Sümük iliyinin tpansplantasiyası əməliyyatları aparılacaq
Yaxın zamanlarda Azərbaycanda sümük iliyinin tpansplantasiyası əməliyyatlarının həyata keçirilməsinə başlanacaq. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı Talassemiya Mərkəzində hazırlıq aparılır.
Ağayev deyib ki, Azərbaycanda çox uğurlu ürək əməliyyatları həyata keçirilir. Son illərdə istifadəyə verilmiş Elmi Cərrahiyyə Mərkəzində 700-ə qədər uşaq və böyük üzərində əməliyyat keçirilib.
Ağayev azərbaycanlıların müalicə üçün ölkəyə xaricdən gələn həkimlərə daha çox üstünlük vermələrinə də münasibət bildirib.
O deyib ki, Azərbaycana gələn xarici və ya ölkədə çalışan yerli mütəxəssisə müraciət etmək insanların öz seçimidir. Eyni zamanda, xarici ölkələrə gedərək orada müalicə olunmaq da insanların hüquqlarıdır. Ancaq bu gün Azərbaycan səhiyyəsində mümkün ola bilməyən bir əməliyyat və ya tibbi prosedur yoxdur.
Nazir müavininin sözlərinə görə, xəstəliklə əlaqədar Azərbaycandan kənara gedən insanların sayı ildən-ilə azalır və azalacaq da.
Xarici mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərməsinə gəldikdə, Ağayev deyib ki, bu məsələ də qanunla tənzimlənir. Nazir müavininin sözlərinə görə, xarici mütəxəssislər Azərbaycana gələrək burada fəaliyyət göstərə bilərlər. Ancaq bunun üçün onlar Səhiyyə Nazirliyindən icazə şəhadətnaməsi və Dövlət Miqrasiya Xidmətindən əmək fəaliyyəti ilə məşğul olmasına imkan verən viza almalıdırlar