Muəllif:

«SÖZ»ün kəsəri

Deyirlər ki, əvvəlcə «SÖZ» olub. İncildən gələn bu deyimi müxtəlif cür yozsalar da, onun məğzini, sadəcə, «SÖZ»də deyil, fikir və müdriklikdə axtarmağı tövsiyə edirlər. Yəni SÖZ fikir və müdrikliyi özündə ehtiva edir və bu iki məfhumsuz, bəlkə də daha çox, onun heç bir əhəmiyyəti ola bilməz. Bunun doğruluğuna inanmamağa heç bir əsas yoxdur və son günlərdə dünyanın istər özünə demokrat deyən, istərsə də demokratiyadan uzaq olan ölkələrində «SÖZ»ü sinirə bilməyənlər sanki bir-biriylə bəhsə giriblər.
Bizə hər cəhətdən yaxın olan Türkiyədən başlayım. Son bir ay ərzində diqqət çəkən və insanı məyus edən yalnız iki hadisəni qeyd etmək istərdim. Birincisi «Yeni Şafak» qəzetinin köşə yazarı Murat Mentes olayıdır. Murat bəyi «Gezi parkı»yla bağlı fərqli mövqe tutduğuna görə işdən getməyə məcbur etdilər. Bu barədə dostum və həmkarım İbrahim Nəbioğlundan gözəl demək, məncə, mümkün deyil — «tirajı və vicdanı arasında sıxışmışlar»…
Murat Mentes olayının təsirindən çıxmamış beş ildir davam edən «Ergenekon» davasının qərarları Türkiyədə jurnalistikaya daha bir zərbə vurdu — həmkarlarımız Mustafa Balbay, Tuncay Özkan, Turhan Özlü, Deniz Yıldırım və Hikmet Çiçek çevrilişə cəhddə günahlandırılaraq uzun müddətə azadlıqdan məhrum edildilər…
Edvard Snoudenin ötürdüyü məxfi sənədləri ictimailəşdirməsinlər deyə, Ceyms Bondun həmkarları bu günlərdə dünyanın ən nüfuzlu nəşrlərindən biri olan İngiltərənin «The Guardian» qəzetinin rəhbərliyinə açıq şəkildə hədə-qorxu gələrək materialların saxlandığı hard-diskləri məhv etməyə məcbur ediblər.
Ekvadorun prezidenti Rafael Korrea isə bir qədər də irəli gedərək ölkəsindəki bütün çap mediasının fəaliyyətini dayandırmaq istədiyini bildirib. Səbəbi qoruq ərazisi olan Amazon çayında prezidentin neft hasilatı təşkil etmək haqqında çıxardığı qərarın qəzetlərdə kəskin tənqid edilməsidir. Ölkə başçısı orijinallıq edir — deyir, indi ki, ağacların kəsilməsi əleyhinəsiz, onda qəzet buraxmaqdan imtina edin, axı kağız istehsalında əsas xammal, müdafiəsinə qalxdığınız ağaclardır. Bir sözlə, indi Ekvador qəzetsiz, yalnız on-line medianın umuduna qala bilər.
Azərbaycandan çox yazmayacam, yazmaqdan yorulmuşuq. Bircə faktı deyəcəm, o da dünyada yenə də hamını qabaqlayıb işdən çıxarılmış bir vətəndaşımızı Facebook səhifəsində buna etiraz etdiyinə görə məhkəməyə verməyimiz və şərti də olsa, cəzalandırmamızdır.
Əslində, söz və ifadə azadlığı pozulmasının bu faktları barədə yazmaq fikrim yoxuydu. Elə əvvəlki abzasda da bunu qeyd etmişəm. Amma indicə oxuduğum xəbər məni yerimdən oynatdı. Demə, Quantanamo həbsxanasında məhbuslara Harri Potteri oxumağa icazə verirlər, amma Aleksandr Soljenitsinın «Arxipelaq Qulaq»ına qadağa qoyublar. Özü də bu əsəri həmin məhbəsdə məhkəmə-filansız düz 11 ildir ki, yatan birisinə vermirlər. Məntiqə bir baxın, yoxsa bu adam «Arxipelaq Qulaq»ı oxuyub məhbəs həyatı barədə nəsə bilmədiyi bir şey öyrənər… Sovetlərin qadağan etdiyi bir əsəri indi də dünyanın birinci demokratları yasaqlayır. Vallah, belə getsə, deyəsən, özümüzə şükür oxutduracaqlar.
P.S. Milli kanallarımızı başına alan biş-düş verilişlərindən birində aşpaz qismində iştirak edən şair də var. Onun danışıq dilinin bir çox aparıcılarımızınkından daha səlis olması diqqətimdən yayınmamışdı. Deyirdim, yəqin, ədəbiyyat müəllimi yaxşı olub, ya da valideynlərindən kimsə ədəbiyyatçı olub. Bunu hələ də bilmirəm, amma bu gün yoldaşım dedi ki (səhər ertədən həmin verilişlərə o baxır, çünki başqası olmur), bəs bizim aşpaz şair çıxdı. Anlamadığımı görüb izah etdi ki, demə, şair olan aşpaz, ya da aşpaz olan şair, necə istəyirsiz elə də bilin, şairlik etməyə başlayıb, amma şeirlərini çap etdirə bilməyib. Sizcə, nə üçün? Çünki onu tanıyan yoxuymuş. Çap olunmaq üçün ya pulun olmalıdır, ya da tanınmalısan. Nə isə, şair tanınmaq qərarına gəlib və istək də onu aşpaz olmağa gətirib çıxarıb. Məşhurluğusa ona televiziyaya çıxması qazandırıb. Bir neçə gün bundan əvvəl qəhrəmanım əhvalatını efirdə çap olunmuş şeirlər kitabını nümayiş etdirəndə danışıb. Əməlli-başlı «american dream»dir. Amma bir fərqlə. «Amerika röyası» böyüyüb inkişaf etmək istəyindən başqa heç nəyi olmayan vətəndaşlara bu ölkənin ümid verməsi anlamına gəlir. Bizdə isə belə çıxır ki, şair olmaq üçün gərək əvvəlcə aşpaz olasan. Vallah düz deyirlər, bizim çox zəngin mətbəximiz var…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 273