«Sosial müdafiəçilər» Ağdaşda pulları basıb yeyiblər
Külli miqdarda vəsait mənimsəmiş Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.»Sosial müdafiəçilər» çox yerdə olduğu kimi Ağdaşda da yoxsul və möhtac ailələr üçün nəzərdə tutulmuş pulları basıb yeyiblər.
Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, ƏƏSMN tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci ildən 1 mart 2013-cü ilədək olan müddət ərzində aparılmış araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin hesablanması və ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara yol verilərək ümumilikdə 2 milyon 236 min manat məbləğində vəsaitin mənimsənildiyi aşkar edilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış müvafiq araşdırmalarla həmin xüsusatlar təsdiqini tapdığından fakta görə CM 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

