Muəllif:

Sürücülük vəsiqəsi üçün tibbi arayış tələb olumayacaq

Bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərdən tibbi arayış tələb edilməyəcək. Texniki baxış məsələsinə isə «özəl» baxış qalır. Milli Məclisin son iclasında “Yol hərəkəti haqqında” qanuna edilən əlavə və dəyişikliyə görə yalnız yaşı 60-dan yuxarı olanlar sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcəklər.
Qanuna edilən dəyişikliyə görə, 70 yaşından sonra sürücülərə hər iki ildən bir vəsiqəsinin dəyişdirmək tələbi də qoyulub.
Deputat Qüdrət Həsənquliyevsə hesab edir ki, bu tələbin qoyulması həm 70 yaşını adlayan insanlara hörmətsizlik, həm də ayrı-seçkilikdir: “Sanki onlara deyirik ki, sən həyatını başa vurmusan. İnsanlara bu cür davranmaq olmaz. 80 yaşında adamlar var ki, cavanlardan da gümrahdır”.
Tibbi arayış tələbi olmadan vətəndaşlara sürücülük vəsiqəsinin verilməsinə gəlincə, SN Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə “Trend”ə deyib ki, şəxsiyyət və ya sürücülük vəsiqəsinin verilməsi zamanı tələb olunan tibbi arayışların “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən alınması nəzərdə tutulur. Bununla da SN-nin elektron informasiya bazasında arayışla bağlı bütün məlumatlar DİN informasiya sistemində əks olunacaq: “Vətəndaşın şəxsiyyət vəsiqəsində yer alan qan qrupu, göz rəngi kimi fərdi məlumatlar tibbi arayışdan avtomatik əldə olunacaq. Artıq kənar müdaxilə və ya proseslərə ehtiyac qalmayacaq. Sadəcə tibbi kartların identifikasiya kodu ilə məlumatlar bizim bazadan DİN bazasına göndəriləcək. Hazırda ikitərəfli məlumat mübadiləsinin təkmilləşdirilməsi üzərində iş davam etdirilir. DİN ilə bizim optik rabitəmiz qurulub. Biz sözügedən nazirliyin elektron informasiya bazasından şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla, onun sahibi ilə bağlı məlumatları, təlimatları əldə edə bilirik”. Onun sözlərinə görə, elektron baza gələcəkdə respublikanın digər dövlət müəssisələrinin elektron bazaları ilə birləşdiriləcək.
Sürücüləri sevindirəcək digər bir dəyişiklik isə avtomobillərin texniki baxışdan keçirilməsi ilə əlaqədardır. Belə ki, yeni maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçdikdən sonra hər il texniki baxış tələbi olacaq. Texniki baxış 11 regionda həyata keçiriləcək.
Yeni avtomobillər Fransa, İspaniya, Cənubi Koreya, Rusiya, Qazaxıstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad edilirlər. Fransa və İspaniyada 3 ili tamam olandan sonra istismar müddətinin 10 ilinə qədər maşınlar 2 ildən bir texniki baxışdan keçirilir. Almaniya və Yaponiyada yalnız 11-ci ilinə keçdikdə hər il texniki baxış tələb olunur. Rusiya və Qazaxıstanda 7, Polşada 4 ildən sonra hər il avtomobillərin texniki baxışdan keçirilməsi icbari xarakter daşıyır. ABŞ-ın 13 ştatında isə avtomobillərin texniki baxışdan keçməsi vacib deyil. Yəni bu, maşın sahiblərinin istəyindən asılıdır. Digər ştatlarda isə ya hər il, ya da 2 ildən bir bütün avtomobillər texniki baxışdan keçməlidir.
Ukraynada və Gürcüstanda isə texniki baxış ləğv edilib. Prezident Mixail Saakaşvili avtomobillərə texniki baxışın korrupsiya mənbəyi olduğunu yaxşı bilir. O hesab edir ki, avtomobil vətəndaşın və təşkilatın mülkiyyətidir və onun texniki sazlığında özü maraqlıdır, özü də qayğısına qalsın… Gördüyümüz kimi Azərbaycanda isə bu məsələyə
«özəl» yanaşma var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 3171