Muəllif:

Stalinin «pravda»sı

Bu gün hamı elə hey seçkilərdən danışır. Kimi razıdır, kimi narazı, amma məyusluğa qapılanların sayı, deyəsən, daha çoxdur. Nə isə, köhnə hamam, köhnə tas…
Seçki axşamı evə qayıdanda yoldaşım zəng vurub dedi ki, işıqları kəsiblər, gör bir nə edə bilərsən. Mən də zarafatla dedim ki, yəqin, seçkiqabağı təxribatdır, camaatı qıcıqlandırırlar. Bir xeyli gülüşdük. Bəxtimdən evə çatanacan, heç yarım saat keçməmiş, işıqları vermişdilər. Bir sözlə, «təxribat» baş tutmadı və qıcıqlanmalı olan camaat ertəsi elliklə prezidentini seçdi. Bu gün ertədənsə neçə vaxtdı kəsilməyən qazı heç bir xəbərdarlıq-filan etmədən kəsiblər. Artıq altı saatdan çoxdur ki, xanımım pulunu neçə ay əvvəldən ödədiyimiz qazın nə vaxt veriləcəyini gözləyir ki, yarımçıq qalmış xörəyi bişirsin. Özü də bu vəziyyətdə olan təkcə o deyil. Qıcıqlandırılan xeyli insan var. Seçki axşamı olsaydı, telefonda zarafata salıb «təxribatdır» deyərdim ki, məni «eşidənlər» ölçü götürsünlər, amma seçki artıq arxada qalıb və belə bir fürsət bir də beş ildən sonra ələ düşəcək. Hələliksə xanımlarımız qazın nə vaxt veriləcəyini gözləyirlər…
Ana nənəmin Əhməd adında bir xalaoğlusu vardı. Kişini uşaqlığımda gördüyümdən çox pis xatırlayıram, amma köhnə bolşeviklərdəndi, yəni 70-80-ci illərin julik komsomol və kommunistlərindən deyildi. Əqidəli adamdı və gəncliyində insanlara bərabərlik, ədalət və firavan həyat bəxş edə biləcək kommunist ideyalarına inanırmış. Amma sonradan insanların xislətinin dəyişmədiyini görmüşdü. Nə isə, hörmətli oxucu, başınızı nə ağrıdım, Əhməd xalaoğlunun ömrünün son illərində bir şakəri vardı. O vaxtlar, indidən fərqli olaraq, qəzet oxumayan tapılmazdı. Və Əhməd kişi də hamı kimi, xüsusən də köhnə bolşevik olduğundan, ilk növbədə «Pravda» qəzetini oxuyardı, amma başlığını redaktə edəndən sonra. Yəni kişi karandaş götürüb «pravda» sözünün qarşısına bir böyük «NE» yazmamış mütaliəyə başlamazmış.
Birini qoyub o birisinə keçmək kimi qavramayın, amma, hörmətli oxucular, heç Stalinin «Pravda» qəzetinin redaktoru olduğunu bilirdinizmi? Boynuma alım ki, mənim bundan heç xəbərim yoxdu. Amma «La Stampa» qəzetinin saytı yazır ki, Stalin «Pravda»nın redaktorluğunu edəndə hətta Leninin düz 47 yazısını bəyənmədiyindən çapa verməyib. Lenin də onun redaktor işini çox bəyənirmiş. Bu minvalla bolşeviklər hakimiyyətə gəlir və sonradan Lenin yataq xəstəsi olanda redaktor — Stalin müəllimi və liderindən ölkədə nələr baş verdiyini gizlətmək üçün ona özünün xüsusi redaktə etdiyi və «Pravda»nın yalnızca Lenin üçün çap edilən nüsxələrini göndərirdi. Xəstə rəhbər də elə bilirdi ki, Rusiyada artıq kommunizmdir.
Əslində isə Stalin çoxlarının hələ də anlamadığı bir həqiqəti qavramışdı — naşirlik və redaktorluq edən kəs yazı müəllifindən daha çox hökmə və hakimiyyətə malikdir.
İndi belə çıxır ki, Əhməd xalaoğlu Stalinin redaktor olduğundan xəbərdarmış və onun «pravda»sının, Lenindən fərqli olaraq, «NE PRAVDA» olduğunu, ömrünün sonunda olsa da, anlayıbmış…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 498