“Soyqırım abidəsinin dastanı” İğdırda göstərilib
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin İğdır şəhərində «Soyqırım abidəsinin dastanı» tamaşasını nümayiş etdirib. Bu barədə Trend Heydər Əliyev Fondunun rəsmi saytına istinadən məlumat verib. Naxçıvan və İrəvanla qonşuluqda yerləşən İgdır bölgəsi soyqırımı bütün acıları ilə yaşamış ber yerdir və əhalisinin çoxu Azərbaycan Türkləridir.
Məlumata görə, Heydər Əliyev Fondu Rusiya Nümayəndəliyinin dəstəyi, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və İğdır Universitetinin dəvəti ilə İğdıra gələn teatrın truppası qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan, İğdır Universitetinin rəhbərliyi və valiliyin əməkdaşları İğdır Mədəniyyət Mərkəzində göstərilən tamaşanı izləyənlər arasında olublar.
Zehni Papakçının qələmə aldığı və İftixar Piriyevin quruluş verdiyi ikipərdəli tamaşada ermənilərin 1915-1992-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri qətliamlardan bəhs olunur.