Spiker: «Seçki ilində ölkəmizə çox təzyiqlər olacaq»
Dünən öz işinə başlamış Milli Məclisin yaz sessiyasının ilk iclasında ölkədə son zamanlar müşahidə olunan sosial gərginlik müzakirə edilərkən yanvarda «Binə» ticarət mərkəzində və İsmayıllı rayonunda baş vermiş etiraz aksiyaları diqqət mərkəzində idi. Bu tendensiyaya münasibət açıqlanarkən bəzi xüsusatlar üzə çıxdı. Məsələn, deputat İqbal Ağazadə qeyd etdi ki, son hadisələrlə bağlı aparılan araşdırmalar düzgün aparılmır. Elə belə də dedi: «Binə Ticarət Mərkəzində və İsmayıllı rayonlarındakı aksiyalarla bağlı cinayət işləri düzgün aparılmır».
Deputat vurğuladı ki, rayonlarda müşahidə olunan sosial aksiyalarla bağlı, xüsusilə də Binə Ticarət Mərkəzində və İsmayıllı rayonlarındakı aksiyalarla bağlı cinayət işləri düzgün aparılmır, istintaq hadisənin səbəbkarları və nə səbəbdən törədilməsini araşdırmır. Onun sözlərinə görə, İsmayıllı hadisələrini bir-iki nəfərə görə xuliqanlıq hərəkəti kimi izah etmək düzgün deyil.
«İsmayıllı hadisələrini bir-iki nəfər törədib ki, xuliqanlıq adı verilir? 3000-5000 insan meydana çıxırsa və bu, qeyri-qanuni də olsa, öz münasibətini bildirirsə, bunun səbəbini araşdırmalıdır». Millət vəkili bildirdi ki, İsmayıllı hadisələrinə həmin şəraiti yaradanlar cəzalandırılmalı və bunun üçün də hökumət öz mövqeyini bildirməlidir.
İsmayıllı rayonundan seçilmiş deputat Novruz Aslanov bildirdi ki, İsmayıllı sakinləri dövlətçiliyə sadiqdir və heç bir halda buna qarşı çıxmayıblar. Deputat «Çıraq» otelinin yandırılma məsələsinə də toxundu və dedi ki, otelin yandırılmasından sonra 30 İsmayıllı ailəsi işsiz qaldı. «Yandırılan oteldə 30 İsmayıllı ailəsi dolanırdı».
Lakin deputat Fəzail Ağamalı dedi ki, bir sıra ticarət mərkəzlərində, bazarlarda satıcıların narazı qaldığı məsələ rusumlarla bağlıdır:
«Sahibkarlar vergi vermək istəyirlər, amma onlardan eyni zamanda rusum da alınır. Sahibkar bilmək istəyir ki, onun ödədiyi rusum və vergi qanunidirmi? Onlar gündə 30 manat qazana bilirlər. Onun da yarısı qeyri-qanuni rusuma, yarısı vergiyə gedərsə, bəs o sahibkar evə nə aparacaq?», — deyə deputat məclis əhlinə sual etdi.
Sabir Rüstəmxanlı isə qeyd etdi ki, ölkədə «ailə şəbəkəsi»nin qarşısı alınmalıdır. «Hara gedirsən, vəzifədə işləyənlər biri-digərinin qohumudur. Digər insanlara da karyera qazanmağa imkan yaratmaq lazımdır. Belə olmaz», — deyən deputat ölkədəki vəziyyətin parlamentdə müzakirə olunmasının vacibliyini bildirdi.
Çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov ölkədə son zamanlar baş verən sosial narazılıqlarla bağlı məsələyə toxunaraq dedi ki, bütün bu məsələlər elə-belə yerlərdən qaynaqlanmır.
«Bu il seçki ilidir. Odur ki, diqqətli olmaq lazımdır. Seçki ilində ölkəmizə həm daxildən, həm də xaricdən çox təzyiqlər olacaq. Ona görə də belə məsələlərin gündəmə çıxarılması zamanı müzakirələr ciddi aparılmalıdır. Belə hadisələri başlı-başına buraxmaq olmaz. Dövlət bu məsələni araşdıracaq, təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar».
Spiker deputatları öz seçiciləri ilə aktiv münasibətlər qurmağa və işlər aparmağa səsləyərək onları qızışdırıcı mövqelərə əhəmiyyət verməməyə çağırdı. Spiker məsləhət gördü ki, hər bir deputat öz seçiciləri ilə görüşməli, bu və digər məsələlər barədə onlarla mütəmadi əlaqə saxlamalıdır. O.Əsədov İsmayıllı və digər yerlərdə baş vermiş hadisələri icra başçısı ilə bağlamağın düzgün olmadığını qeyd edərək məsələnin «dərin olduğunu vurğuladı. «Bunlar icra başçısı ilə bağlı olan problem deyil. Bunu düzgün anlamaq lazımdır və bir sıra məsələlərdə diqqətli olmalıyıq».
«Binə» ticarət mərkəzində, İsmayıllı, Zaqatala və ölkənin bir sıra digər regionlarında sosial etirazlar «Kür» vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin dünənki mətbuat konfransında da diqqət mərkəzində olmuşdur. Onlar da bu fikirdədir ki, bu kimi hadisələr təhlil olunmaqdansa, hadisələrin iştirakçılarına qarşı repressiya aparatı işə düşür. İsmayıllı hadisələrinə gəlincə, Gülalıyev hakimiyyətin Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun etirazlarda əli olduğu iddiasına da toxundu. Bu, «əhalinin sosial problemlərlə bağlı ədalətli qəzəbini» müxalifətin axtarışları kimi təqdim etmək üçün edilir, deyə o bildirib.
«Turan»ın xəbərinə görə, o, bu fikirdədir ki, hakimiyyət insanların əzmini qırmaq və onları qorxutmaq üçün kütləvi həbslər həyata keçirir. Hakimiyyət düzgün nəticə çıxarmasa, regionlarda etiraz aksiyaları davam edəcək. O həmçinin «Binə» ticarət mərkəzində və İsmayıllı rayonunda etiraz aksiyaları ilə əlaqədar bütün həbs edilənlərin azad edilməsini tələb edir. «Zaqatalada sosial tələblər yerinə yetirilməli, hakimiyyət öz vətəndaşları ilə dialoq qurmalı və sosial-iqtisadi inkişaf proqramları qəbul etməlidir», — deyə o qeyd edib.
Mətbuat konfransında Zaqatala sakini Əfqan Muxtarlı dövlət büdcəsindən 320 mln. manat ayrılmasına baxmayaraq, zəlzələdən zərər çəkmişlərə kompensasiyaların ədalətsiz paylandığını söyləyir. Onun sözlərinə görə, DİN və FHN insanlardan şikayət ərizələrini toplayıb və bir ay ərzində problemləri həll etməyi vəd edib. Muxtarlı Rusiyanın təsirinin güclü olduğu bu rayona həssas yanaşmaq zərurətini qeyd edib və 2001-ci ilin yayında silahlı qrupların oradakı fəallığını xatırladıb.
Öz növbəsində Fevralın 1-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov separatçılıq, dini ekstremizm və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyillərin aradan qaldırılması istiqamətində səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
O qeyd edib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurması yaradılmasına, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.