Muəllif:

Siyasi iradəyə inanmaq olarmı?!

Ankara
Kimliyindən asılı olmayaraq, hər bir fərd vətəndaşı olduğu dövlətin hüquq-mühafizə orqanlarına və bütövlükdə iqtidarına güvənməlidir. Vətəndaşda bu güvən hissi olmadan cəmiyyət-dövlət münasibətlərində hətta qismən belə harmoniya yaratmaq mümkün deyil. Əslində dövlət öz davranışı ilə vətəndaşda özünə güvən yaratmalıdır. İlk baxışdan burada mürəkkəb heç nə yoxdur. Əslində cəmiyyət-dövlət, hakimiyyət-vətəndaş münasibətlərindəki harmoniyanın səviyyəsi bu bəsit formulun gerçək həyatımıza nə dərəcədə inikas etməsindən asılıdır. Bu sistemin ünsürləri də çoxdan məlumdur — vatəndaşlarda güvən hissinin yaradılmasını qarşısına məqsəd qoymuş siyasi iradə, insanların hüquq və azadlıqlarını güvənc altına alan qanunvericilik və nəhayət, qanunvericiliyin gerçək həyatımıza inikasını təmin edən, yəni onun keşiyində duran hüquq-mühafizə və məhkəmə sistemi. Gördüyümüz kimi, siyasi iradənin mövcudluğu ilkin şərtdir. Yəni siyasi iradə olmasa, təəssüflər olsun ki, vətəndaşda güvənc hissini yaradacaq sistemin işlək olması mümkün deyil. Təəssüflər olsun ki, bu günlərdə Azərbaycanda və qardaş Türkiyədə siyasi iradənin vətəndaşda bu güvənci yaratmaqda maraqlı olmadığını sübut edən hadisələrə şahidlik etdim.
Azərbaycanda iyunun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları Rasim Əliyev və Mehman Hüseynov peşə fəaliyyətini yerinə yetirərkən polisin fiziki təzyiqinə məruz qaldılar. R.Əliyev «Turan»a bildirib ki, hadisə bir qrup gəncin Bakının mərkəzindəki Nizami küçəsində Türkiyəyə dəstək aksiyası zamanı baş verib. «Mən polisin aksiya iştirakçısı olan qızla mübahisə etdiyini və qızı təhqir etdiyini çəkirdim. O, mənim üstümə gəldi və «sən kimi çəkirsən» deyib yumruqlamağa başladı», — deyə R.Əliyev qeyd edib. Onun sözlərinə görə, üzərində «press» sözü yazılmış gödəkçə də olub. Digər reportyor Mehman Hüseynov bütün bunları çəkə bilib. Onun sözlərinə görə, polis komandiri kameranın onun əlindən alınmasına və kadrların silinməsinə göstəriş verib. Lakin M.Hüseynov qaça bilib.
Media Hüququ İnstitutunun təmsilçisi Xalid Ağaliyev polisin hərəkətini ifadə azadlığının və jurnalistlərin hüquqlarının ciddi məhdudlaşdırılması kimi qiymətləndirib. «Jurnalistlərə basqılar Cinayət Məcəlləsinin 163-cü maddəsi üzrə məsuliyyət yaradır. Polis əməkdaşlarına qarşı cinayət işi qaldırılmalıdır», — deyə X.Ağaliyev bildirib.
Öz növbəsində DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə əvvəlcə «Turan»a zorakılığa məruz qaldığını iddia edən jurnalistin polisə müraciət etməli olduğunu bildirib. Bundan sonra iş araşdırılacaq və ona hüquqi qiymət veriləcək. Bir neçə gündən sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) bildirdi ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları Rasim Əliyev və Mehman Hüseynov, həmçinin ANS TV-nin əməkdaşları Elnarə Məmmədova və Firuz Ağayevə fiziki təzyiq faktlarını araşdıracaq. Açıqlamada həmçinin bildirilirdi ki, «araşdırma başa çatdıqdan sonra müvafiq tədbirlər görüləcək və qanunu pozanlar cəzalandırılacaq». İndə isə qardaş Tükiyəyə keçək.
Türkiyədə
Son günlərdə qardaş Tükiyəni kütləvi etiraz aksiyalarının bürüdüyü hamımıza məlumdur. Bu günlər ərzində bütün Türkiyə polisin davranışı ilə bağlı yüzlərlə xoşagəlməz hadisənin şahidi oldu. İzmirdə baş vermiş iki hadisənin üzərində durmaq istəyirəm.
Çevik polis alayının 4-5 əməkdaşı dəniz kanarında oturub söhbət edən bir neçə gəncə yaxınlaşır. Çevik polis alayının əməkdaşları heç bir izahat vermədən bu gəncləri dəyənəkləməyə başlayırlar. Polis nəfərlərindən birinin bundan sonra da hirsi soyumur. Gənc bir qızın, demək olar ki, yeniyetmənin saçını əlinə dolayıb küçə boyu sürüməyə başlayır.
İkinci olay bundan da dəhşətlidir. Keçən həftə ərzində bir qrup mülki geyimli şəxs İzmir küçələrini dolaşıb ağına-bozuna baxmadan qarşısına çıxan insanları kötəkləyirdi. Özü də taxta kötəklərlə. Sonradan İzmir polis rəisi etiraf etdi ki, taxta dəyənəkləri ilə İzmir əhalisinin ödünü ağzına gətirən bu mülki geyimdəki adamların hamısı polis əməkdaşlarıdır.
İyunun 5-də jurnalistlərin bu və bu kimi digər hadisələrlə bağlı görülmüş tədbirlər haqqında suallarına Türkiyə daxili işlər naziri Muammər Gülərin cavabı Bakı Şəhər Baş Polis İdarəsinin açıqlamasından heç nə ilə fərqlənmədi: «Araşdırırıq».
Məni dəhşət bürüdü. Anladım ki, Türkiyə, Azərbaycan qədər olmasa da, amma yenə də demokratik, hüquqi dövlət olmaqdan çox uzaqdır.
Soruşa bilərsiniz ki, məni dəhşətə gətirən nədir? Polis hər iki halda, özü də Türkiyədə ən yüksək səviyyədə hadisələrin araşdırılacağını və günahkarların cəzalandırılacağını vəd edib. Bundan artıq nə ola bilər ki?!
Necə də dəhşətə gəlməyim? Məsələ ondadır ki, həm Bakı, həm də İzmirdə baş vermiş yuxarıda haqqında danışılan hadisələrin videogörüntüləri mövcuddur. Ən maraqlısı ondadır ki, bu videogörüntülər yalnız polisə təqdim olunmayıb. İnternet ortamında da yayımlanıb.
Məsələn, Bakıda baş vermiş hadisə ilə bağlı videogörüntülərdə polis əməkdaşının heç jurnalisti demirəm, sıradan bir vətəndaşı küçə söyüşləri ilə təhqir etdiyi eşidilir, peşəkar boksçu kimi onun çənəsinə yumruqla zərbə endirməsi aydın görünür. Bundan sonra «araşdırırıq» bəyanatı ilə çıxış etmək darvazaları açıq olan məscidin qapısını döymək kimi bir şeydir.
Gənc bloqqerlər Ədnan Hacızadə və Emin Millinin başına gələnləri yada salaq. O zaman polis heç bir videogörüntü olmadan, bir neçə saat ərzində baş vermiş dava-dalaşda məhz bu iki gəncin «günahkar» olduğunu «araşdırıb tapdı».
İndi isə sizi əmin edə bilərəm ki, hər şey gün kimi aydın olan həm Türkiyə, həm də Azərbaycanda baş verən bu hadisələr «sonsuza qədər» «araşdırılacaq».
Bu isə o deməkdir ki, sistem vətəndaşın şəxsiyyətinə, malına-dövlətinə qarşı dövlət adında və dövlət adından törədilmiş cinayətlərdən qorumaq imkanına malik deyil. Çünki dövlət adına vətəndaşa qarşı törədilən, demək olar ki, bütün cinayətlər siyasi iradənin maraqlarına xidmət edir. Bu halda siyasi iradənin sistem üzərində basqısı mütləq və ya mütləqə yaxın olduğu ölkələrdə vətəndaşın hüququnu müdafiə edə biləcək heç bir mexanizm qalmır. Yəni vətəndaş tam aydınlığı ilə dərk edir ki, onu güvənc altına ala biləcək heç bir qanun, onun pənah apara biləcəyi heç bir dövlət orqanı yoxdur. Əsl dəhşət bundan sonra başlayır…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 304