Muəllif:

Siyasi-ideoloji pariklər

Ankara

Türkiyə parlamentinin tarixində ilk dəfə olaraq qadın deputatlar parlamentin iclasına hicabda gəliblər. Bu barədə Türkiyə KİV-i cümə axşamı məlumat yayıb. Sentyabrın 30-da baş nazir Rəcəb Tayyib Ərdoğanın açıqladığı islahatlar paketinə görə, Türkiyə Respublikası yaradıldığı vaxtdan dövlət müəssisələrində hicaba qoyulan qadağa aradan qaldırılıb. Oktyabrın 8-də qərar qüvvəyə minib. Bundan sonra hakim Ədalət və İnkişaf Partiyasından olan qadın deputatlar iclas zalına hicabda gəliblər.
Türkiyə cəmiyyəti bu yeniliyin tərəfdarlarına və əleyhdarlarına parçalanıb. Əleyhdarlar hesab edirlər ki, bu cür addımlar ölkənin islamlaşmasına aparır və Atatürkün tətbiq etdiyi dünyəvi Türkiyə prinsiplərinə ziddir. Cümə axşamı iclasda müxalifətdə olan Xalq Cümhuriyyət Partiyasından deputat Dilək Atagün Yılmaz nümayişkaranə şəkildə pencəyini çıxarıb. Onun əynində üzərində Atatürkün portreti olan mayka olub. Əslində bu bir ilk deyildi. Belə bir cəhd 1999-cu ildə olmuşdu. Həmin il keçirilən parlament seçkilərində islamçı Fəzilət Partiyasından Türkiyə Böyük Millət Məclisinə seçilmiş Merve Kavakçı parlamentin binasına başıörtülü girməyə cəhd etdi. Hətta iclas salonuna girdi də. Amma oradan qovuldu.
Və 14 il sonra belə bir addım yenidən atıldı. Bir çoxları bunu az qala bir dinc inqilab kimi dəyərləndirirlər. İlk nəzərdən doğrudan da belədir. Türkiyənin Cümhiriyyət dönəminin şərəfli günləri ilə yanaşı qaranlıq, dəhşət saçan səhifələri də olub. Başörtülü qadınların təhsil, əmək haqqı belə pozulub. Onları universitetlərin qapısından içəri buraxmırdılar. Onları dövlət və bələdiyyə orqanlarında işə götürmürdülər. Öz təhsil, əmək haqqlarından istifadə etmək üçün inanclı insanlar ağlasığmaz vasitələrə əl atmaq məcburiyyətində qalırdılar. Dünənə qədər dövlət qurumlarında çalışan başı parikli gənc qadınlara rast gəlmək mümkün idi. Türkiyədə yaşamağa başladığımız ilk dövrlərdə bunun səbəbinin bilmirdim. Soruşmağa isə utanırdım. Axı yayın cırhacırında gənc qadınların, qızların parikdən istifadəsini başa düşmək çox çətindir. Sonradan bir yaxın dostumuzdan soruşdum. O başa saldı ki, bu dindar insanların gerçək həyata «adaptasiya» olunmaq üçün istifadə etdiyi bir vasitədir. Sən demə Türkiyədə siyasi-ideoloji parik anlayışı da varmış.
Amma düz bir ay öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan «demokratikləşmə paketi»ni açıqladı. Bu «demokratikləşmə paketi»ndə çox məsələlərə toxunulur. Amma bu gün söhbət başörtüsündən gedir. Bu «demokratikləşmə paketi» ilə qadınlara başörtüsü yasağı qaldırıldı. İndi «başörtüsü yasağı» yalnız polisdə, məhkəmədə və prokurorluqda saxlanılıb. Sözsüz ki, qadınların hüquqlarının qorunması baxımından çox böyük qələbədir. Amma demokratiyanın qələbəsi deyil.
Ümumiyyətlə düşünürəm ki, Türkiyədə, lap Azərbaycanda olduğu kimi başörtülü qadınlar, digər sosial və inanc qrupları problemi yoxdur. Düşünürəm ki, Türkiyənin ən böyük problemi bütövlükdə cəmiyyətin demokratik dəyərləri mənimsəməkdə hələ də zorluq çəkməsidir.
Hakim Ədalət və Qalkınma Partisi (AKP) «başörtüsü yasağı»nı çoxdan qaldıra bilərdi. 2002-ci ildə hakimiyyətə gələndə AKP parlamentdə konstitusion çoxluğa malik idi. Amma bunu etmədi. Çünki dövlət çevrilişindən, növbəti dəfə qadağan olunmasından qorxurdu. 11 il gözlədi. Orduda, məhkəmə orqanlarında «təmizlik» aparandan sonra bu məsələni gündəmə gətirdi. Amma bu 11 ilin ərzində «başörtüsü yasağı» arqumentindən bütün seçkilərdə geninə-boluna istifədə etdi. Düşünmürəm ki, iki gün öncə o 4 başörtülü qadın millət vəkilinin (bizim deputatlardan fərqli olaraq, onların doğrudan da bu adı daşımağa tam haqqı var) qovulmamasının əsas səbəbi «dünyavi dövlət tərəfdarlarının» bu problemə yanaşma tərzinin dəyişməsi və ya azlıqda olmaları idi. Onlar 2002-ci ildən başlayaraq həmişə müxalifətdə idilər. Amma onlar bu gün arxalarında ordu, Konstitusiya Məhkəməsi kimi dev güclərin qalmadığını çox gözəl anlayırlar.
Və nəhayət, düşünürəm ki, baş verənin qadın haqları ilə də elə bir əlaqəsi yoxdur. Əgər Türkiyədə qadın haqları doğrudan da dəyərli olsaydı, Gəzi etirazlarının simvoluna çevrilmiş əlində topu-tüfəngi bir yana, hətta zopası belə olmayan «qırmızı paltarlı qadın»ı polis təcavüzündən heç olmasa iki gün öncə parlamentə başörtülü gəlmək haqqını qazanan millət vəkilləri müdafiə edərdilər. Əslində baş verənlər qaliblərin təntənəsindən başqa bir şey deyildir. Yəqin ki, Türkiyənin demokratik dəyərlərin təntənəsinə gedən yolu budur. Ağrılı yoldur. Amma təməli belə qoyulub. İnsanların düşüncə tərzini dəyişmək o qədər də asan deyil.
Lakin bizim gözü çıxmış qardaşımızdan dərs almaq imkanımız var. Çox bəsit bir həqiqəti anlamaq lazımdır: insanları siyasi-ideoloji pariklərdən istifadə etmək məcburiyyətində qoymaq zərurəti yoxdur…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 367