SSRİ-nin varlığına son qoyan saziş yoxa çıxıb
Sovetlər Birliyinin süqutunu rəsmiləşdirən, Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair sazişin əsli Belarus arxivlərindən itib. Belovejskdə imzalanan azişin əslinin itməsi faktını bu günlərdə öz xatirələrini yazan Belarusun sabiq rəhbəri Stanislav Şuşkeviç sənədlə bağlı arxivə müraciət edərkən müəyyənləşdirib.Ukraynanın TSN portalı sənədin saxlanmalı olduğu Minskdəki MDB İcra Komitəsinin sazişin əslinin itməsi faktını təsdiqlədiyini bildirir. İcra Komitəsinin arxiv idarəsinin rəhbəri Vasili Astreyko bildirib ki, 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında imzalanmış Belovejsk sazişinin surəti onlardadır. O sənədin əslinin harada ola biləcəyinə dair sualı cavablandıra bilməyib.
Stanislav Şuşkeviç isə sənədi sonuncu dəfə imzalanan gün gördüyünü deyib. Əvvəllər sazişin Ukrayna, Belarus və rus dillərində eyni hüquqi qüvvəyə malik variantının olduğu güman edilirdi. Lakin sonradan məlum olub ki, sənədin əsli yalnız bir nüsxədə və rus dilindədir.
1991-ci ildə Belarusun baş naziri olmuş Vyaçeslav Kibiç də sazişi yalnız bir nüsxədə imzaladıqlarını deyib. Qeyd edək ki, SSRİ-nin süqutunu rəsmiləşdirən, MDB-nin yaradılması haqqında sazişi Boris Yeltsin və Gennadi Burbulis (Rusiya), Stanislav Şuşkeviç və Vyaçeslav Kebiç (Belarus), Leonid Kravçuk və Vitold Fokin (Ukrayna) imzalayıblar.