Sovetdənqalma səhiyyəmiz: Nə adambaşına maliyyə sistemi var, nə tibbi sığorta
Il ərzində təxminən 500 milyon manat səhiyyəyə vəsait ayrılmağına baxmayaraq, bu gün Azərbaycan vətəndaşı öz sağlamlığını itirməmək üçün xarici ölkələrə müalicə və müayinə üçün müraciət edir. Müşahidələr göstərir ki, Irana gedən avtobusların sərnişinlərinin 70-80 faizi müalicə üçün bu ölkəyə gedənlərdir. Bu, Azərbaycanın səhiyyə sisteminin iflasının göstəricisidir.
Iqtisadçı Qubad Ibadoğlu deyir ki, ölkənin bərbad səhiyyə sisteminin xidmətlərindən yararlanmaq mümkün deyil. Nəticədə vətəndaşın sağlamlığına xeyli ziyan dəyir.
Ölkədə səhiyyəsində ciddi problemlər mövcuddur. Ötən on illər ərzində səhiyyə sektorunda islahatlar aparılmayıb. Hələ də Azərbaycan ahıl, əlil vətəndaşı, kimsəsiz uşaqlar, hamilə qadınları təminatlı səhiyyə-tibbi sığorta sisteminə sahib deyillər. Halbuki ən azı dövlətin hesabına 18 yaşına qədər olan uşaqları, 63 yaşdan yuxarı kişiləri, 57 yaşdan yuxarı qadınları, eyni zamanda qaçqınların tibbi sığortasını təmin etmək mümkün olardı.
İqtisadçı bu fikirdədir ki, səhiyyə vətəndaşlar üçün əlçatımlı olunmalıdır: ”Birinci o suala cavab vermək lazımdır ki, Azərbaycanın istənilən vətəndaşı yaşadığı yerdən asılı olmayaraq səhiyyə xidmətlərindən istifadə edə bilirmi? Bu araşdırmanı aparsaq, görərik ki, səhiyyə sisteminin ciddi ambulator problemləri var. Səhiyyə obyektləri əsasən rayon mərkəzlərində və qəsəbələrdə yerləşir. Ikinci mühüm məqam xidmətin keyfiyyəti məsələsidir. Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti həm də təhsildən asılıdır. Bugünkü təhsil standartları ilə biz keyfiyyətli həkim, tibb bacısı hazırlaya bilmirik. Dövlət bu sahənin təhsili ilə məşğul olanlara dəstək vermir. Dünya səhiyyəsindəki nailiyyətləri, innovasiyaları dövlət səhiyyəsində çalışanlar məhdud büdcə ilə əldə edə bilmirlər. Azərbaycandan hər hansı bir həkim, professor xarici ölkəyə səfər edərək, konfransda iştirak edirsə, bu yalnız hər hansı dərman firmasının preparatının dəstəyi ilə mövcud olur. Bu da yalnız turizm xarakteri daşıyır”.
Qubad Ibadoğlu deyir ki, üçüncü məsələ səhiyyənin xərcləri ilə bağlıdır. Bu gün səhiyyənin kifayət qədər problemləri var. Orta azərbaycanlı bu xərcləri qarşılamaq imkanında deyil. Məlumdur ki, xaricdə gedib eyni xəstəlik üzrə əməliyyat və ya müalicə olunmaq, hətta yol xərcləri daxil olsa belə, Azərbaycandan uzuc başa gəlir. Çünki xaricdə həm xidmətdə keyfiyyət var, həm də səhiyyə xidmətinin özü ucuzdur. Bu baxımdan o hesab edir ki, Azərbaycanda dövlət tibbi sığorta xətti tətbiq olunmalıdır.
“Xüsusilə də əlil vətəndaşlırımız, uşaqlar, hamilə qadınlar, məcburi köçkünlər, ahıl yaşlılar dövlətin hesabına tibbi sığorta paketinə sahib olmalıdırlar. Bu paket əsasında onlar gedib müalicə alıb, pulsuz dərmanlarla təmin edilə bilərlər. Bunu ki, Azərbaycan hökuməti edə bilərdi. Bununla hakimiyyət öz vətəndaşlarının sağlamlığını qoruyub, ömürlərinin uzanmasına nail ola bilərdi. Bu böyük vəsait də tələb etmir”, — deyə eksptert bildirdi.
Onu da qeyd edək ki, səhiyyənin maliyyələşdirilməsi də sovet dövründən qalma sistem üzrə aparılır. Səhiyyədə adambaşına maliyyə sistemi həyata keçirilmir. Ona görə də Azərbaycan vətəndaşı özünün səhiyyə sisteminə güvənmir.