SOCAR-ın Ermənistana mesajının arxasında nə durur?
SOCAR-ın Ermənistana qaz ixrac etmək təklifinin arxasında nə durur? Bu saat toplum arasında ən çox müzakirə olunan mövzu budur. Bəlli olduğu kimi, Azərbaycanın Ermənistana qaz ixracını həyata keçirə biləcəyi barədə açıqlamanıiyunun 7-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS telekanalına eksklüziv müsahibəsində bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan insanpərvər ölkədir və regional lider kimi öz rolunu dərk edir. “Ermənistan qaz məsələsində kömək üçün bizə müraciət edərsə, şübhəsiz, kömək edəcəyik”, deyə Rövnəq Abdullayev bildirib.
Turan-ın şərhinə görə, İrəvnın ünvanına hərbi ritorika nöqteyi-nəzərindən bu bəyanat çox sayda suallar doğurub. Xüsusən, aydın deyil ki, İrəvan müraciət etdiyi təqdirdə SOCAR ticari əsaslarla Ermənistana qaz nəqlinə başlaya bilərmi? Bu sualın cavabı, demək olar Dövlət Neft Şirkətinin sensasiyalı bəyanatında yer alır. Həm də o, iddia edir ki, “… şübhəsiz, kömək edəcəyik”. Yəni satacağıq. Amma burada bir “amma” var – SOCAR ticari və özəl qurum deyil, dövlət şirkətidir, onun fəaliyyəti tamamilə hökumətin nəzarəti altındadır. Başqa sözlə, SOCAR-ın müstəqilliyi “yuxarıdan” ciddi şəkildə nizamlanır, xüsusən xarici iqtisadiyyat fəalliyətində, məsələn, təbii qaz alqı-satqısında.
Nəzərə alsaq ki, Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlər yoxdur və bu ölkələr ərazi münaqişəsinə görə elan edilməmiş müharibə şəraitindədir, SOCAR rəhbərinin hazırki bəyanatına kommersiya nöqteyi-nəzərdən baxmaq olmaz. Hətta Rusiyanın Qazprom şirkətinin Ermənistan üçün qazın qiymətinin 180 dollardan 270 dollara qədər artırılması Yerevanın bu təklifə müsbət reaksiya verməsi üçün əsas ola bilməz. Baxmayaraq ki, Moskvanın bu addımı Ermənistan bazarında qazın dəyərinin 318 dollardan 376 dollara qədər artırılmasına və bunun nəticəsində Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. Qazprom-da da Ermənistanın illərlə uzanan qaz dotasiyasından narazıdırlar. İndiyədək Rusiya bu ölkəyə qazı Avropa bazarlarından iki dəfədən çox ucuz satırdı.
Bu məsələyə texniki nöqteyi-nəzərdən yanaşsaq, həqiqətən SOCAR heç bir problemsiz elə sabah Ermənistana qaz nəqlinə başlaya bilər. İş ondadır ki, SOCAR-ın yeraltı qaz anbarlarında qış dövründən sonra təxminən 2,3 mlrd. kubmetr satılmamış qaz qalıb. Ermənistanın illik tələbatı isə cəmi 1,7 mlrd. kubmetr təşkil edir.
Azərbaycan qazının Ermənistana nəqli üçün Gürcüstandan keçən qısa yol mövcuddur. Dövlət Neft Şirkəti qonşu ölkəyə iki boru kəməri ilə qaz nəql edir. Rusiya qazının Ermənistana nəqli dayanarsa, Gürcüstan-Ermənistan boru kəməri alternativ qazı doldura bilər. Gələcəkdə isə sovet dövründəki kimi, Ermənistana birbaşa Azərbaycan ərazisindən qaz nəqli təşkil etmək olar (Dağlıq Qarabağ ərazisindən, həmçinin Azərbaycanın qərbində Qazaxdan).
Abdullayevin bəyanatına ticari təklifdən daha çox siyasi təklif kimi baxmaq olar. Faktiki olaraq, rəsmi Bakı müxtəlif ünvanlara mesaj göndərib:
— Yerevana başa salınıb ki, işğal edilmiş Azərbaycan torpaqları azad edilərsə və Azərbaycanın ərazi bütövlüyü tanınarsa, Ermənistan enerji təhlükəsizliyindən narahat olmaya bilər;
— Kremlə işarə verilib ki, Bakı Rusiya ilə qaz məsələlərində, xüsusən regional bazarlarda əməkdaşlıqda maraqlıdır;
— Vaşinqtona və Brüsselə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək təklif olunub, bu, uğurlu olarsa rəsmi Bakı regionda sülh və iqtisadi əməkdaşlığın inkişafı üçün enerji potensialını həyata keçirəcək. Bundan başqa, ABŞ İrana qarşı embarqo çərçivəsində bu ölkədən Ermənistana qaz nəqlinə yol verməmək üçün bu alternativdən istifadə edə bilər.
Bu mesaj şübhəsiz Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində nəzərə alınacaq. Hazırda Qərb və Moskva Bakı və Yerevan arasında danışıqları yüksək səviyyədə bərpa etməyə çalışır.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar 2012-ci ilin yanvarında baş tutub.