Sizi saymağa qoymayın!
Putin heç vaxt etibarlı informasiya mənbəyi olmayıb. Bütün dövlət başçıları kimi. Amma siyasət aləmində dövlət başçılarının dedikləri bəzən həqiqətdən çox əhəmiyyət kəsb edir. Çünki onlar yalanı da, doğrunu da elə-belə demirlər.
Rusiya prezidenti bakılıları maraqlı bir rəqəmlə təəccübləndirdi. Son ildə bu ölkənin Azərbaycanla ticarət dövriyyəsi nə az, nə çox — 47 faiz artıb! Xeyir ola? Gör, nə vaxtdır, alver edirik. İndi həvəsə gəldik?
Bizim Gömrük Komitəmizin məlumatına görə, 2011-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,828 milyard dollar təşkil edib. Növbəti ildə 490 milyon dollar (yəni, 17,6%) azalıb. 2013-cü ilin birinci yarısında isə təzədən artıb (ötən ilin həmin dövrü ilə müqayisədə 347 milyon dollar, yəni 33,5%), amma yenə də 2011-ci ilin müvafiq göstəricisi səviyyəsinə çatmayıb. Bəs onda Putinin 47%-i haradan çıxdı və burada söhbət ticari əlaqələrin inkişafından deyil, 2012-ci ildə yaşanmış böhranın aradan qaldırılmasından getmirmi?
Bəlkə də Rusiya tərəfi başqa cür haqq-hesab aparır: statistika möcüzəvi şeydir! Hər halda, qoy, iqtisadçılar araşdırsınlar.
Putinin ikinci rəqəmi isə bundan da maraqlıdır. Azərbaycanla əlaqələrin inkişafı barədə düşüncələrini davam etdirən qonşu ölkə prezidenti deyir:»Rusiyada bir milyondan çox azərbaycanlı işləyir, Rusiya vətəndaşlığı olanları nəzərə alsaq, onların sayı iki milyondan artıqdır».
Rusiyada işləyən və yaşayan azərbaycanlıları saymaq onilliklərdir ki, müşkül məsələyə çevrilib. 2002-ci ildə keçirilmiş əhalinin siyahıyaalmasının nəticələrinə görə, bu ölkədəki azərbaycanlıların sayı 622 min, 2010-cu ilin siyahıyaalmasına görə, 603 min nəfər olub. Üstündən iki il keçmiş Rusiya prezidentinin özü etiraf edir ki, əslində orada 2 milyondan artıq soydaşımız var — bir milyonu bizim vətəndaşımızdır, bir milyonu onların. Əsl yeridir ki, soruşasan: yaxşı, siyahıya alanda niyə bu yazıqların hər üçündən birini sayırsınız?
Yeri gəlmişkən, Putinin məlumatı bizim Diaspora ilə iş üzrə komitəmizin verdiyi məlumata az-çox uyğun gəlir (2,5 milyon). Hərçənd «şifahi xalq statistikası» Rusiyada azərbaycanlıların sayının 3 milyonu da ötdüyünü bəyan edir.
«Putinin azərbaycanlıları»nın sayını bu ölkənin rəsmi statistikası ilə tutuşduranda 2010-cu ilin oktyabr siyahıyaalması ərəfəsində müxalifətin radikal qanadının «Sizi saymağa qoymayın!» aksiyası yadıma düşdü. «Başqa Rusiya» koalisiyası bu şüarını birbaşa parlament və prezident seçkiləri ilə bağlayırdı:»Əvvəlcə vətəndaş statusumuzu, istədiyimiz adamı seçmək hüququnu özümüzə qaytarın, sonra siyahıyaalanlarla söhbət edəcəyik». Onlar Statistika Komitəsinin istefaya getmiş keçmiş rəhbəri Vladimir Sokolinin 11 illik sükutdan sonra dözməyib dilə gətirdiyi sözləri də misal çəkirdilər: «Hökumət siyahıyaalmanın nəticələri ilə manipulyasiya edir».
Müxalifətin digər qanadı isə, əksinə, manipulyasiyalara imkan verməmək üçün siyahıyaalma prosesini nəzarətdə saxlamağa çağırırdı.
Axırının necə olduğunu Putinin Rusiyadakı azərbaycanlıların sayı barədə Bakıda dediklərindən başa düşərsiniz, yəqin.
Biz də seçkilər ərəfəsindəyik. Məni maraqlandıran odur ki, Rusiyada nə qədər «səsimiz» var? Əgər söhbət 603 min soydaşdan gedirsə, bunun da bir hissəsi xarici ölkə vətəndaşı, bir hissəsi seçici yaşına çatmamış colma-cocuqdursa, bu, bir məsələdir. Yox, əgər Putin nə məqsədləsə həqiqəti deyibsə və Rusiyada bir milyondan artıq işləyən (işləyən — deməli, həddi-büluğa çatmış) vətəndaşımız varsa, bu, başqa məsələdir. Seçicilərin 20 faizindən çoxu deməkdir!
Sizi bilmirəm, nədənsə, mən inanmıram ki, oktyabr ayında Rusiyadakı həmyerlilərimiz iş-güclərini atıb vətəndaş borclarını yerinə yetirmək üçün Azərbaycana axışacaqlar.
Bəs elədə onları orada kim sayacaq, necə sayacaq: Rusiya Statistika Komitəsi kimi, Putin kimi, yoxsa bizim Diaspora Komitəmiz kimi? Onların səsini harada və kim hesablayacaq, necə bölüşdürəcək?
Və ümumiyyətlə, görəsən, biz düz saymağı (tək insanları yox, həm də onların səslərini) öyrənməsək, demokratiya olmayacaq, yoxsa demokratiya olmasa, düz saymağı öyrənməyəcəyik?
[email protected]