Muəllif:

«Son zəng»

Yaddaşımda iki son zəng qalıb. Birincisinin mənə birbaşa aidiyyəti yoxdu, əslində o, kiminçünsə «son zəng» idi, mənimçünsə «ilk» idi. Məktəb on birinciləri yola salırdı, bizsə onların yerini tutasıydıq. O zaman, 1964-cü ildə, məzunlar üçün bu son zəngin nə demək olduğunu başa düşmürdüm, başa düşə də bilməzdim (indi-indi başa düşməyə başlayıram). Bircə o yadımdadır ki, məktəbi bitirən qonşumuz şair Mirmehdi Seyidzadənin oğlu Elçin mənə kitab və rəngli karandaşlar bağışladı. Bilmirəm indi on birincilər birincilərə kitab bağışlayırmı?
İkinci «son zəng»sə artıq birbaşa mənim üçün idi. Məktəbi bitirirdim. Mən də, elə sinif yoldaşlarım da sevinirdik. Niyə də sevinməyəydik, indi həyatımızın yeni və zənnimizcə, ən gözəl mərhələsi başlayırdı. Düşünürdük ki, innən belə hər şey daha yaxşı olacaq, yəni qərar verməkdə tam müstəqil və sərbəst olacağıq. Eh uşaqlıq…
Amma elə həmin gündə də qərar verəsi olduq. Əvvəlki yazılarımın birində «xorla oxumaq mədəniyyəti» barədə yazmışdım, yazmışdım ki, millət olaraq birləşib bir işin qulpundan hamılıqla yapışa bilmirik. Sinfimizdə ikitirəlik yaranmışdı — iki qrupa bölünüb haqlı-haqsız davasına çıxmışdıq. Elə ona görə də məktəbdəki mərasim bitər-bitməz, hərə haqlı olduğuna tam inamla öz dəstəsinə qoşulub üz tutmuşduq bulvara. Amma özümüzü tox tutmağa çalışsaq da, canımızın yarısı o biri dəstənin uşaqlarının yanında qalmışdı. Elə bulvara çatandan da gözümüz onları axtarırdı. Hər şeyi burnumuzdan gətirmişdik — məktəbi bitirməyimizin kefini çıxara bilmirdik, çünki on il bir olan və bütöv bildiyimiz bir şeyi öz əllərimizlə parçalamışdıq…
Az sonra üz-üzə gəldik. Yol biriydi, yandan ötüb keçmək mümkünsüzdü. Qərar qəbul etmək, seçim etmək lazımdı. Bəlkə də bir çoxumuz həyatının ilk ciddi mənəvi qərarını qəbul etməliydi. O zaman bəxtimiz gətirdi, düzgün qərar verdik — bir-birimizə baxıb sözləşmədən qarşıdakılara əl uzatdıq və əlimiz havada qalmadı, «son zəng»in münasibətlərimizin sonu olmağına imkan vermədik.
Bu gün, yəni bu yazını yazdığım gün də, məktəblərdə «son zəng»dir. On birincilər sevinir, çünki qarşılarında yeni həyat, yeni imkanlar açılır. Hamı planlar qurur — universitetə girmək, oranı bitirmək, işə düzəlmək, nə bilim ailə qurmaq və daha nələr-nələr.
Televiziya kanallarındakı reportajlara yoldaşımla birlikdə baxırdıq. Hərə öz aləmində idi. Birdən yoldaşım dedi ki, gör uşaqlar bir-birinə nə arzu edir? Nə demək istədiyini az sonra anladım. Hamı bir-birinə və özünə yalnız və yalnız universitetə daxil olmağı arzulayırdı. İndi deyəcəksiniz ki, burda nə var axı? Gözəl və normal bir arzudur. Tamamilə razıyam. Elə biz də vaxtilə bir-birimizə ali məktəbə daxil olmağı arzulayırdıq. Elə daxil olduq da, amma heç də hamımız adam ola bilmədik. Bunu bu gün «son zəng» günü dərk etdim. Vaxtilə «son zəng»də bir-birimizə adam olmağı da arzulasaydıq, indi həyatımız, ətrafda baş verənlər və ətrafdakılardan bir xeyli razı olar və indi «son zəng»in kiminçünsə «əcəl zəngi»nə çevriləcəyindən qorxmazdıq.
Adam olmaq arzusu və ümidləriylə «ZƏNGİN» mübarək, millət!
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 340