Muəllif:

Şou-bizneslə Vergilər Nazirliyi maraqlansın

“Mədəniyyət haqqında” qanunda əvvəlcədən qəbulu gözlənilən bəzi məsələlər əksini tapmadı və ya tam əks olunmadı. Onlardan biri də şou-bizneslə bağlı məsələdir. Qanunun qəbulundan öncə şou-bizneslə bağlı məsələlərin də bu sənəddə geniş əks olunacağı dəfələrlə qeyd olunmuşdu. Çünki bu sahə getdikcə inkişaf edir və bu zaman bəzi maraqlar, problemlər ortaya çıxır. Ona görə də mütəxəssislər şou-biznesin qanunla tənzimlənəcəyi barədə düşünürdülər. 

 

Bunu istəyənlərdən biri də həmin qanunu hazırlayan MM Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovdur. Millət vəkili payızda qəbul olunan yeni “Mədəniyyət haqqında” qanunda şou-bizneslə bağlı məsələnin geniş əks olunmadığını təsdiq edib:

 

“Daha doğrusu, bu məsələyə geniş yer verilməyib. Sadəcə olaraq, bir cümlə ilə qeyd olunub ki, bu qanunda əks olunan maddələr şou-biznesə də aiddir. Düşünürəm ki, şou-bizneslə bağlı məsələnin geniş şəkildə mədəniyyət qanununda əks olunmasına o qədər də ehtiyac yoxdur. Yaxın zamanlarda şou-bizneslə bağlı məsələnin bu qanuna salınması da gözlənilən deyil. Ola bilər ki, cəmiyyət, şou-biznes inkişaf etdikcə onun qanuna salınmasına ciddi zərurət yaransın. Amma bunun hansı formada olacağını indidən demək çətindir. Biz artıq şou-biznes məsələsinə “Mədəniyyət haqqında” qanunda qısaca da olsa toxunmuşuq. Amma ümumilikdə həmin qanunun əksər müddəaları şou-biznes sahəsini tənzimləyə bilər”.

 

Nizami Cəfərov bildirib ki, yeni qanunda şou-biznesə geniş yer ayrılmamasının başqa bir səbəbi də var. Bu da bəzi dairələrin şou-biznesin qanunla tənzimlənməsi fikirlərini bu sahəni məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirməsidir:

 

 “Bəziləri iddia edirdi ki, guya biz şou-bizneslə bağlı qanun qəbul eləsək, bu sahəyə təzyiq etmiş olacağıq və sair. Amma bu yanaşma da düzgün deyil. Sadəcə bu sahəni qanunla tənzimləmək yaxşı olardı. Sonradan düşündük ki, artıq şou-biznesdə əvvəlki kimi hərc-mərclik hökm sürmür. Efirdə buna nəzarəti telekanallar özləri gücləndirib, aidiyyəti orqanların, Milli Teleradio Şurasının irad və təklifləri, müraciətləri və televiziya rəhbərləri ilə keçirdiyi görüşlər nəticəsiz qalmayıb. İndi artıq əvvəlki kimi bayağılıq yoxdur, bayağı verilişlərə rast gəlinmir. Belə olan halda əslində, qanuna da ehtiyac qalmır. Düşünürəm ki, bir az da vaxt keçdikdən sonra hər şey daha aydın görünəcək və o zaman bilinəcək ki, şou-biznesi qanuna salmaq olar, ya yox. Bu məsələnin qanuna salınması indiki şəraitdə bir qədər qəliz və mübahisəli məsələdir. Gələcəkdə isə çox şey ola bilər”.

Nizami Cəfərovun sözlərinə görə, şou-biznesə nəzarətin Mədəniyyət və Turzim Nazirliyi, hansısa başqa icra orqanı və ya yeni bir qurum tərəfindən həyata keçirilməsi geniş müzakirə edilməlidir. O cümlədən, müğənnilərin, şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması məsələsi də həllini tapmalıdır:

 

“Hesab edirəm ki, bu məsələyə çıxış yolunu Mədəniyyət və Turizm Nazirliyi ilə Vergilər Nazirliyi tapmalıdır. Çünki bu sahədə xeyli gəlir var və belə olan halda hər kəs dövlətə vergi ödəməlidir. Çünki adından da görünür ki, şou-biznes sahəsində gəlir var və burada milyonlarla puldan söhbət gedir. Düzdür, indi bəzi müğənnilər vergi ödəyir. Amma bu məsələyə ümumilikdə yanaşmaq lazımdır və qanunla tənzimlənməlidir. Bu qanunun necə və hansı formada hazırlanacağını isə zaman göstərəcək”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136