Şturman və «möhtəşəm Getsbi»
İstanbul
Viktor Şturman adlı bir qonşumuz var idi. Məhəllədə hamı onu «Şturman» deyə çağırırdı. Məhşur Bauman universitetindən məzun olmuşdu, amma taksi sürücüsü işləyirdi. Tanıdığım ən mütaliəli adamlardan biri idi. 1980-lərin əvvəlində eşitdik ki, Şturman ailəsi ilə İsrailə köçür. Məndən 7-8 yaş böyükdü, zəngin kitabxanası var idi. Son axşamlardan birində məni kitablarını toplamağa yardım adı ilə evlərinə çağırdı. Hər şeyləri toplanmış və qutulara yığılmışdı. Oturub səhərə qədər söhbət elədik. Ayrılmadan öncə məndən «Nə üçün gedirəm bu ölkədən bilirsənmi» deyə sordu və qəhərlənərək, yavaşca içini çəkərək belə cavab verdi — «Lənətə gəlmiş sovetlər insan kimi yaşamaq bir tərəfə, heç xəyal qurmağa belə qoymadılar». Nə söyləmək istədiyini tam anlamadan «İsraildən Amerikaya köçməyə çalışacam, bir gün bəlkə qarşılaşarıq», demişdi. Vidalaşarkən qutulardan birinin içindən çıxartdığı bir kitabı mənə hədiyyə etmişdi…
XX əsr Amerika ədəbiyyatının zirvələrindən sayılan Skot Fitceraldın şah əsəri sayılan «Möhtəşəm Getsbi» romanı idi, Şturmanın mənə hədiyyə etdiyi kitab. İkicə günə bitirmişdim. Sonra fakültədə əl-əl gəzmişdi kitab, qızlar oxuduqdan sonra kim bilir nə xəyallar qurur, nə dünyalar canlardırırdılar röyalarında — zarafatdırmı, ortada möhtəşəm Getsbinin Deyziyə olan möhtəşəm eşqi var idi. Mənsə o vaxt romanda Getsbi ilə bərabər II Dünya savaşından sonrakı Amerikaya, onun gücünə, göstərişinə, pafosuna, yazarın özünün dediyi kimi «Caz dövrünə», onun inanılmaz cazibə və romantikasına aşiq olmuşdum.
Bu kitab mənə Amerikanı sevdirən ilk kitab olmuşdu. Hətta ən sevdiyim Heminquey belə məndə «Yeni Dünya»ya bu qədər heyranlıq oyandırmamışdı. Zatən onun hekayə və romanlarında Amerika yox dərəcəsində azdır. «Möhtəşəm Getsbi»də isə Amerika möhtəşəmdir, onun həzmedilməyəcək qədər böyük azadlıqları, «içki yasağının» kriminal «romantizmi» və ən əsası kiçikdən böyüyə qədər hər kəsdə bir «Amerikan dream»i. «Amerika röyası» deyimini ilk dəfə James Adams «Amerika eposu» adlı tarixi traktatında istifadə edib: «O ölkədə hər bir insan daha yaxşı, daha zəngin və daha hərtərəfli yaşayacaq. Hər bir fərd nəyə layiqdirsə ona da sahib olacaqdır». Tam da Fitsceraldın təsvir etdiyi ölkə kimi.
20 yaşım var idi kitabı oxuduğumda. Bu kitab mənim Amerikaya baxışımı dəyişdirmişdi. Əslində dəyişən sovet rejiminə, sosializmə olan baxışım idi. «Möhtəşəm Getsbi» ümidi, inamı ilə dağları devirən bir qəhrəmanın röyasından, o xəyalın gücü haqqındadır. Fitceraldın ideyasını sinemaya tətbiq etmək, oxucu kimi tamaşaçını da arxasınca sürükləmək asan iş deyil. Romanı indiyə qədər 4 dəfə ekranlaşdırıblar. Sonuncusu keçən həftə Kann festivalının açılış filmi olan eyniadlı ekran əsəri oldu.
2,5 saat sürən filmi dünya premyerasının ilk günündə sinemada seyr etdim. «Mulen Ruj» ilə dünya sinematoqrafına bir şedevr qazandıran rejissor Baz Lurmanı bu filmində tanımaq necə də asandır. Fasiləsiz bayram havası, bitmək bilməyən dəbdəbəli dəvətlər, hər tərəfindən zənginlik fışqıran atmosfer, rəngarəng kostyumlar, lüks və göstəriş — Baz Lurmanın tərzi açıqca ortadadır. Üstəlik format da 3D olunca qarşınızda seyrinə doyumsuz vizual şölən çıxır. Seyrçinin gözünü zövqdən «dörd edən» Lurmanın əsərə sədaqəti də barizdir.
Filmin kastinqi isə başqa bir aləmdir. Leonardo Di Kaprio «Titanik»dən qalma «çocuk imajını» birdəfəlik atmaqla qalmayıb, zənnimcə, karyerasının ən mükəmməl rolunu oynayıb. Onun Getsbisi ancaq bu qədər xəyalpərəst, bu qədər romantik və bu qədər fatalist, ancaq bu qədər başdançıxardıcı ola bilərdi.
Amerika röyasının və onun əsrarəngiz gizəminin ekrana belə ustalıqla yansıması məni çox sevindirir. Bəlkə kitab oxumağı sevməyənlər filmi gördükdən sonra bu sehirli əsəri alıb oxuyacaq və Fitsceraldı Şturmanın sevdiyi qədər sevəcək və əlçatmaz xəyallar quracaqlar…
Şturman İsrailə, oradan da Amerikaya köçəndən sonra əlaqəmiz kəsilmişdi. Ancaq 20 il sonra bir təsadüf nəticəsində öyrəndim ki, qonşum Amerikada qurduğu biznesi ilə uğurlu və zəngin bir iş adamı olur. 50 yaşının tamam olmasına 1 gün qalmış yanında çalışan bir rus tərəfindən silahla öldürülür…
Filmi seyr etdiyimdən 1 həftə keçib. Şturmanı hər gün, bəzən gündə bir-neçə dəfə xatırlayıram. Düşünürəm ki, o, qurduğu xəyalları bir zamanlar həsrətində olduğu azadlıqda gerçəkləşdirə bildi. Təsəllim də elə budur.
[email protected]