Strasburq məhkəməsi Musayevin ekstradisiyasını mümkünsüz sayır
Strasburq məhkəməsi İbrahim Musayevin Azərbaycana ekstradisiyasını mümkünsüz hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşı, NMR Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İbrahim Musayevin müvafiq bildiriş olmadan Azərbaycana ekstradisiyasının mümkünsüzlüyü barədə Rusiya hakimiyyətini xəbərdar edib. Bu barədə Rusiyanın “Kavkazskiy uzel” on-line nəşri yazır.
Xatırladaq ki, NMR MTN-in əməkdaşı İ.Musayevin Azərbaycana ekstradisiyası barədə qərar sentyabrın 2-də Yaroslav məhkəməsində açıqlanıb. Məhkəmə İ.Musayevin Azərbaycana verilməsi barədə Rusiya Baş Prokurorluğunun qərarını dəyişməyib. İ.Musayevin vəkili Dmitri Suxomlinov bu qərardan Rusiya Ali Məhkəməsinə şikayət verib.
Bundan əvvəl avqustun 28-də İ.Musayev AİHM-ə ərizə verib.
“2013-cü il sentyabrın 11-də işin göndərildiyi seksiyanın sədri tərəflərin maraqlarını və məhkəmə çəkişməsinin lazımi qaydada aparılması nəzərə alaraq qərara alıb ki, Rusiya Federasiyasına bildirsin ki, məhkəmə reqlamentinin 39-cu paraqrafına uyğun olaraq ərizəçi müvafiq bildiriş olmadan Azərbaycana deportasiya oluna bilməz”, — Strasburq məhkəməsinin 12 sentyabr tarixli qərarında deyilir. Qərar İşgəncələr Əleyhinə Komitənin sədri, Avropa məhkəməsində İ.Musayevin maraqlarını müdafiə edən Olqa Sadovskaya və Azərbaycan hökumətinin AİHM üzrə nümayəndəsi Çingiz Əsgərova ünvanlanıb.
AİHM həmçinin qeyd edib ki, oktyabrın 3-dək Azərbaycan hökuməti İ.Musayevin ölkədəki vəziyyəti barədə informasiya təqdim etməli və onun naxçıvan MTN-in əməkdaşı olduğunu və ya istənilən formada bu xidmətlə əməkdaşlıq etdiyini dəqiqləşdirməlidir.
Həmçinin Avropa məhkəməsi Azərbaycan hökumətinə təklif edib ki, Musayevə qarşı qaldırılan cinayət işi materiallarının, şahid ifadələrinin, ona qarşı şikayətlərin, eyni zamanda iş üzrə yaranan məsələlər üzrə yazılı iradların surətlərini təqdim etsin.
Rusiya hökumətinə təklif olunur ki, ekstradisiya və bu məsələlərlə bağlı digər sənədlərin, əsasən ərizəçinin barəsində qaldırılmış cinayət işi materiallarının surətlərini təqdim etsin.
Xatırladaq ki, Azərbaycanda İ.Musayevə qarşı dələduzluq ittihamı üzrə cinayət işi qaldırılıb. İ.Musayev özü bildirir ki, əsassız olaraq barəsində axtarış elan edilib. Onun sözlərinə görə, Naxçıvan hakimiyyəti Türkiyədəki kürd terrorçulara silah və ərzaq göndərir. Eyni zamanda bildirib ki, İranın xeyrinə casusluqda şübhəli bilinərək həbs edilən və NAR MTN-də ölən Turac Zeynalovun həyat yoldaşının öldürməklə bağlı tapşırıq alıb.