Şıx və Sahil çimərliklərindən uzaq olun!
Bakı şəhər çimərliklərinin yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ETSN Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.
SN rəsmi saytı bildirir ki, Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə, Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri başa çatdırılmadığından, təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olub. Qeyd olunan nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilib, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub.
Laboratoriya müayinələri zamanı Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
2013-cü il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, «Sanitariya-Epidemioloji Salamatlıq haqqında» Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonunun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş 07.06.2010-ci il tarixli, 83N-li qərar qüvvədə saxlanılıb.

