SN: qızılca yayılır, diqqətli olun
Səhiyyə Nazirliyi qızılca xəstəliyinin yayılması ilə bağlı əhalini diqqətli olmağa çağırır.
Qonşu olan ölkələrdə qızılca xəstəliyi həddindən artıq qeydə alındığı üçün həmin ölkələrdən bu xəstəliklərin ölkəmizə daim gətirilmə ehtimalı var və bu xəstəliyə hər kəs yoluxa bilər. SN Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirir ki, məsələn, Gürcüstanda qızılca xəstəliyi həddindən çox qeydə alınır. Türkiyə və Rusiyada da qızılcaya yoluxma halları var.
İndiyədək Rusiyadan gətirilmə qızılca halları qeydə alınıb. Azərbaycanda aşkar olunan virusun genotipi Rusiyada baş verən xəstəliyin genotipidir. Xəstəliyi gətirən şəxslər uşaqla təmasda olduqda artıq xəstəliyi ona yoluxdururlar.
Hazırda qızılcaya yoluxma halı az da olsa qeydə alınır. Bildirilir ki, peyvəndi olmayan uşaqlar, 2006-cı ildə məxmərək və qızılcaya qarşı aparılan kampaniyada iştirak etməkdən imtina etmiş və müxtəlif səbəblərə görə peyvənd ala bilməyən böyük yaşlı əhali qızılcaya yoluxub. Buna görə də qızılcaya qarşı peyvənd olunmaq lazımdır. Xəbərdarlıq edilir ki, əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin və tibb müəssisəsinə müraciət etsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır.

