SMDT seçkidən ilkin müşahidələrini bölüşür: qüsurlar var!
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə əməkdaşlıq edən 794 nəfər müşahidəçi 9 oktyabr prezident seçkisi günü Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında seçki məntəqələrinin təşkili, səsvermə və səslərin sayılması prosesinin monitorinqini həyata keçirir. SƏM metodu seçki məntəqələrinin milli təmsilçilik əsas götürülməklə təsadüfi seçimini və seçki günü prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir. Bu metodologiya üzrə SMDT tərəfindən ölkədə 125 seçki dairəsi üzrə təsadüfi seçim əsasında 15 faiz seçki məntəqəsi seçilərək monitorinqə cəlb edilib.
SMDT son bir ay ərzində ölkənin 12 bölgəsində 978 nəfərə SƏM metdologiyası, seçki günü qaydaları və tərəfsiz müşahidəçilik üzrə davranış prinsipləri əsasında 62 təlim keçirərək, onların seçki komissiyalarında qeydiyyatına hüquqi-texniki yardım edib. Ölkə üzrə 561 nəfər Mərkəzi Seçki Komissiyasında, 226 nəfər isə Dairə Seçki Komissiyalarında akkreditasiyadan keçirilib. Təəssüflə qeyd edək ki, 74 nəfərə DSK-larda müşahidəçi vəsiqəsi verilməsindən imtina edilib.
Hazırda SMDT-nin təlim verdiyi və seçki komissiyalarında qeydiyyatdan keçmiş 794 nəfər müşahidəçi məntəqə və dairə seçki komissiyalarında prosesin gedişini izləyirlər. Müşahidəçilərə seçki günü seçki məntəqələrinin təşkili və açılması prosesini 578 seçki məntəqəsində müşahidə etmək imkan yaradılıb. SMDT təəssüflə qeyd edir ki, bəzi seçki məntəqələrində müşahidəçilərin fəaliyyətinə məhdudiyyətlər yaradılıb. Məsələn, seçki məntəqələri açılarkən 19 nəfər müşahidəçiyə 90 saylı Ağdaş, 97 saylı Goranboy-Ağdam-Tərtər, 112 saylı Qax, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki məntəqələrində müşahidə aparmağa imkan verilməyib.
Müşahidəçilərin verdiyi məlumatlara görə, ölkə üzrə seçki məntəqələrinin 92 faizi saat 7.00-dən etibarən səsvermə prosesinə hazırlıq üçün fəaliyyətə başlayıb. Ancaq səsvermə başlamazdan öncə qeydiyyatda olan seçicilərin sayı seçki məntəqələrinin 18 faizində elan edilməyib. Məntəqə Seçki Komissiyaları həmçinin alınmış seçki bülletenlərinin sayını seçki məntəqələrinin 16 faizində elan etməyiblər. SMDT narahatlıqla qeyd edir ki, seçki məntəqələrinin 27 faizində seçki məntəqəsindən kənarda səs vermək üçün olan seçicilərin sayı elan edilməyib.

