Muəllif:

Şümürün qoşunu ilə iki qarşıdurma

Güney Azərbaycanın Qaradağ bölgəsində bir həftə ərzində nizami polis dəstələri ilə yerli sakinlər arasında iki dəfə qarşıdurma olub və bunu məlum Kərbəla vaqiəsində alı keçən Şümürün qoşunu ilə mücadilə ilə müqayisə etmək olar. Burada da «su məsələsi» var.
Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına görə, Abışəhməd kəndinin əhalisi yenidən Motallı istisu layihəsinə etiraz edib. Onlar istisuyu inhisara alan sərmayəçinin müəssisəsinə hücum edib. Nəticədə yerli əhali ilə polis qüvvələri arasında ciddi qarşıdurma yaranıb.
Məlumata görə, aksiyaçılar bu termal su qaynağının inhisara alınması nəticəsində bu təbii müalicə mənbəyindən gələcəkdə yararlana bilməyəcəklərindən narazıdırlar. Hazırda yerli sakinlər bu sudan az məbləğ ödəməklə istifadə edə bilirlər. Ancaq istisu mənbəyi özəlləşdirildikdən sonra ondan yararlanmaq üçün indiki ödənişdən azı 50 dəfə artıq pul verməli olacaqlar. Bu isə onları hiddətləndirir. Necə yəni?!.
Qeyd edək ki, Abışəhməddə ötən il də bu məsələ ilə bağlı qarşıdurmalar olub. Buna səbəb əvvəllər İran İslam İnqilabı Keşikçiləri Qvardiyasına xidmət etmiş, keçmiş deputat Fətihpurun həmin kənddəki torpaqlara yiyələnmək istəyi olub. Mənbənin bildirdiyinə görə, o, qvardiyanın qanunsuz olaraq ələ keçirdiyi bu kəndə yeridilməsinə nail olub. Keçmiş qvardiyaçı və deputat Motallı istisuyunda yeni bina tikib. Bu halda yerli əhali həmin sudan istifadə etmək üçün Fətihpurun şirkətinə pul ödəməlidir. Keçmiş deputatın bu Şümürsaqaq bəd əməlinə etiraz edən kənd əhalisi də qvardiyaçıların hücumuna məruz qalıb.

Yeri gəlmişkən, hakimiyyət nümayəndələrinin Güney Azərbaycan ərazisində torpaqları zorla ələ keçriməsi ilk hal deyil. Bir neçə il öncə keçmiş prezident Haşimi Rəfsəncaninin aqrar şirkəti də Muğanda yerli sakinlərin torpaqlarını zorla ələ keçirmək istəyərkən qvardiyaçıların yardımından yararlanmışdı. Onda bir nəfər yerli sakin İran hərbçilərinin açdığı atəşdən həlak olmuşdu…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170