Sumqayıtda silahlı insident: radikal dinçilər nəyisə bölə bilməyiblər?
Sumqayıtda ötən gecə baş verən silahlı insidentin bəzi detalları məlum olub. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb. Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il doğumlu Anar Rəhimov, 1976-cı il doğumlu Elmar Məmmədli və 1988-ci il doğumlu Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.
Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmin şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.
Silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Atışma 10-cu mikrorayonda, “Soltan” marketin yaxınlığında baş verib.