Su Texnologiyaları sərgisində çox şey təqdim olunacaq
Sabahdan Bakıda ilk dəfə Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEF-2013) sərgisi və forumu öz işinə başlayacaq və aprelin 13-də yekunlaşacaq. Sərginin təşkilatçısı «Iteca Caspian» şirkətidir.
Bununla əlaqədar bu gün Trend informasiya agentliyinin Mətbuat Mərkəzindəki mətbuat konfrasında çıxış edən «Iteca Caspian» şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə bildirib ki, sərgidə 23 ölkədən 79 şirkət iştirak edəcək. İştirakçıların 50 faizindən çoxu xarici şirkətlərdir.
Sərgi-forumda «Akkord Azərbaycan», «Hyundai» (Cənubi Koreya), «Herrenknecht AG» (Almaniya), «Krohne» (Almaniya), «Nordic Water-EMO» (İsveçrə), «Nippon Koei» (Yaponiya), «Samsun Makina» (Türkiyə), «Sumqayıt Texnologiyalar Parkı» (Azərbaycan), «Awas» (Almaniya), «DOW» (ABŞ), «Duktus» (Avstriya), «Suez Environment» (Fransa), «Xylem» (İsveç), «Hungarian Water Cluster» (Macarıstan), «PWT» (Almaniya), «Ekoton» (Rusiya), «Grundfos» (Danimarka) və s. şirkətlər iştirak edəcəklər.
Sərgidə içməli su təchizatı, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunacaq.
Sərgi ilə yanaşı Xəzər Beynəlxalq Su Texnologiyaları forumunda içməli su emalı üzrə innovativ texnologiyalar, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularla bağlı müzakirələr aparılacaq.