Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olub
Sumqayıt ın şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olub. Mərasimdə prezident İlham Əliyev də iştirak edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına məlumat verdi ki, sənaye parkı beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılıb. Parkın ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaq. Parkın inzibati-sosial zonasında 16 və 20 mərtəbəli iki inzibati bina, Peşə Tədris Mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, ikikorpuslu otel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və bir sıra digər sosial obyektlər inşa ediləcək. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35 — 40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi iş yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunub.
Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkında «bir pəncərə» sistemi tətbiq edilib. Burada artıq iki rezident — «SOCAR-Polimer» və «Azərtexnolayn» Məhdud Məsuliyyətli cəmiyyətləri qeydiyyata alınıb.
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlini qoyduqdan sonra inşaatçılarla görüşdü. Əliyev dedi: «Əminəm ki, qısa müddət ərzində bax bu ərazidə böyük sənaye şəhəri yaradılacaqdır. Sumqayıt bu gün müasir sənaye şəhəridir. Burada artıq onlarla yeni müasir müəssisə fəaliyyət göstərir. Kimya Sənaye Parkının yaradılması Sumqayıtın inkişafına böyük təkan verəcəkdir. Burada minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaqdır, onlarla yeni müəssisə yaradılacaqdır. Müəssisələrin hamısı yüksək standartlara uyğun olacaqdır. Ən yüksək ekoloji standartlar burada tətbiq ediləcəkdir.
Təqribən 200 hektara yaxın bu ərazi ekoloji fəlakət ərazisi idi. Burada ekoloji normalara riayət edilmirdi. Demək olar ki, bu ərazinin təmizlənməsi böyük bir qəhrəmanlıq idi. Ancaq biz bunu təmizlədik. Ekoloji cəhətdən tam təmiz ərazidir. Burada Azərbaycanı və Sumqayıtı gələcəkdə sənaye mərkəzi kimi təsdiqləyən onlarla müəssisə yaradılacaqdır. Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir».