Muəllif:

Sosial məsuliyyətsiz biznes

Ölkədə 3 milyon uşaq var. Onlardan 50 mininin sağlamlıq imkanları məhduddur və bu uşaqların xüsusi qayğıya və onların ailələrin maddi yardıma ehtiyacları var. Hər il 400-500 uşaq hüquq pozuntusu törətməsi səbəbindən qanunla ziddiyytdə olur. 8 minə yaxın uşaq internat muəssisələrində yaşayır. Bundan başqa, erkən nikahların, insan alverinin və zorakılığın qurbanı olan uşaqlar da müdafiəyəyə ehtiyac duyurlar. Son illər QHT-lər uşaq problemlərinin həllində fəallıq nümayiş etdirirlər, layihələr icra edirlər.
Amma bir gercəklik də var ki, hamı bütün problemlərin həllini dövlətdən gözləyir. Halbuki dövlətlə yanaşı cəmiyyət, ictimai təşkilatlar, o cümlədən biznes qurumları da ölkənin problemlərinin həllində iştirak etməlidirlər. Sözsüz ki, ehtiyacı olanların, xüsusilə də həssas qrupların sosial-tibbi qayğısına istiqamətlənən proqramları genişləndirməklə, bu qrupun cəmiyyətə inteqrasiya prosesinin sürətlənməsinə dəstək göstərilməlidir. Lakin bu prosesə yalnız dövlətin maddi-texniki dəstəyi ilə deyil, həmçinin biznes strukturların korporativ sosial məsuliyyət proqramlarının artımı hesabına da təkan verilə bilər.
Məsələn, ölkəmizdə uşaqlara qarşı zorakılıqla bağlı statistika yoxdur. Heç bir dövlət qurumu belə qeydiyyat aparmır. Son illər bır sıra uşaq təşkilatlarının zorakılıq qurbanı olmuş uşaqlarla bağlı layihələr həyata keçirdikdən sonra bəzi rəqəmlər açıqlanır və bu problemin həllinin nə qədər aktual olduğu üzə çıxır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Uşaq Hüquqları üzrə QHT Alyansı zorakılığa məruz qalmış uşaqlar üçün reablitasiya mərkəzinin yaradılması məqsədilə Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatları ilə danışıqlara 2011-ci ildə başlayıb. Lakin həmin il heç bir biznes qurumundan dəstək ala bilməyib. Maliyyə təşkilatlarını zorakılıq sözü çox qorxudub. Alyansın milli koordinatoru Nabil Seyidov deyir ki, biznes qurumları adlarının zorakılıq sözü ilə bağlanmasından çəkiniblər və düşünüblər ki, dəstək verdikləri layihənin adındakı bu söz təşkilatın müsbət imicinin formalaşdırılmasına maneçilik yarada bilər. Amma uzun axtarışlardan sonra 2012-ci ildə xarici investorların sərmayəsi ilə yaradılan “Azercell” şirkəti reklam, sponsorluq hədəfi güdmədən zorakılığa məruz qalan uşaqlar üçün mərkəzin yaradılmasına vəsait ayırıb. Və bu günə qədər fiziki, cinsi, psixoloki zorakılığa məruz qalmış 300 uşaq burada reablitasiya olunub ailəsinə qayıdıb. Bu ildən etibarən isə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi reablitasiya mərkəzinin işinə dəstək verir.
80 qeyri-hökumət təşkilatını özündə birləşdirən Uşaq Hüquqları üzrə QHT Alyansının başqa bir layihəsində də biznes tərəfdaşı problemi ilə üzləşib. Baxmayaraq ki, həmin layihənin adında zorakılıq sözü yox imiş. Belə ki, alyans 2010-2011-ci illərdə uşaqlar arasında maliyyə savadlılığının, maliyyə və sosial təhsili inkişaf etdirmək məqsədilə bir neçə banka, maliyyə institutlarına müraciət edib. Ölkəmizdə bankomatların, kredit kartlarından istifadə səviyyəsinin artmasına baxmayaraq layihəyəyə dəstək verən olmayıb. Maliyyə təşkilatları açıq şəkildə bildiriblər ki, hansısa müğənninin konsertinə sponsorluq etməyə daha maraqlıdırlar. Çünki bu zaman təşkilatın reklamı gedir. Düzdür, alyans hazırda Mərkəzi Bankın, Təhsil Nazirliyinin, “Paşabank”ın dəstəyi ilə bu layihəni həyata keçirir. Bu, icma, dövlət qurumu, QHT və biznes strukturlarının əməkdaşlığıdır ki, bu da korperativ sosial məsuliyyətin əsaslarını təşkil edir.
Təəssüf ki, ölkəmizdə çalışan şirkətlərin əksəriyyətində korporativ sosial məsuliyyət proqramlarının olmaması icmalardakı problemlərin həllini ancaq dövlət strukturlarının üzərinə yükləyir. Halbuki, çalışdığı cəmiyyətə faydalı olmaq biznes qurumlarının ən əsas hədəflərindən biri olmalıdır. Əlbəttə ki, konsertə sponsorluqdan qazanılan gəlir çox yüksəkdir. Amma Nabil Seyidovun qənaətincə, korporativ sosial məsuliyyətlə (KSM) sponsorluq qarışdırılmamalıdır. Çünki bunların əsasında fərqli məqsədlər və hədəflər durur:”Sponsorluq şirkətinin adının tanıdılmasına xidmət edir, reklam və merketinqdir. KSM isə işlədiyi cəmiyyətdə gəlir qazanmaqla yanaşı icmaının inkişafına sərmayə qoyulması deməkdir. Əgər biznes təşkilatı gəlir əldə etmək, inkişaf etmək istəyirsə, onun ərtaf mühiti də inkişaf etməlidir, həmin cəmiyyətdəki sosial, təhsil, mədəni, istisadi, ekoloji və başqa problemlər həllini tapmalıdır. Əgər biznes qurumları gənclərin və uşaqların biznes bacarıqlarının inkişafına dəstək, töhfə verərlərsə, gələcəkdə onlar sahibkara çevrilir həmin banklardan kredit götürəcəklər, öz bizneslərinin yaradacaqlar. Ona görə də biznes təşkilatlar icmaya müştəri kimi baxmamalıdırlar.Beləliklə, biznes qurumu KSM sistemini qurmaqla problemlərin həllinə dəstəyini göstərməlidir”.
Amma Azərbaycan reallığı budur ki, əksər şirkətlər reklama və sponsorluğa üstünlük verirlər. KSM mədəniyyəti formalaşmayıb. Hətta səhmləri ölkə vətəndaşlarından olan iri şirkətlərdə KSM proqramı olanları saymaq üçün 5 barmaq belə çoxdur.Halbuki ölkəmizdə buna ehtiyac çoxdur”.
İnkişaf etmiş ölkələrin təcrübəsindən söhbət açan Seyidov “Avropa ölkələrinin büdcə nə qədər böyük olsa da, əhalinin gəlirləri bizlərdən qat-qat yüksək olsa da, sosial-iqtisadi problemlərin həllində biznes qurumları mühüm iştirakçı qismindədirlər. Həmin ölkələrdə xeyriyyə fondlarının, QHT-lərin büdcələrinin böyük qismi biznes qurumlarından gələn gəlirlə formalaşır. Çünki biznes maraqlıdır ki, işlədiyi cəmiyyətdə problemlər olmasın. Axı orada çalışanların da ailələri və qohumları bu cəmiyyətdə yaşayır. Mövcud problemlər onlara dolyaısı ilə təsir edir. Bütün insanlar cəmiyyətdəki problemlərin təsirinə az və ya çox məruz qalırlar”.

Azərbaycan üçün alman modeli?

Ölkəmizdə bu sahəni tənzimləyən qanunun yoxluğu korporativ sosial məsuliyyətin inkişafını əngəlləyir. Ekspertlər hesab edirlər ki, Sahibkarların korporativ sosial proqramlarının genişləndirilməsi məqsədilə «Sahibkarlıq fəaliyyəti haqqında» qanunda müəyyən normaların yaradılması, onun stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi lap yerinə düşərdi. Bununla yanaşı, cəmiyyətin, icmaların qoyuluşlarını stimullaşdırmaq üçün «Xeyriyyəçilik fəaliyyəti haqqında» qanunun qəbul olunması da görüləcək işlərin siyahısında əhəmiyyətli yer tutur. Cəmiyyətin, icmaların qoyuluşlarını artırmaq üçün onların gəlirlərinin 1 və ya 2 faizinin ictimai-faydalı və sosial-tibbi fəaliyyətlərlə məşğul olan QHT-lərə köçürülməsi üçün müvafiq hüquqi baza yaradılmalıdır.
İqtisadçı Vüqar Bayramov deyir ki, dünyanın əksər ölkələrində bu fəaliyyətlə məşğul olan şirkətlər qanunvericiliklə müəyyən vergi güzəştləri əldə edir. Bu, da onların işinə stimul verir. Azərbaycanda isə bu tip stimullar yoxdur. Sponsorluq fəaliyyətini həyata keçirən şirkətə hər hansı bir vergi güzəşti və hər hansı bir vergi azalmaları tətbiq edilmir. Xeyriyyəçilik, sponsorluq və korporativ sosial məsuliyyətin sərhədləri müəyyənləşməyib:”Korporativ sosial məsuliyyət inkişaf etməyib və bu səbəbdən sponsorluq və xeyriyyəçilik fəaliyyəti həyata keçirən şirkətlər adətən buna daha çox özlərini tanıtmaq fəaliyyəti kimi baxırlar. Şirkətlər üçün sosial məsuliyyətin qanunla müəyyənləşdirilməsi olduqca vacibdir. Sosial məsuliyyətin əməl edilməsinə görə, həmin şirkətlərə müəyyən güzəştlərin verilməsinə olduqca ciddi ehtiyac var. Bu baxımdan birmənalı olaraq,qanunun qəbuluna ehtiyac var”.
İqtisadçı deyir ki, korporativ sosial məsuliyyətlə bağlı ən çox tanınmış modellərdən biri alman modelidir və bu gün alman modeli Avropa ölkələrində, Mərkəzi və Şərqi Avropa ölkələrində tətbiq edilir. Almaniyada korporativ sosial məsuliyyət və sponsorluqla bağlı ayrıca bir qanun var.
Eyni zamanda, sponsorluq məqsədi ilə vəsait xərclənən zaman həmin vəsaitləri şirkət öz xərclərinə daxil edə bilir. Xərclərin daxil edilməsi ilə mənfəətin azalması və daha az mənfəətin ödəməsinə gətirib çıxardar. Yəni, praktik olaraq, şirkətin daha az vergi ödəməsi müəyyən qədər stimul yaradır.

Biznes həm də sosial sabitliyi qoruyur

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi əməkdaşı Sevinc Atakişiyevanın qənaətincə, Azərbaycan kimi ölkələrdə vətəndaş cəmiyyətinin tam şəkildə təşkil olunmaması, ictimai fəallığın aşağı olması könüllü KSM üzrə sosial məsuliyyətli davranışların dövlət tərəfindən tənzimlənməsini zəruri edir. Onun fikrincə, belə vəziyyətdə dövlət sosial məsuliyyətli korporasiyaları təşviq etmək üçün sosial cəhətdən məsuliyyətli investisiya fondlarının inkişafını, KSM sahəsində ixtisaslı kadrlarının yetişdirilməsinin stimullaşdırılmasını, vergi güzəştlərini və digər stimullaşdırıcı vasitələrlə təmin etməlidir. Müasir şəraitdə KSM konsepsiyasının əsas problemi şirkətlərin strateji idarəetmə funksiyası və davamlı inkişaf hədəfləri ilə KSM-in sosial hesabatlarının kommunikativ funksiyasıyla əlaqələndirilməsidir.
Onun dediklərinə görə, binzesin sosial məsuliyyət konsepsiyası bazar iqtisadiyyatı şəraitində müəssisənin rolunu əsaslı şəkildə dəyişir. Biznes iqtisadi inkişaf üçün yalnız əsas katalizator kimi deyil, həm də sosial sabitliyin qorunmasında bir institut kimi fəal rol oynayır. Bu gün KSM həm dünyada, həm də ölkəmizdə bizneslə hökümət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da ictimai diqqət mərkəzindədir.
Atakişiyeva qeyd etdi ki, müasir şəraitdə sosial inkişafla iqtisadi inkişafı özündə təmin edən biznes, səmərəli və davamlı ola bilər:”Bu gün rəqabətqabiliyyətlilik yalnız təbii və maliyyə resursları, aktivlərin məhsuldarlığıyla ölçülmür, həm də insan resurslarıyla ölçülür ki, bu keyfiyyət də müəssisənin əsas rəqabət üstünlüyü kimi meydana çıxır. Sosial investiyaların struktur və səmərəliliyi şirkətin inkişaf strategiyası məsələsidir. Müəssisələr sosial problemlərin həll edilməsi üçün nəzərəçarpacaq miqdarda vəsait xərcləyirlər ki, bunu öz bizneslərinin tərkib hissəsi və korporativ məsuliyyətin ayrılmaz elementi kimi başa düşürlər. Bu da biznesin əsas məsələsinin uğurlu inkişafinı təmin edir”.

Hökumət niyə tələsmir?

Bəs maraqlıdır, qanunverici orqanda bu barədə nə düşünürlər? MM Sosial Siyasət komitəsində bununla bağlı qanun layihəsi hazırlanıb. Amma nə komitə səviyyəsində, nə də ictimai muzakirəsi baş tutmayıb. Millət vəkili, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, dünya ölkələrinin bir çoxu kimi Azərbaycanda da bundan sonra xeyriyyəçiliklə məşğul olanlara vergi güzəştləri tətbiq oluna bilər.
M.Quliyev bildirib ki, təkcə mədəniyyət sahəsi ilə bağlı yox, müxtəlif sosial, humanitar layihələr var ki, onlara xeyriyyəçilik və sponsorluq lazımdır:”Sponsurluqla, xeyriyyəçiliklə əlaqədar, qanunda müəyyən xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək onların xeyirxah əməllərinin təbliğ etmək onlara müxtəlif mükafatlar təsis etmək, onları həvəsləndirmək olar. Cəmiyyətdə onları nümunə kimi göstərmək olar. Həm sponsorluq, həm də xeyriyyəçiliklə məşğul olan təşkilatlara dövlət tərəfindən müəyyən güzəştlər edilməsinə ciddi ehtiyac var”.
Deputat əlavə edib ki, belə bir qanunun yoxluğu, bu işlə bağlı istəyi olan insanların fəaliyyətini qaraldır: “Belə ki, öz gəlirlərinin müəyyən hissəsini sponsorluğa xərcləyəndə vergi orqanları, yaxud da başqa orqanlarla anlaşılmazlıq yaranır. Bütün bunlar qanunla tənzimlənməlidir”.
Musa Quliyevin fikrincə, belə qanunun qəbul olunmasında ən böyük çətinlik vergi güzəştlərinin tətbiq olunmasıdır:“Xeyriyyəçilər hər zaman nümunə kimi göstərilir və belə insanlara, təşkilatlara dövlət tərəfindən müəyyən güzəştlər vacibdir. Bu məsələ də qanunla tənzimlənməlidir. Hələlik bununla bağlı müvafiq qurumlarla bu güzəştlərin hansı formada tətbiqi ilə bağlı danışıqlar aparılır”.
Maraqlıdır, bəs hazırda korporativ sosial məsuliyyət proqramlarını hökumətdən stimul gözləməyərək həyata keçirənlərin gözləntiləri nədir? Qanunda hansı məsələlərin əksini tapmasını təklif edərdilər. Qəribədir ki, müraciət etdiyimiz şirkətlərdə belə proqramlar olsa da, qanundan gözləntiləri barədə deyil, gördükləri işlər barədə danışmağa üstünlük verdilər. “Bakcell” şirkətin media ilə əlaqələr üzrə baş mütəxəssisi Süheylə Cəfərova isə bildirdi:
”Sosial məsuliyyət bizim brendimizin vacib elementlərindən biridir. Biz özümüzü inkişaf edən ölkədə kifayət qədər böyük sosial məsuliyyəti olan milli şirkət kimi görürük. Bakcell şirkəti düşünür ki, ölkədə bir çox sosial məsələlərin həll olunmasına dəstək verə bilər. Artıq 4 ildir xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləyən “Bakcell Stars” KSM proqramını uğurla davam etdiririk. Bizim KSM siyasətimizin daha bir vacib istiqaməti gəncləri ölkəmiz üçün nisbətən yeni olan mobil telekommunikasiya sahəsinə gətirmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaqdır. Son 1 ildə isə “Mançester Yunayted”lə əməkdaşlıq çərçivəsində “Bakcell”in KSM proqramı gənclər futbolunun inkişaf etdirilməsi istiqamətində genişləndirilib. Bu mərhələdə sosial məsuliyyətli bir şirkət kimi bizim üçün əsas priotitet ölkədə inkişafa ehtiyacı olan və bizim KSM mandatımızla üst-üstə düşən sahələri müəyyənləşdirmək, həm dövlət stukturları, həm də qeyri-hökümət təşkilatları və müxtəlif icmalarla birlikdə bu sahələri inkişaf etdirməkdir”.

Tək qanunla iş bitmir…

Əlbəttə, dövlət tərəfindən vergi güzəştləri olmadan belə böyük bankların, iri maliyyə təşkilatlarının bu layihələrə həyata keçirməsi təqdirəlayiqdir. Amma fikrimcə, bu təşkilatlar da fikirlərini, təkliflərini cəmiyyətə ismarıc formasında verməlidirlər. Çünki sirr deyil ki, korporativ sosial məsuliyyət proqramı həyata keçirənlər muəyyən vergi və s. güzəştlərin olmasını istərdilər. İqtisadçılar, millət vəkilləri bunun lazımlığı barədə fikirlərini mətbuatla bölüşürlər. Amma maliyyə təşkilatlarının nümayəndələri də danışmalıdır axı, təkliflərini verməli, hansı şərtlərlə belə proqramlarla daha çox maliyyə vəsaiti ayıra biləcəklərini açıqlamalıdırlar. Bunu da onların əvəzinə media etməyəcək ki?!
Düzdür, bu gün KSM proqramlarının inkişafı mətbuatın müraciət etdiyi ən az mövzular arasındadır. Amma gercəklik də odur ki, maliyyə təşkilatları bu məsələni gündəmə gətirməyə səy göstərmirlər də.
Doğrudur, bu sahəni tənzimləyəcək qanun olması çox vacibdir və irəliləyiş üçün təkan
olardı.Amma digər məsələlərin də həllini tapması az əhəmiyyət kəsb etmir. Məsələn, şirkətlərdə müvafiq şöbələr yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə mütəxəssislərin hazırlanması və s. Biznes mühiti ilə yanaşı əhali də maarıfləndirilməlidir. KSM bağlı fəaliyyətin qurulması üçün ixtisaslı kadrları xaricdə hazırlamaq və yaxud Azərbaycana təlimçilər dəvət edərək daha böyük auditoriyanı əhatələmək olar.

Məqalə “AccessBank” tərəfindən keçirilən «Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu» mövzusunda müsabiqə çərçivəsində hazırlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 376