Muəllif:

Suriya müstəvisində erməni «nömrəsi»

Suriyada 200 minlik erməni icması vardı. Onlar 40 il davam edən Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin diktator rejiminin xüsusi cəza dəstələrində fəallıq göstərmişdilər. Orta Doğuda baş verən son inqilabi proseslərdən sonra, diktator rejimlərinin dayaqları olmuş bu icma instinktik bir şəkildə olsa da, sosial şəbəkələrə üz tutmuşdur. Soyqırıma məruz qalmaları yönündə şivən qoparan çərkəzlər və ermənilər özlərinə yeni istinad nöqtələri, himayədar axtarışına (ovuna — desək bəlkə daha doğru olardı) çıxmışlar. Çərkəzlərin bir qismi İordaniya və Türkiyəyə, digərləri isə Rusiya, ABŞ və Avropa ölkələrinə mühacirətə getməyə məcbur olmuşlar.
Bu günün erməniləri isə əcdadlarının taktikası ilə gedirlər. Məsum donuna girməklə bu dəfə digər antitürk mərkəzlərin «siyasi maşası» olmaq üçün hərəkətə keçmişlər. Bilirlər ki, onlarda pul olmamış deyil.
Vətəndaş savaşının səbəbkarı olan ermənilər
Orta Doğu ölkələrində yaşayan erməni icmaları hər zaman baş qərargahı Livanın paytaxtı Beyruıda yerləşən «Orta Doğu Erməni Milli Şurası» (Livan, Suriya, Qətər, İraq, Fələstin, İordaniya, İran, İsrail) tərəfindən idarə olunmuşdur. İraqda Səddam Hüseyn, Suriyada «Əsəd ailəsi», Livanda «Həriri ailəsi», Liviyada «Qəddafi rejimi», Misirdə «Mübarək klanı» və digər diktator rejimlərin çirkli pullarının leqallaşdırılması, gizli cəza qüvvələrinin, yəni «ölüm eskadronları»nın yaradılması, kəşfiyyat, işgəncə, terrorlar üzrə şəbəkələrin yaradılması, onların idarə edilməsi sahəsində ermənilərin böyük xidmətləri olmuşdur. Elə bil bu xalq hakimiyyətdə olan diktator rejimlərinin zopası rolunda çıxış etmək, cəza aparatının mütəhərrik şəkildə fəaliyyət göstərməsi üçün yaranmışdır.
1940-cı illərin sonlarından başlayaraq, Orta Doğu ölkələrində qurulan yeni müstəqil diktator rejimlərinin ən yaxın silahdaşı olan ermənilərin bu yöndəki fəaliyyətləri çox təəssüflər olsun ki, bu günə kimi xüsusi mövzular olaraq araşdırılmamışdır. Bu yöndə ilk dəfə Suriyada yaşayan və mənşəcə qaraçay türkü olan Məhəmməd Buday iki kitab yazdığına görə Bəşər Əsədin hakimiyyəti zamanı 10 il həbsdə olmuşdur.
Məhəmməd Buday siyasi məhbusların saxlanıldığı yerlərdə işgəncələr üzrə ixtisaslaşmış ermənilərin onun dırnaqlarını necə çıxarması, xlorlu suda yarıçılpaq şəraitdə günlərlə saxlanılması haqqında xatirə kitabları, tükürpədici epizodlarla doludur. Bu əsərlərin hər səhifəsində Əsəd rejiminin adından işgəncələr zamanı ən çox təhqirlərə məruz qalan da Suriyada yaşayan türk toplumunun təmsilçiləri idi. Söhbət Suriyada yaşayan türkman, qaraçay, balkar, Anadolu və Azərbaycan türkləri daxildir.
Bəzi statististik rəqəmlərə görə, 20 milyonluq Suriyada əhalinin 5 milyonu türk əsillidir. Ancaq, erməni strateqlərinin hazırladığı proqram əsasında 40 illik Əsəd rejimi, yəni hakim BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) partiyası tərəfindən türklər ya asimliasiyaya məruz qalmalı, ya da işgəncə aparatı sayəsində gizli soyqırıma məruz qalmalı idilər. Ermənilər və çərkəzlər Əsəd rejiminin maşası rolunda çıxış edərək Suriyada ərəb, çərkəz və ermənilər xaric, digər xalqların hüquq və azadlıqlarının tanınmaması siyasətinin daim qatı müdafiəçisi olmuşlar.
Ötən 40 ildə Əsəd rejiminə qarşı kin, küdurət, qəzəb, intiqam kimi duyğular o qədər inkişaf etmişdir ki, bu gün üsyan edən xalqın bir kəsimi sadəcə rejimin cəlladı rolunda çıxış edən şəbəkələrə qarşı daha qəddarcasına yanaşmaqla keçmişin qisasını alırlar. Bur cəbhəyə Əsəd rejiminə qarşı müxalifətdə olan bir sıra ərəb qəbilələri, türklər və kürdlər daxildir.
Xristian təəssübü ladı üzərində antitürk oyunu
Ermənilərin Kilikiya Kilsəsi də açıq şəkildə anlayır ki, onların icması Suriyada cərəyan edən vətəndaş savaşının baiskarlarından biridir. Bu savaşın sonunda onların bir daha bu ölkədə yaşamaq imkanlarını olmayacaq. Təbii ki, bu aqibəti dərk etdikləri üçün Avropa, ABŞ və digər xristian dövlətlərinə üz tutmuşlar.
Ortada onlar üçün bir İraq örnəyi var. Onlar bunu bir dəfə orada yaşadılar. 2003-cü ildə Səddam Hüseynin qanlı diktatorluğuna son qoyulan ərəfədə İraqdan 10 min nəfərlik erməni kütləsi «xristian əhali» qismində Fransa, İspaniya, Argentina, Uruqvay, Panama, Braziliya, Meksika, uzaq Avstraliya və digər dövlətlərə səpələnməyə məcbur oldular.
Bu dəfə isə 200 minlik erməni mühacirəti gözlənilir. Qərb dövlətləri bu həddə miqrasiya axınına hazırdırlarmı? Təbii ki, ciddi məsələdir və onlar çaşqınlıq içərisində qalıblar.
Qərb mətbuatında getmiş analitik yazılarda da zatən qeyd olunur ki, ermənilərin bir Ermənistan dövləti varsa, bu zaman nədən Əlcəzair, Tunis, Misir, İraq və digər Orta Doğu dövlətlərindən onlar məhz başqa dövlətlərə miqrasiya edirlər?
Bütün bu vurhavurların fonunda diqqəti çəkən bir epizodla üzləşdik: erməni mərkəzləri və onların Qərbin güc mərkəzlərindəki «təsir agentləri» diqqəti Türkiyə-Ermənistan sərhədinə yönəltdilər. Son bir ayda başda ABŞ olmaqla bir sıra dövlətlərdə Suriya ermənilərinin Türkiyə üzərindən Ermənistana mühacirətə getməsi üçün sərhədin açılması üçün imza kampaniyasına beləcə başlanıldı. Halbuki onlar elə İraq və İran üzərindən də heç bir problem olmadan sərbəstcə Ermənistana tərəf hərəkət edə, «miatsumu» gerçəkləşdirə bilərdilər.
«Amerika Erməni Milli Assambleyası»nın (EMA) hazırladığı hesabata nəzər salaq:
«Suriyada davam edən vətəndaş savaşı səbəbindən 60 min insan qətliam olunmuş, 500 min insan isə ölkədən qaçqın düşmüş və 3 milyon vətəndaş ölkə daxilində ən ağır məhrumiyyətlərə məruz qalmışlar. Onların arasında isə ermənilər və çərkəzlər üstünlük təşkil edirlər. Ermənilərin soyqırımdan qurtulmasının tək çözüm yolu isə Türkiyə üzərindən onların Ermənistana köçməsi üçün müvafiq şəraitin yaradılmasıdır».
ABŞ-dakı «ANCA», «Erməni Təşkilatları Koordinasiya Şurası», «Amerikalılar Artsax Uğrunda», «Zoryan — Ermənişünaslıq İnstitutu», «Armenian National Institute», «National Association for Armenian Studies and Research, NAASR», «Advita Fondu», «Armenian Heritage Press», «Society for Armenian Studies, SAS», «University of California, Los Angeles (UCLA) — AEF (Armenian Educational Foundation) Chair of Modern Armenian History», «AGBU-Erməni Humanitar Mərkəzi», «Şərqi Amerika Erməni Yeparxiya Kilsəsi» (Nyu-York), «Erməni Katolik Kilsəsi», «Erməni Xalkedon Kilsəsi», «Erməni Yevangel Kilsəsi», «Erməni Ortodoks Kilsəsi» və digər qurumlar hərəkətə keçərək ABŞ boyunca bu zavallı «xristian» əhalisinin müdafiəsi üçün imza kampaniyasına başlamışlar. Əsas məsələ isə Türkiyəni küncə sıxışdırmaq, Ermənistanla sərhədlərin müvəqqəti də olsa açılmasına nail olmaqdır.
İmza kampaniyasında açıq şəkildə qeyd olunur ki, Suriya ermənilərinə qarşı aparılan soyqırımların qarşısını almaq mümkün olmadığı üçün, onlar digər dövlətlərə mühacirət etmək məcburiyyətində qalmışlar. Erməni ailələrində uşaqlar təhsil almaqdan belə məhrum olmuşlar. Bütün bunları nəzərə alaraq, Ermənistan və Dağlıq Qarabağ ərazisində erməni qaçqınlarının məskunlaşması üçün yetərincə təbii imkanlar vardır.
Aparılan təbliğatlarda ermənilərin xristian olması faktoru da qabarıq şəkildə hallandırılmaqdadır. İndi bu təbliğata «Avropa Erməni Diaspor Təşkilatları Şurası» da qatılmışdır. Təbliğatda qeyd olunan əsas məvzulardan biri də 1915-ci ildə Suriya ərazisində türk ordusunun məzlum xristian erməniləri soyqırıma məruz qalmasıdır. Suriyada indi yaşanılanlarla uydurma soyqırım nə kimi əlaqəsinin olmasına isə heç kimsə diqqət etmir.
Erməni qaçqınları Qafqaza köçmək istəyirmi?
Ermənistan diaspor nazirliyinin açıqlamasına görə, Suriyadan qaçqın düşmüş erməni əhalisindən 6 min nəfər İrəvana gəlmişlər. İlyarım müddətində bunca az sayda erməni qaçqının Ermənistana gəlməsinin əsas səbəbi isə, dövlət büdcəsinin imkanlarının və qaçqınların məskunlaşması məsələsində onların mənzillə təminat şəraitinin olmamasıdır. Digər yandan, BMT və Beynəlxalq Qızıl Xaç Təşkilatının qaçqınlara İrəvanda müvafiq proqramlar əsasında kömək edilməsi üçün müvafiq layihələrinin hələ də hazır olmamasıdır.
Beləliklə aydın olur ki, erməniləri qaçqınlıq problemindən daha çox, Türkiyə və Azərbaycana qarşı təzyiqlərin beynəlxalq səviyyədə artması daha çox maraqlandırır. Erməni qaçqınları onlara dəstək qismində 2009-cu ildə Sürixdə imzalanmış Türkiyə-Ermənistan Protokolu məsələsinin yenidən gündəmə gətirilməsini də fəal şəkildə müdafiə edirlər.
ABŞ-da başlanılan imza kampaniyasında erməni təşkilatlarının əsas hədəfi fevralın 4-nə kimi 25 min imza əldə etmək, bunun ardınca Konqresdə və Senatda Türkiyə və Azərbaycana qarşı təzyiqlərin artırılmasına, sərhədlərin açılmasına, humanitar dəhliz məsələsinin təmin edilməsinə nail olmaqdır. Onların planı bundan ibarətdir.
Ermənilər iddia edirlər ki, 1993-cü ildən Azərbaycan və Türkiyə Ermənistanı blokada şəraitində saxlayırlar. Buna görə də ölkənin itkiləri milyardlarla dollarla ölçülür (?!). Türkiyə tərəfi isə bildirmişdir ki, əgər Ermənistan humanitar siyasəti müdafiə edirsə, bu zaman Azərbaycanın işğal olunmuş ərazilərinə qaçqın düşmüş azərbaycanlılar da zatən bu humanitar siyasətdən məhrum edilmişlər. Azərbaycanın qaçqın düşümüş bir milyon əhalisi üçün humanitar siyasət rəsmiləşdirilməyincə, Türkiyə də İqdır vilayəti üzərindən Ermənistana humanitar yüklərin daşınması üçün sərhədlərini açmayacaqdır.
İrəvandakı əksər humanitar yardım təşkilatları etiraf etmişlər ki, erməni qaçqınlarının məskunlaşması məsələsində xeyli problemlər var. «Qardaşına Yardım Et» təşkilatının sədri, parlamentin deputatı, Daşnaksütyun Partiyasi siyasi şurasının üzvü Vaan Ovannisyan Rusiyada dərc olunan «Yerkramas» qəzetinə açıqlamasında deyir:
«Avropa, ABŞ və Rusiyada apardığımız genişmiqyaslı təbliğata baxmayaraq, ümidlərimiz doğrulmadı. Buna görə də Suriya erməniləri Ermənistana köçmək fikrində deyildir. Bu da beynəlxalq səviyyədə erməni diasporunun mövqelərinin zəifləməsinə səbəb olmuşdur».
Türkiyə tərəfi Suriyadakı ermənilərə humanitar yardımların daşınmasında koridorun açılması üçün müvafiq şəraitin yaradılmasına dəstək verdiyini bildirmişdir. 500 minlik Suriya qaçqınlarından 150 min nəfərin Türkiyədə qaçqın kimi yaşaması faktı da rəsmi Ankaranın humanist mövqeyini bir daha təsdiq edir. Ermənilər isə siyasi avantüraya hesablanmış provakasiyaları sayəsində beynəlxalq səviyyədə antitürk ovqatına yeni forma və məzmun vermək peşindədirlər. Lakin bu «nömrə» o qədər çılpaqdır ki…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 227