Muəllif:

Şuşa, Berlin… və bayram duyğuları

Faşizm üzərində Qələbənin qeyd olunduğu 9 may günü məndə ta uşaqlıqdan xoş duyğular oyadıb. Səbəbi çoxdur: atam müharibədə vuruşub, Stalinqrad döyüşlərində iştirak edib, kontuziya alıb. İlk dəfə onun hərbi biletini əlimə alanda çox qürrələnmişəm. Doğulduğum kiçik kənddən altmışdan çox adam müharibəyə gedib, yarısı qayıtmayıb. Üç əmim də müharibə iştirakçısı olub, biri Yaponiya cəbhəsində vuruşub, ikisi Berlinə kimi gedib-çıxıb. Onlardan biri — sağ qalanı, 93 yaşlı Ərşad kişi hazırda Şirvan şəhərində yaşayır və hər ilin 9 may günündə orden-medallarını taxıb camaatın gur olduğu yerlərdə şəstlə gəzir. Kişinin buna tam haqqı var, çünki Dnepr uğrunda vuruşub, Polşanın azad olunmasında iştirak edib, kəşfiyyat qrupunun başçısı olub, dəfələrlə yaralanıb. Müharibədən sonra isə Berlində paytaxt rayonlarından birinin hərbi komendantı olub.
İlin-günün xoş vaxtına düşən Qələbə bayramı bütün bunlara, həm də bəşəriyyət üçün qorxu və avtoritarizm püskürən faşizmin yerlə-yeksan edilməsinə görə, məndə həmişə xoş ovqat yaradıb. Ta 1992-ci ilin mayına — Şuşanın işğalına kimi.
Əlbəttə, Şuşanın işğalının bu günlə birbaşa əlaqəsi yoxdur, amma taleyin istehzasıdır ki, məhz Qələbə günü ərəfəsində məmləkətin incisinin d`üşmən əlinə keçməsi duyğu, düşüncə və hisslərimizin çərçivəsini daraltdı. Sevinməyi, gülməyi, ürək açıqlığı ilə şənlənməyi bizə haram etdi.
Şuşanın işğalı mənim üçün dünyanın ən qara xəbəri idi. Azərbaycan tarixi və mədəniyyəti üçün Şuşanın nə demək olduğunu xırdalamağa gərək yoxdur, üstəlik itiriləndə onun hansı dəyər daşıdığını yenidən və ayıq başla dərk etməyi də bir yana qoyuram. Şuşa həm də talelər şəhəri idi. Mənim də uşaqlığım və yeniyetməliyim bu şəhərdə keçib, orta məktəbi burada oxumuşam. Özümü az-çox burada dərk etmişəm, yaddaşımda bənzərsiz insanlar qalıb. Cıdır düzünü, Qırxpilləkəni, Qızıl qayanı, Daşaltını, Zarıslı meşələrini qarış-qarış gəzmişəm. Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natəvanın ev muzeylərini kiçik eksponatlarına qədər yaddaşıma köçürmüşəm. Hər il istirahətə gələn onlarca məşhur şəxsi İsa bulağında görmüşəm. Şuşanın yaddaşımda ilişib qalmış unudulmaz mənzərələri indinin özündə də tez-tez yuxularıma gəlir.
Mayın 8-də televiziyada «Xəbərlər»in gecə buraxılışını mən aparırdım, Şuşadan həyəcanlı və bir-birinə zidd xəbərlər gəlirdi. Məmləkətdə hamı nəfəs çəkmədən bu dolaşıq xəbərləri izləyirdi. Efirə çıxmağa hazırlaşırdım, situasiyanı aydınlaşdıracaq heç bir məlumat yox idi, teletayp susurdu, telefonlar dillənmirdi, zənglərimizə hay verən tapılmırdı. AzTV-nin gecə vaxtlarında sükuta qərq olmuş xəbər studiyasında və növbətçi otağında, sözün əsl mənasında keşik çəkdiyim anlarda hər telefon zəngi mənə bir göy gurultusu, hər məlumat bir ildırım çaxması kimi gəlirdi. Gecəyə doğru belə bir məlumat yayıldı ki, Şuşa ermənilərdən təmizlənib və vəziyyətə Azərbaycan ordusu nəzarət edir. Bu barədə yazılı məlumatı nazirliyin baş qərargah rəisi Şahin Musayev təsdiqləyirdi, AzərTAc da xəbəri bizə göndərmişdi. Mən uşaq kimi sevinirdim, proqramı yüksək əhval-ruhiyyə ilə apardım, yəqin ki, həmin gecə çox adam rahat yatdı. Sən demə, nazirliyin yaydığı xəbər yalanmış…
Doğru məlumat ertəsi gün — mayın 9-da yayıldı. Və şəhərin süqutu xəbəri məni tok kimi vurdu, bədənimə dolan cərəyan bütün vücudumu gizildətdi. O gün bütün dünya mənə qaranlıq və mənasız bir şey kimi görünürdü. Qələbə gününə aid xoş duyğuların da içimdə gilə-gilə əridiyini hiss etdim. Həqiqi Vətən sevgisinin və Şuşanın nə demək olduğunu anlayan bütün soydaşlarım kimi mənim də içimin göynərtisi keçmir.
Heç bilmirəm indi insanlar belə duyğuları yaşayır ya yox? Çünki dəyərlərin gilə-gilə əridiyi, məzmunun itdiyi, mahiyyətin dəyişdiyi bu günlərdə insanların əksəriyyəti bir qarın çörək üçün yaşayır, maddiyyat önə keçib, mənəvi dünyamız daralıb, hər şey ani instinktlərə tabe etdirilib. Cismani ehtiyacların ödənməsi uğrunda gedən mübarizə fonunda tapdalanan mənəviyyatın hayqırtısını batırmaq, prosesləri rahat və ağrısız yaşamaq, özümüzü ovutmaq üçün isə bizə çal-çağır, şoular və mənasını anlamadığımız bayramlar gərəkdir. Bu bayramların əksəriyyəti gecənin qaranlığını bir anlığa bəzəkli şüaları ilə işıqlandıran fişənglər kimi duyğularımıza heç bir iz salmadan keçib gedir. Biz özümüz də hiss etmədən həmin işıqların keçici parıltısının içimizdə yaratdığı ani duyğuların əsirinə çevrilirik.
Əlbəttə, adına bayram deyilən istənilən kütləvi tədbirin mütləq bir ideologiyası olmalıdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir Bayraq bayramı təsis olunmuşdu. Həmin gün məktəblilər, Bakının mərkəzi küçələrini gəzir, əllərindəki kiçik üçrəngli bayrağı qarşılarına çıxanlara hədiyyə edirdilər. Cümhuriyyəti yaradanlar bu rəmzi bayraqlar vasitəsi ilə ürəklərə istiqlal damcıları çiləyirdilər. Bu bayram xalqın can atdığı azadlığın rəmzi, hər kəsi qürurlandıran müstəqilliyin zərif nişanəsi idi. Yəni fikir, məna və ideologiya istənilən bayramın ruhu sayılır. Ruhsuz canlı müqəvvadan başqa bir şey olmadığı kimi, düşünülmüş aydın ideologiyası, məzmunu, ruhu olmayan bayramlar da həmin müqəvvalar üçün bir vitrindir.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214