Muəllif:

Sumi Jo, Kim Ki Duk

İstanbul
Sumi Jo («Sumi Yo» kimi oxunur) dünyanın ən məhşur sopranolarından biridir. İtaliyanın ən prestijli musiqi məktəbi olan Accademia Santa Cecilia məzunu olan bu Opera Divası ölkəsində «Koreyanın Milli sərvəti» sayılır. Dünya səhnəsinə vəsiqəsini zəmanəmizin ən böyük dirijorlarından biri olan Herbert fon Karayan tərəfindən alıb, Riccardo Muti, Zubin Meta kimi görkəmli sənətkarlarla La Scala, Metropolitan Opera, Covent Garden və başqa məhşur səhnələrdə çıxış edir. Sumi Jo Rusiyada da olduqca populyardır. Tələbkar rus operasevərlərinin sevgisini qazanmaq nə qədər çətin olsa da, o buna nail olub.
Bir-neçə il əvvəl Moskvada, Tverskayadakı otellərdən birinin lobbisində təsadüfən Sumi Jo ilə tanış olmuş, ondan bu fantastik uğurlarının sirrini sormuşdum. Lakonik bir cavab vermişdi: Sumi Jo: «Heç uşaqlığım olmadı, sürəkli çalışdım. Elə indi də həyatım fərqli deyil — konsertlər və məşqlər»…
Keçən bazar səhər tezdən kiçik qızımla qırmızı işıqda dayanmış məktəbli avtobusu gördük. İçində çoxlu məktəbyaşlı uşaq var idi, hamısı da «çəkikgözlü». Bir-neçəsi qızımın sinif yoldaşları idi. Onların bazar günü belə erkəndən hara getdiyini soruşduğumda, qızım, «Koreyalı uşaqlar üçün şənbə-bazar yoxdur ki. Yazıqları məktəbdənxaric əlavə dərslərə aparırlar» dedi. Arxasınca da əlavə etdi — «Çox yorurlar onları».
Axşam dəqiqləşdirmək istədim eşitdiklərimi. Məlum oldu ki, doğurdan da siniflərindəki türk, amerikan, fransız, hind, yapon uşaqlar həftədə 2 gün dincəlirlər. Koreyalılar isə həftəsonu «Koreya məktəbinə» də gedir, burada ana dillərində özəl proqramdan keçirlər. Çünki hər bir koreyalı şagird ən az 2 xarici dil bilməli, ən az 1 musiqi alətində çalmalı, mütəmadi idmanla məşğul olmalıdır.
Qızımla bir sinifdə 3 cənubi koreyalı oxuyur — Seong Joo riyaziyyatdan məktəb birincisidir, piano çalır; Yoon Jung çəlimsiz, şirin bir qız uşağıdır, həm humanitar, həm də dəqiq elmlərdən qiymətləri 100-dür; Ju Hyung, gələcəyin piano virtuozu olacaq bu gedişlə…
İllər öncə görkəmli sovet jurnalisti, uzun illər Yaponiyada yaşamış Vsevolod Ovçinnikovun tiraj rekordları qırmış «Sakura budağı» kitabını oxuduğumda yapon ailələrindəki valideyn-övlad münasibətlərinə, tərbiyə metodlarına, düşüncə tərzlərinə, yapon mentalitetinə və xarakterinə heyran olmuşdum. Xirosima və Naqasaki faciələrindən sonra yanmış, külə dönmüş bir ölkəni o küllərdən necə yenidən doğularaq dünyanın ən qüdrətli və inkişaf etmiş dövlətinə çevirən yapon xalqına, onun insanüstü əzminə valeh olmuşdum.
İndiki «Cənubi Koreya fenomeni»ni də şübhəsiz ki, insan faktoruna, koreyalılara bağlamaq, onların necə yetişdirilmələri ilə izah etmək lazımdır. «Cənubi Koreya möcüzəsini», bu möcüzənin memarı olan sadə koreyalını avropalılarla müqayisə etməyə də ehtiyac yoxdur, çünki arada ciddi bir fərq də yoxdur. Fərq şimaldakı «ifləmə» rejimin əzilmiş insanlarıyladır…
Kim Ki Duk ən sevdiyim kinorejissorlardan biri, hətta birincisidir. Onun «Tarıma çəkilmiş yay» (The Bow), «Boş ev» filmləri dünya sinemasının şah əsərlərindəndir. Bu yaxınlarda onun ən bəyəndiyim filmi olan «Bahar, yay, payız, qış və yenidən bahar» filmini növbəti dəfə seyr etdim. Koreya sinemasının inkişafında bu görkəmli ustanın danılmaz rolu qənaətinə vardım. Kim Ki Duk kimi birinin yetişməsində də milli xüsusiyyətin, ailədən gələn tələbkarlıq və sürəkli çalışma əzminin önəmini düşündüm, Sumi Jo örnəyində olduğu kimi.
Amma sadəcə Sumi Jo və Kim Ki Dukmu? Cənubi Koreyanın nailiyyətləri ancaq mədəniyyət sahəsi ilə bitmir. Koreya iqtsadiyyatından yazmağa ehtiyac varmı heç? Günlük həyatımızın hər sahəsinə girən «Samsung»un dev addımlarına baxmaq kifayət edər. Bir zamanlar dünyanın yarıdan çoxunu televiziya ilə təmin edən yaponların «Sony»si «Samsung»un rəqabətinə dayana bilməyib bu ilin əvvəlindən televiziya istehsalından çəkildi. Koreyalı mühəndislərin yeni innovasiyaları «Apple» kimi dünya markasının «taxtını» sallayır. Yaxında «Iphon»u da devirsələr, heç təəccüb etmərəm.
Dünya dənizlərində üzən tanker və gəmilərin 45 faizi Koreya tərsanələrindən endirilir suya, avtomobil sənayesi yaponlarla rəqabətə girişib. Amma əsil xəbərlər deyəsən, yaxında koreyalı həkimlərdən gələcək — diabet və xərçəngin axırına çıxmaq üçün insanın xəyal gücünü zorlayan tədqiqatlar aparırlar…
Qızımdan niyə siniflərində ən çalışqan uşaqların koreyalılar olduğunu soruşduğumda 12 yaşlı çocuğun verdiyi cavab qısa və anlamlı idi — «Çünki valideynləri uşaqlarının onlardan daha yaxşı yaşamalarını istəyirlər»…
Bir təhsil naziri gedib, yerinə başqası təyin olunub. Həm gedənin dalınca danışırlar yerli-yersiz, həm də xələfinin. Məncə, yeni nəslin müqəddəratı nazirlərin kimliyindən asılı olmamalıdır. Özümüzdən başlamalıyıq, özümüzdən…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 334