Siqaret çəkməyən məşhurlar aksiyada
«Addım» yaradıcı gənclər assosiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə Park Cinema kinoteatrlar şəbəkəsində 31 May Beynəlxalq tütün əleyhinə müdafiə günündə “No Smoking” Film Festival gerçəkləşəcək. Siqaret əleyhinə çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində silsilə sosial aksiyaların gerçəkləşdirilməsi də düşünülüb.
Qeyd edək ki tədbirdə təşkilatçı qismində daim siqaret əleyhinə mübarizə aparan xalq artisti Brilliant Dadaşova da iştirak edir. Festivalın bu yaxınlarda geniş kütləyə təqdim olunacaq videorolikində siqaretdən istifadə etməyən məşhurlar, Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Sabina Babayeva, Elnarə Xəlilova, Firdövsi Atakişiyev, Azəri qızı Günel, Elnur Məmmədov, Hüsniyyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Felix Vişnevetski, Elza Seyidcahan və başqaları çəkilib.
Festivalın gedişatı və şərtləri barədə məlumat 22 apreldə mətbuat konfransında açıqlanacaq. Festivalın direktoru Hüseyn Cavadzadə AYNAya bildirib:
«Mən artıq 5-ci ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıram, gənclərin bu mövzuya marağı çox böyükdür, həm də, bu gün bütün dünyada tütün əleyhinə mübarizə aparılır. Biz də «Addım» yaradıcı gənclər assosiyası olaraq belə qərara aldıq ki, bu mövzunu gənc kinematoqrafçılar arasında da aktuallaşdıraq. İnanıram kı, 31 mayda Park Cinemada Festivalın qala gecəsində çox keyfiyyətli bir layihə ilə qarşılaşacaqsınız».