Şirvan parkında yanğın davam edir: 100 hektar ərazi yanıb
İyunun 27-də Ələt-Astara yolu boyunca yerləşən Şirvan Milli Parkında (Bakıdan təxminən 100 km cənubda) güclü yanğın baş verib. “Demokratiyaya yardım” ictimai birliyinin rəhbəri Emil Məmmədovun Turan-a verdiyi məlumata görə, yanğın quru otun alışması ilə başlayıb və qısa müddət ərzində 100 hektardan çox ərazini əhatə edib.
Ekologiya Nazirliyinin mətbuat xidmətinin versiyasına görə, yanğın park ərazisindən “Salyan Oil” şirkətinin benzindaşıyan maşınının keçməsindən dərhal sonra baş verib. Lakin şirkətin sahə rəisi Balakişi Bağırov bu məlumatı təkzib edib. Onun sözlərinə görə, qoruqda baş vermiş yanğın haqqında məhz benzindaşıyan maşının sürücüləri xəbər veriblər.
Hazırda yanğın davam edir. Yanğın yerinə ona yaxın yanğınsöndürən maşın gəlib.
Qeyd edək ki, Şirvan parkı Cənubi Qafqazda ən çox ceyranın yaşadığı yerdir. Bəzi qiymətləndirmələrə görə, burada ceyranların sayı 5-8 minə çatır.

