«Şpion»
Azərbaycanda baş verən irili-xırdalı hadisələrdən, ötən prezident və parlament seçkilərindən sonra… düşündüm: görən, yaşadığım bu məmləkətin doqquz milyonundan neçə milyonu şpiondur?.. «Şpion» sözünün lüğəti mənasına gəlincə, bu söz «Spion»dur, almanlardan götürülüb və lüğəti mənası da «güdükçü», yəni güdən adam deməkdir. Ədəbi dildə casusdur. Amma bu yazıda biz məhz «şpion» kəlməsini işlədəcəyik.
Araşdırma materiallarına görə, həm iqtidarda, həm də müxalifətdə kifayət qədər «şpion» var. Olsun. Çünki «şpionlar» iqtidarla müxalifət arasında həmişə tarazlıq yaradıb. Çoxsaylı materialları araşdırandan sonra belə bir qərara gəldim ki, müxalifətdə elə bir adam yoxdur ki, ona ən azı on-on beş dəfə «şpion» deyilməsin. Məsələn, İsa Qəmbəri götürək… Dostları, yoldaşları… əqidə qardaşları ona 36 dəfə «şpion» və yaxud agent deyib… İqtidar isə İsa Qəmbərə cəmi 3 dəfə agent və yaxud «şpion» deyib. (Ona 11 dəfə satqın deyilib). Və yaxud həmişə dara düşəndə «region batıb əldən gedir…» deyən cəbhəçi Əli Kərimliyə isə çörək dostları… 54 dəfə «şpion» deyiblər. Onu bir o qədər də satqın və agent çağırıblar… Üst-üstə son iyirmi ildə müxalifətə təqribən iki yüz əlli dəfə «şpion» deyilib. Rus tədqiqatçı A.Patruşev iddia edir ki, əgər bir söz əlli dəfə mətbuatda deyilsə, demək o söz «vətəndaşlıq» hüququ qazanmış sözdür. Məsələn, bu gün «Milli Şura» əslində həm müxalifətin, həm də iqtidarın «şpionları» çiyinlərində hələ ki yırğalanır… Yazıçı Rüstəm İbrahimbəyova cəmi iki dəfə «şpion» deyiblər…
Tarixə bir nəzər salaq görək ki, «şpionlar» necə yaranıb… onu yaradan kimlər olub və nə üçün?.. Məsələn, böyük sərkərdə və müdrik hakim Makedoniyalı İskəndər bizim eradan əvvəl (b.e.ə.) 328-ci ildə gözəl, çiçəklənən Soqdian diyarını (müasir Özbəkistan və Tacikistan ərazilərini) ələ keçirərək Makedoniyadan və Yunanıstandan sözün yüksək mənasında yaraşıqlı, gözəl, yaxşı təhsilə, yüksək əqli qabiliyyətə malik gəncləri bura çağırdı. Öz hökmü ilə o şəxsən elçilik etməklə və toy şənliklərinin rəhbəri olmaqla onları yerli məşhur, nüfuzlu adamların qızları ilə evləndirdi.
Bu aksiyanın rəsmi ideologiyası ilk baxışda hədsiz humanist görünə bilər: hər şey etmək lazımdır ki, iki qohumlaşmış xalqın uşaqları bir-birinə qarşı heç vaxt döyüşməsin. Əslində isə bu aksiyanın həqiqi məqsədi bəyan ediləndən hədsiz uzaqdır — Makedoniyalı İskəndər yunan-makedon imperiyasının köklü maraqlarını təmin edən yeni əsil-nəcabətlilərin hakimiyyət strukturunu yaratmaqla özünün strateji fikirlərini həyata keçirirdi.
Artıq indi heç kimə sirr deyil ki, dünyanın bu cür çalxalanması daha çox dövlətin ən yüksək eşelonunda bərqərar olan təsir «şpionlarının» aktiv fəaliyyəti əsasında baş vermişdi. Bu planda MKİ-nin keçmiş direktoru A.Dallesin 1945-ci ilin əvvəlində məxfi iclasların birindəki çıxışı olduqca səciyyəvidir: «Müharibə qurtarandan sonra hər şey silkələnəcək, qurulacaq. Biz adamları, xüsusən yanacaq resursları ilə zəngin olan Azərbaycanda aldatmaq və axmaq vəziyyətə salmaq üçün istifadə etdiyimiz bütün qızılı, bütün maddi köməkləri və ya ehtiyatları atmalı olacağıq. İnsan beyni, adamların şüuru dəyişməyə qabildir. Orada xaos səpərək, biz onların dəyərlərini hiss edilmədən saxtalaşdıracaq və onları həmin o saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz öz həmfikirlərimizi, öz köməkçilərimizi və müttəfiqlərimizi Bakının özündə tapacağıq.
Epizodik olaraq öz miqyasına görə yer üzündə ən itaətsiz xalqın məhvi, onun şüurunun qəti, dönməz olaraq sönməsi kimi dəhşətli bir faciə oynanılacaqdır. Ədəbiyyat və incəsənətdən, məsələn, biz tədricən onların sosial mahiyyətini çıxardacaq, rəssamlar yadlaşdırılacaq, onlarda təsvirlə, tədqiqatla məşğul olmaq həvəsini vurub çıxaracaq, xalq kütləsinin dərinliklərində baş verən proseslərə müdaxilə edəcəyik. Ədəbiyyat, KİV, kino hamısı ən mənfur insani hissləri əks etdirəcək və məşhurlaşdıracaq. Biz insan şüuruna seksə, zorakılığa, sadizmə, dissidentliyə, bir sözlə hər cür mənəviyyatsızlığa pərəstiş hissini oturtmağa və yeritməyə çalışan rəssamları hər cür dəstəkləyəcək və qaldıracağıq. Dövlətin idarə edilməsində xaos və başadüşülməzlik yaradacağıq.
Təmizlik və namusluluğa gülünəcək və onlar heç kimə lazım olmayacaq, keçmişin qalıqlarına çevriləcək. Yekəxanalıq və həyasızlıq, yalan, sərxoşluq, narkomaniya, bir-birinin qarşısında heyvani qorxu və utanmazlıq, dissidentlik, millətçilik və xalqların qarşı-qarşıya qoyulması — bütün bunları biz cəld və hiss edilməyən şəkildə beyinlərə dolduracağıq.
Biz, beləliklə, Azərbaycanda nəsilləri sarsıdacağıq… Biz uşaq, yeniyetmə yaşlarından adamlarla məşğul olacağıq, həmişə gənclərə arxalanacaq, onları mənəvi cəhətdən aşındıracaq, əxlaqını pozacağıq. Biz onlardan bizim təsir agentləri, azad dünya kosmopolitləri yaradacağıq. Bax biz məhz bunu edirik».
Məsələn, 1993-cü ildə «Vashinqton Post» qəzetinin əməkdaşları Heydər Əliyevə belə bir sual verdilər:
— Cənab Prezident! Azərbaycan xarici kəşfiyyatın poliqonuna çevrilib. Sizcə, bu narahatçılıq doğurmur?
Prezident cavabında:
— Mən buna təbii baxıram…
Prezident sözünün gerisini demədi. Prezident hər şeyi zamanın öhdəsinə buraxdı. Zaman da öz sözünü dedi. Məsələn, «İncil»dəki «Müqəddəs Həvari Yəhudanın məktubu» ilə səsləşən bir məktub var. Onu da ABŞ generalı E.Devis poliqonda dayanan «şpionlara» yazıb:»…Onlar şeytan övladlarına xidmət edən, küləklər tərəfindən qovulan yağmursuz buludlardır. Onlar — iki dəfə ölmüş, kökündən qoparılmış, səmərəsiz payız ağaclarıdır. Onlar — öz ayıblarının köpüyünü saçan azğın dəniz dalğalarıdır. Onlar — deyinən və öz talelərindən şikayət edənlərdir. Onlar — öz şəhvətlərinə görə hərəkət edənlərdir. Onların ağzından lovğa sözlər çıxır və onlar mənfəət əldə etmək üçün yaltaqlanırlar…».
Maraqlıdır ki, kəşfiyyat generalı bu məktubu öz adından Azərbaycan müxalifətilə bağlı keçirilən (ötən prezident seçkilərində) yığıncaqda oxuyub. «Onlar» deyəndə general Azərbaycan müxalifətindəki bir qrup adamı nəzərdə tutub və «şpionların» çoxüzlü olmasından şikayətlənib. General etiraf edib:»…Mən onlarla işləyəndə bilmədim onlar kiminlə işləyir… hansı məsləkə xidmət edirlər…»
Azərbaycanda «müxalifətçilik» edənlərə fikir versək, müxtəlif istisnalarla, onların arasında «acından öləninə» çətin rast gələsən. Müxalifətçilik də bir peşəymiş, bəzilərinin hətta yanacaqdoldurma məntəqələri də varmış…
«Şpiondan» danışırdıq… gör hara getdik çıxdıq… benzinə.
Fikrimcə, iqtidar hamısının payını verib… ki, nə edirsinizsə edin, amma «şpionluqdan» çıxmayın…
[email protected]