Muəllif:

I siniflə bağlı yeni təklif hazırlanıb

Təhsil Problemləri İnstitutu (TPİ) Azərbaycanda beşyaşlıların məktəbə hazırlığı ilə bağlı yeni təklif hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Bunu TPİ direktoru Abdulla Mehrabov deyib. Onun sözlərinə görə, bu təklif Təhsil Nazirliyinin sifarişi ilə «Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılmasının istiqamətləri» üzrə apardığı tədqiqatlar nəticəsində hazırlanıb.
Mehrabov deyib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı azdır. Buna görə də məktəblərdə uşaqların məktəbəhazırlığı üçün kiçik qruplar təşkil olunmalıdır. Bu qruplarda uşaqların məktəbəhazırlığı üçün az müddətə müəyyən tədbirlər həyata keçirilməlidir. Belə qruplar məktəblərdə dərsdən sonra, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərdə VI gün, yaxud məktəblərin yay tətili müddətində təşkil oluna bilər. Deyir:
«Burada söhbət uşağın əlifbanı öyrənməsindən deyil, onun psixoloji, fizioloji durumunun hazırlığından gedir. Dünyada elə ölkə var ki, orada 5 yaşlıların məktəb hazırlığı 85-90 faiz təmin olunub. İsraildə 5 yaşlılar məktəbəhazırlıq keçmirsə, I sinfə qəbul oluna bilməzlər».
O qeyd edib ki, Azərbaycanda da uşaqlar məktəbəhazırlığı keçməli, bundan sonra I sinfə qəbul olunmalıdır. Bunun üçün də dövlət səviyyəsində belə qruplar təşkil edilməlidir. Ancaq əgər uşağın məktəbəhazırlıq keçməsi mümkün olmasa, bu halda da o, I sinfə qəbul olunmalıdır. Çünki, Azərbaycan Konstitusiyasına görə, ölkədə bütün uşaqlar 6 yaşından təhsilə cəlb olunmalıdır.
Təklif edilir ki, bəzi məktəblərdə təşkil olunan I siniflərin sayı çox olur. Həmin siniflərə məktəbə uşaq bağçasından, məktəbəhazırlıq qrupundan və heç bir hazırlıq keçmədən gələn uşaqlar daxil edilir. Buna görə də məktəblərdə I sinfi formalaşdırarkən seçim aparılmalıdır. Mehrabov əlavə edir:
«Məktəb təliminə keçməyən uşaqlar bir qrupda cəmləşdirilməlidir. Onlara təhkim olunmuş müəllim, eyni zamanda, uşaqların psixoloji durumunu tədqiq etməlidir. Uşaq getdikcə fəallaşdıqca həmin qrupdan başqa qruplara keçirilməlidir».
Təhsil naziri Misir Mərdanov TPİ-nin müsabiqədən keçməyən bəzi uşaqların da lisey-məktəblərin I sinfinə qəbul edilməsi barədə təklifinə münasibət bildirib. Deyib ki, «TPİ-nin təklifi yaxşıdır, amma bunun mexanizmi düşünməlidir. Mexanizmi hazırlansa, mən buna etiraz etmərəm».
Mərdanov, bununla belə, şagirdlərin orta mətkəblərin I sinfinə müsabiqə yolu ilə qəbuluna tərəfdar olduğunu da deyib. O bildirib ki, Azərbaycanda həm adi ümumtəhsil orta, həm internat, həm də lisey-məktəblər var. Ancaq digər məktəblərdən fərqli olaraq, lisey-məktəblərdə çalışan müəllimlərin əməkhaqqı digər məktəblərdə işləyənlərdən 15 faiz yüksəkdir. Nazir deyir:
«Təhsilin keyfiyyəti yüksək olan məktəblərə lisey statusu veririk. O məktəblərə də şagirdlər seçmə yolla qəbul edilir. Əgər keyfiyyət axtarırıqsa, onda seçim üsuluna getməliyik. Ancaq, eyni zamanda, bizim borcumuzdur ki, Azərbaycanda bütün uşaqların icbari orta təhsil almasına şərait yaradaq». Yeri gəlmişkən, Mehrabov Azərbaycanda orta məktəb şagirdləri arasında repetitorluğun yayılmasında TQDK tərəfindən ali məktəblərə qəbul imtahanlarının bir neçə fənn üzrə keçirilməsinin də rolu olduğunu düşünür.
Mehrabov «Trend»ə bildirib ki, TQDK tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirəcək: «Nə qədər ki, TQDK ali məktəblərə qəbul zamanı biliyin qiymətləndirilməsini ayrı-ayrı fənlər üzrə aparacaq, o zaman repetitorluq olacaq və daha da güclənəcək».
O bildirib ki, bunun qarşısını almaq üçün TQDK biliyin qiymətləndirilməsinin yeni modelinə keçməlidir. İnstitut direktorunun sözlərinə görə, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edər. Şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır.
«Humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir», — Mehrabov əlavə edib.
Öz növbəsində,TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə deyib ki, orta məktəb şagirdləri arasında repetitorluq hələ buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən keçirildiyi zamandan mövcud olub. Onun sözlərinə görə, bu gün repetitorluq yalnız 10-11-ci sinif şagirdləri arasında deyil, I sinif şagirdləri arasında da geniş şəkildə yayılıb. Nağızadə hesab edir ki, buna görə də repetitorluğun belə geniş yayılmasının səbəbini qəbul imtahanlarının bir neçə fənn üzrə keçirilməsində deyil, tədrisin təşkilində axtarmaq lazımdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 436