyib-içməyi xoşlayırmış. Biz də onun qoyduğu gözəl sülhpərvər ənənəni davam etdiririk — nahara başlayırıq. Heç vaxt təkrarlamaqdan yorulmayacağam: gürcü qonaqpərvərliyinin dünyada tayı-bərabəri yoxdur. Gürcülar var-yoxlarını qonağın qabağına yığırlar. Hətta ən ağır və kasıb günlərində də onların «var-yoxları», heç olmazsa, quzu və dana ətindən, donuz budu və xaçapuridən, lobio və pendirdən, mçadi və mamalıqadan, göbələk və satsividən, qırmızı, çəhrayı və ağ şərabdan, bu şərabları içmək üçün buynuzlar və qaynar puridən ibarətdir.
Onlar elə kövrəldici tostlar deyirlər ki, adamın gözləri yaşarır, hərçənd bu tostların kədəri işıqlı olur, buna görə də iştah küsdürmür, əksinə, artırır.
Bütöv Gürcüstanın şərəfinə! Qələbənin sağlığına! Bizim dağların sağlığına! Bu torpaqda əsrlərlə yaşamış ata-babalarımızın şərəfinə! Onlar təkəbbürlüdürlər, amma Stalinin əyləşdiyi masanın arxasında oturduqları və Xalqlar Atasının istifadə etdiyi ayaqyoluna getdikləri üçün özlərindən belə razı deyillər, onlar ulu bir millətə məxsusluqları ilə və dəyərli qonaqları ilə fəxr edirlər, buna haqları da var, çünki onlar, doğrudan da, dünyanın ən xeyirxah insanlarıdır.
Prezident, əslində, qonaqlıqda heç düz-əməlli iştirak da etmir. Bir az boşqabında diddələnir, fikirli-fikirli yarım stəkan «Borjomi» içir. Prezidenti jurnalistlərdən təhlükəsiz məsafədə əyləşdiriblər, buna baxmayaraq imkan tapıb əlimdə buynuz özümü ona yetirirəm:
— Eduard Amvrosiyeviç, — soruşuram, — Qafqazda nə vaxt sülh bərqərar olacaq?
— Sən bunu öz prezidentindən soruş, — deyə Şevardnadze kəskin cavab verir və nazirlərinin əhatəsində zalı tərk edir.
Azad edilmiş Suxumun yeni hakimiyyəti və qonaqlar banketi onlarsız başa çatdırırlar.
***
Bu əhvalatdan il yarım vaxt keçib. Günəş yenə nəvaziş saçır. Dəniz yenə ipilıqdır. Dalğalar yenə sahili yalayır. Amma çimərliyə çıxmaq qəti qadağandır. Sahil atəş altındadır. Snayperlər sahili ona görə nişangahda saxlamırlar ki, günəş nəvaziş saçır, dəniz ipilıqdır, dalğalarsa sahili yalayır. Ona görə ki, müharibə gedir.
Qəribə müharibədir. Sahil atəş altındadır, bir vaxtlar zəhmi adamın bağrını yaran tankların və zirehli maşınların yanmış qalıqları şəhərin küçələrinə səpələnib, bəzi binalardan hələ də tüstü qalxır, amma Suxumda Ağ Evdə nahar verirlər. Böyük nahar. Abxaziya prezidenti Vladislav Ardzinba özü orada iştirak edəcək. Nahar isə abxaz silahının gürcülər, abxaz jurnalistlərinin dili ilə desək, imperialistlər üzərində qələbəsi şərəfinədir.
Masa arxasında abxaz hökumətinin bir neçə naziri, bir neçə abxaz generalı, sonradan Ermənistanın xarici işlər nazirinin müavini olmuş Şavarş Köçəryan daxil, bir neçə erməni deputat və bəndəniz daxil, bir neçə jurnalist yığışıb. Erməni deputatlar Suxuma gəliblər görsünlər ki, abxaz silahının qələbəsindən buranın erməni əhalisi çoxmu əziyyət çəkir. Prezident Ardzinba qaziləri alqışlayır. Deputatlar öz narahatlıqlarını və münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəslədiklərini bildirirlər. Jurnalistlər bütün bunları vəsf etməyə — yəni qələmləri ilə — hazırdırlar. Bir sözlə, əvvəlkitək hərə öz işiylə məşğuldur.
Sonra isə — hə, hə, — həmin o Ağ Evdə, deyilənlərə görə, İosif Vissarionoviçin yeyib-içməyi xoşladığı həmin uzun və enli masanın arxasında hamı eyni gözəl və sülhpərvər ənənəni davam etdirir — biz nahara başlayırıq. Heç vaxt təkrarlamaqdan yorulmayacağam: abxaz qonaqpərvərliyi, prinsipcə, gürcü qonaqpərvərliyindən fərqlənmir. Abxazlar var-yoxlarını qonağın qabağına yığırlar. Hətta ən ağır və kasıb günlərində də onların «var-yoxları», heç olmazsa, quzu və dana ətindən, donuz budu və xaçapuridən, lobio və pendirdən, mçadi və mamalıqadan, göbələk və satsividən, qırmızı, çəhrayı və ağ şərabdan, bu şərabları içmək üçün buynuzlar və qaynar puridən ibarət olur.
Onlar elə kövrəldici tostlar deyirlər ki, adamın gözləri yaşarır, hərçənd bu tostların kədəri işıqlı olur, buna görə də iştah küsdürmür, əksinə, artırır.
Azad Abxaziyanın şərəfinə! Qələbənin sağlığına! Bizim dağların sağlığına! Bizim dənizin sağlığına! Bu torpaqda əsrlərlə yaşamış ata-babalarımızın şərəfinə! Onlar təkəbbürlüdürlər, amma Stalinin əyləşdiyi masanın arxasında oturduqları və Xalqlar Atasının istifadə etdiyi ayaqyoluna getdikləri üçün özlərindən belə razı deyillər, onlar ulu bir millətə məxsusluqları ilə və dəyərli qonaqları ilə fəxr edirlər, buna haqları da var, çünki onlar, doğrudan da, dünyanın ən xeyirxah insanlarıdır.
— Cənab prezident, — Vladislav Ardzinbanı yanlayıram, — necə fikirləşirsiniz, Qafqazda nə vaxt sülh bərqərar olacaq?
Ardzinba qaş-qabağını sallayıb cavab verir:
— Siz bunu Gürcüstanın prezidentindən soruşun!
… XXI əsrdir. Qafqazda əvvəl necə sülh yox idisə, indi də yoxdur. Hardan olsun? Bir halda ki, prezidentlər özləri bilmirlər, hardan …
Ruscadan tərcümə etdi: Arif Əliyev